Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-553/2023 18.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sökülmüş metal tor hasarın cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş, A№ 410414 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 997.46 kv.m həyətyanı torpaq sahəsinin ətrafına çəkdiyi və cavabdehin qanunsuz olaraq sökdüyü metal tor hasarın (setkanın) Cavabdeh tərəfindən cavabdehin vəsaiti hesabına bərpa edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli, 03 nömrəli qərarı ilə ona ünvan 1 ünvanında 997.46 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə A № 410414 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin ünvanda özünə məxsus fərdi yaşayış evi vardır. O, torpaq sahəsinin ətrafına 1 metr hündürlüyündə daş hasar, onun üstündən isə metal tor hasar (setka) çəkmişdir. Cavabdeh qonşuluqda yaşayır. Cavabdeh 2023-cü ilin aprel ayının ortalarında ona məxsus torpaq sahəsinin ətrafına çəkmiş olduğu metal tor hasarı təxminən 40-50 metr uzunluğunda özbaşına olaraq söküb dağıtmışdır. Bu barədə fotoşəkilləri ərizəsinə əlavə etmişdir. Nəticədə cavabdeh ona maddi ziyan vurmuş və mülkiyyət hüquqlarını pozmuşdur. Odur ki, ona məxsus torpaq sahəsinin ətrafına çəkmiş olduğu və cavabdeh tərəfindən özbaşına olaraq sökülmüş metal tor hasarın cavabdehin hesabına bərpa edilməsini tələb edir. Ona görə də hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmalı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildridi ki, iddiaçı tərəfindən çəkilmiş metal tor setkanı o sökməmişdir. O, öz torpaq sahəsinin ətrafına çəkilmiş metal tor setkanı sökmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İşdə olan X2 kitabında xx.xx.2012-ci il tarixdə 1367 nömrə ilə uçota alınmış A № 410414 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə İddiaçı Gədəbəy şəhəri ərazisində 997.46 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan foto şəkillərdən görünür ki, torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarların üzərindən çəkilmiş metal tor hasarlar sökülərək yerə atılmışdır. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, mübahisə predmeti olan hasarın çəkildiyi torpaq sahəsi Gədəbəy şəhəri, Sabir küçəsində yerləşir. Həmin torpaq sahəsinin ətrafına təxminən 1 metr hündürlüyündə daş hasar çəkilmiş və həmin daş hasarın üzərindən metal tor hasar çəkilməsi üçün dirəklər qoyulmuşdur. Daş hasarın üzərindən çəkilmiş metal tor hasar sökülərək yerə atılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı və torpaq sahəsinin ətrafına çəkilmiş metal tor hasar cavabdeh tərəfindən sökülməli və cavabdehin bu hərəkətləri qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə X2 kitabında xx.xx.2012-ci il tarixdə 1367 nömrə ilə uçota alınmış A № 410414 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında İddiaçı Gədəbəy şəhəri ərazisində 997.46 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq həmin torpaq sahəsinin ətrafına daş hasarın üzərindən çəkilmiş metal tor hasarın cavabdeh tərəfindən qanunsuz olaraq söküldüyünü iddia etmiş və həmin metal tor hasarın cavabdehin hesabına bərpa edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən metal tor hasarın çəkildiyi torpaq sahəsinin iddiaçıya məxsus olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə verilmiş torpaq sahəsinin olması mübahisələndirilmir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan hasarın çəkildiyi torpaq sahəsi Gədəbəy şəhəri, Sabir küçəsində yerləşir. Həmin torpaq sahəsinin ətrafına təxminən 1 metr hündürlüyündə daş hasar çəkilmiş və həmin daş hasarın üzərindən metal tor hasar çəkilməsi üçün dirəklər qoyulmuşdur. Daş hasarın üzərindən çəkilmiş metal tor hasar sökülərək yerə atılmışdır. Cavabdeh yerində müayinə zamanı və məhkəmə iclasında həmin metal tor hasarın onun tərəfindən sökülmədiyini bildirmişdir. Odur ki, iddiaçıya məxsus torpaq sahəsinin ətrafına çəkilmiş metal tor hasarın sökülməsi müəyyən edilsə də, həmin metal tor hasarın cavabdeh tərəfindən sökülməsi məhkəmə iclasında və iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiqini tapmır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “sökülmüş metal tor hasarın cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “sökülmüş metal tor hasarın cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-553/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-553/2023
18.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver