Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-546/2020 07.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı “xxxxxxxxx” ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 879.05 ABŞ dolları əsas borc, 655.73 ABŞ dolları faiz borcu, 772.23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixdən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 298.6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 2605.61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 3800 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxx 2020-ci il tarixədək Cavabdeh1 banka kredit müqaviləsi üzrə 879.05 ABŞ dolları əsas borc, 655.73 ABŞ dolları faiz borcu , 772.23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixdən xx xxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 298.6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2605.61 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddiaçı bank məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı “xxxxxxxxx” ASC məhkəməyə teleqram vuraraq işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etdi və izahatında göstərdi ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 3800 ABŞ dolları kredit götürmüşdür. Kredit borcundan hər ay 213 ABŞ dolları olmaqla 11 ay ödəniş etmişdir. Sora maddi imkanının aşağı düşməsi səbəbindən kredit ödənişində gecikmələr yaranmış və borcunu ödəyə bilməmişdir. İddiaçı bank ona yüksək məbləğdə cərimə hesablamışdır. Məhkəmədən cərimə məbləğinin azaldılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etdi və izahatında göstərdi ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 3800 ABŞ dolları kredit götürmüşdür. O, həmin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 zamin durmuş və bankla aralarında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əvvəllər kredit borcunu vaxtında ödəsə də, sonradan ödəniş edə bilməmişdir. Məhkəmə cavabdehləri dinləyib, işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi cərimənin ödənilməsi hissəsində qismən, qalan hissədə tam təmin edilməlidir. Belə ki, işdə olan cavabdehlərə aid şəxsiyyət vəsiqələrinin surətilərindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşdə olan xx.xx.2014-cü il tarixli, bank hesabı, kredit və zaminlik müqaviləsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyət daşımağı üzərilərinə götürmüşdür. İşdə olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idatəri tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı İKB ASC-nin adı dəyişərək “xxxxxxxxx” ASC olmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 “xxxxxxxxx” ASC-yə xx.xx.2014-cü il tarixli, bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə borcu 879.05 ABŞ dolları məbləğində əsas borc, 655.73 ABŞ dolları məbləğində faiz borcu, 772.23 ABŞ dolları məbləğində cərimə borcu və illik 5 faizlə hesablanmış 298.6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2605.61 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İşin faktiki hallarından məlum olur ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı kredit borcunun və faizin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı işin faktiki hallarını, kreditorun əmlak mənafelərini nəzərə alaraq tələb edilən 772.23 ABŞ dolları məbləğində cərimənin 40 ABŞ dollarınadək azaldılmasını ədalətli və qanunauyğun hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının iddia tələbinə “ödənişin gecikməsinə görə əldən çıxmış fayda olaraq 298.6 ABŞ dolları pul” tələbinə dair hissəsində hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulan normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona qaytarmalı olduğu pul vəsaitini gecikdirdiyinə görə faydalanmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edərək onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh2 xx.xx.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin olduğundan və sonuncu kredit müqaviləsi üzrə öhdəliyi icra etmədiyindən o, iddiaçı qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli qərarının izahına əsasən Mülki Məcəllənin 439.2-ci maddəsinə görə, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 879.05 ABŞ dolları məbləğində əsas borc, 655.73 ABŞ dolları məbləğində faiz borcu və 40 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1574.78 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə manata olan məzənnə hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxxxxxxx” ASCnin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 879.05 ABŞ dolları məbləğində əsas borc, 655.73 ABŞ dolları məbləğində faiz borcu və 40 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1574 (bir min beşyüz yetmiş dörd) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində borc qətnamənin icra olunduğu günə manata olan məzənnə hesabı ilə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-546/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-546/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver