Məhkəmə qərarları › İş №2(042)-57/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-57/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-57/2024 25.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihad Natiq oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi vəkil X1 iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.27 ha torpaq sahəsində mülkiyyətçilərin razılığı ilə iddiaçıların qazancı hesabına tikilmiş iki otaqdan ibarət yaşayış sahəsinin dəyəri olan 30 000 manatın və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq, onlara verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki,o, digər iddiaçı ilə 2000-ci ildə ailə qurmuş, içinci iddiaçı Elşad İsmayılovun valideynləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus evə köçmüşlər. Ailə münasibətlərindən üç övladları olmuşdur. 2016-cı ildə onlar cavabdehlərin razılığı ilə onların mülkiyyətində olan həyətyanı torpaq sahəsində ikiotaqlı ev tikmiş, ailə üzvləri ilə bilrlikdə həmin evdə yaşamışlar. Həyətyanı torpaq sahəsinə 2020-ci ildə cavabdehlərin ümumi birgə mülkiyyət hüququ qeydə alınmış, onlara Çıxarış verilmişdir. Tikdikləri evə ayrıca qaz, işıq, su çəkilmiş, kommunal xidmətlərlə əlaqədar müqavilələr İddiaçı2la bağlanılmış, kommunal xidmətlərin haqqlarını özləri ödəmişlər. Hazırda onların cavabdehlərlə münasibətləri pozulmuşdur. Cavabdehlərin iddia ərizəsi üzrə o və övladlarının evdən çıxarılması haqqında məhkəmə qərarı çıxarılmış və qanuni qüvvəyə minmişdir. O, övladları ilə birlikdə evdən çıxmılşdır. Evdə hazırda digər İddiaçı2 yaşayır. Ona görə də cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində onların razılığı ilə tikdikləri evə çəkilmiş xərclərin əvəzi cavabdehlər tərəfindən onlara ödənilməlidir. Evin dəyəri 30000 manatdır. Cavabdehlər ya onlara 30000 verməli, ya da başqa bir yerdə ev alıb onlara verməlidirlər. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə etmiş, eyniməzmunlu izahat vermiş, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, İddiaçı2 oğlu, İddiaçı1 isə gəlinidir. Onlarla ailə münaisbətləri pozulmuşdur. İddiaçıların yaşadıqları evin bütün tikinti xərclərini o, özü çəkmişdir. İddiaçılar evin tikilməsində iştirak etməmiş, pul xərcləmişlər. Hazırda da həmin evdə İddiaçı2 yaşayır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia tələbinə etiraz etmiş, eyniməzmunlu izahatlar verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(102)-5331/2022 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İddiaçı1 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə iddiaçılara məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.27 ha torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən mətbəx və bir otaqdan ibarət yaşayış sahəsindən çıxarılması haqqında olan 2(104)- 1409/2022 saylı 1 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddənin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Beləliklə, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları, yəni, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşən evi tikdiklərini sübut etməmişlər. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, İddiaçı2 həmin evdən çıxarılmamış və hazırda da həmin evdə məhz İddiaçı2 yaşayır. Yəni, İddiaçı1 ailə üzvü olan digər İddiaçı2 özünün yaşadığı evə çəkilmiş xərclərin cavabdehlərdən tələb etməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmiyindən iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar