Məhkəmə qərarları › İş №2(042)-569/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-569/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-569/2025 06.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 7500 manat alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, 2024-ci ildə Jiquli markalı maşınını 3500 manata satmış, yeni avtomobil almaq istəmişdir.Bu məqsədlədə 3500 manatdan əlavə 4000 manat borc edərək, cəmi, 7500 manat götürüb kürəkənilə birlikdə 06 oktyabr 2024-ci il də Sumqayıt şəhər avtomobil satışı bazarına getmişdir.Bazarda Khazar-Samand minik avtomobilinə baxaraq almaq istəmiş, avtomobilin sahibinə yaxınlaşaraq, neçəyə satılmasını və avtomobilin vəziyyəti barədə maraqlanmışlar. Avtomobili görüb bəyəndikdən sonra sahibi ilə maşını almağa razılaşmışlar. Onlar maşının sahibi Cavabdeh ilə birlikdə 1 saylı Sumqayıt Şəhər Regional Asan Xidmətə gedərək, etibarnamə əsasında maşını alqı-satqı etmiş, cavabdehə 7500 manat vermişdir.12 noyabr 2024-ci il tarixdə ona məlum olmuşdur ki, etibarnamə ləğv edilmişdir. Bununla əlaqədar o, cavabdehə zəng etmiş, cavabdeh bildirmişdir ki, etibarnaməni o, ləğv etməmişdir. Bundan sonra Zəngilan Rayon Məhkəməsinin qərardadı ilə avtomobilə həbs qoyulmuş, avtomobil ondan alınmış və X1 verilmişdir. O, dəfələrlə cavabdehdən pulu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu qaytarmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomabili 06 oktyabr 2024-cü il tarixdə iddiaçıya 7500 manata satmış, lakin iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamamış, abvtomobili sərəncamvermə hüququ verilməklə etibarnamə ilə iddiaçıya vermişdir. Lakın iddaçı həmin vaxtdan keçən müddət ərzində avtomobili öz adına səndləşdirməmiş, Namiq Cəbrayılov etibarnaməni ləğv etdikdən sonra məhkəmə qərarı ilə avtomobilin üzərinə həbs qoyulmuş, avtomobil iddiaçıdan alınmış və duracağa yerləşdirilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Etibarnamədən görünür ki, Cavabdeh 06 oktyabr 2024-cü il tarixdə “Khazar Samand” minik markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək hüququ ilə İddiaçı vermişdir. İşdə olan Zəngilan Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 16(034)-1/2025 saylı qərardadından görünür ki, “Khazar Samand” minik markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə baxılması üçün 96 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Məcəllənin 573.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması, o cümlədən, mübahisə üzrə faktiki halları təsdiq edən cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, tərəflər arasında əslində alğı-satqı müqaviləsi bağlanılmış, lakin bu müqavilə istifadə müqaviləsi ilə pərdələnmişdir. İddiaçı cavabdehə 7500 manat ödəyərək, əmlakı almış, lakin həmin əmlakın cavabdehə məxsus olmadığı, əmlaka üçüncü şəxsin hüquqlarının olduğu müəyyən edilmiş, əmlak iddiaçıdan alınmış, iddiaçının cavabdehdən ona əmlakın al\ı-satqısı ilə əlaqədar ödədiyi pulu tələb etmək hüququ yaranmışdır. Yəni, cavabdeh özünə məxsus olmayan əmlakı iddiaçıya satmaqla onun hesabına əsassız varlanmışdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 7500 manat və ödənilmiş 96 manat dövlət rüsumunun əvəzi, cəmi, 7596 manat alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7500 manat və ödənilmiş 96 manat dövlət rüsumunun əvəzi, cəmi 7596 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar