Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-567/2025 05.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4- 3-cü bənddə qeyd edilir ki, alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddiası yalnız 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna əsaslandığı üçün həmin iddiaya iddia icraatı qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbuldan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(042)-567/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-567/2025
05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver