Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-575/2023 06.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı1, iddiaçı və digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evin arxa hissəsinə giriş-çıxışı bağlayan hasarın (tumbanın) sökülərək giriş-çıxış yolunun təhvil verilməsi, mülkiyyətində olan evin və yardımçı tikilinin arxa hissəsində təmir işlərinin aparılmasına, mülkiyyətində olan torpaq sahəsinin sərhəddindən dəmir arakəsmə hasar və dəmir tor çəkilməsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, verilmiş **********36-10301 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, ümumi sahəsi 156.10 kv.m olan fərdi yaşayış evinin arxa hissəsində mülkiyyətlərində olan torpaq sahəsinin giriş-çıxışını tamamilə bağlayan hasarın (tumbanın) sökülərək və giriş-çıxış yolu açılaraq onlara təhvil verilməsi, evin və yardımçı tikilinin arxa hissəsində təmir işlərinin aparılmasına maneə törətməsinə, evin və yardımçı tikilinin (əl damı) arxa hissəsində özlərinə məxsus torpaq sahəsinin sərhədində 30 metr məsafəyədək hissədə dəmir arakəsmə (hasar) çəkilməsi və həyətyanı torpaq sahəsinin özlərinə məxsus qalan sərhədindən metal tor (setka) çəkilməsinə maneə törədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər cür müdaxiləsinə həmişəlik qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, onların Gədəbəy rayonu, Novoivanovka kəndində fərdi yaşayış evləri və 0.25 ha həyətyanı torpaq sahələri vardır. Belə ki, ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən verilən reyestr nömrəsi **********36-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə 156.10 kv.m (ev tam İddiaçı1) fərdi yaşayış evi, 0.25 ha həyətyanı torpaq sahələri paylı mülkiyyət olmaqla dövlət qeydiyyatına alınmışdır. Qonşuları Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 xx.xx.1992-ci il tarixindən Gədəbəy rayonu, Novoivanovka kəndində hazırkı özlərinə məxsus evdə yaşayır. Cavabdehlərlə münasibətləri əvvəllər normal davam etdiyi halda, övladı 44 günlük müharibədə şəhid olduqdaqdan bir müddət sonra, naməlum səbəbdən onlara qarşı torpaq iddiası yaranmışdır. Belə ki, cavabdehlər şəhid ailəsidir, ona görə də onlar hesab edir ki, mülkiyyətlərində olan 0.03 ha torpaq sahəsi onun olmalıdır. Güya, onların 1987-ci ildə tikilmiş evləri və yardımçı tikili (əl damı) cavabdehin torpaq sahəsində tikilib, ona görə də onlardan sözügedən tikilinin sökülməsini və torpaq sahəsinin ona verilməsini tələb etməyə başlamışdır. Cavabdehlər bundan əlavə də bildirmişdir ki, əgər sözügedən torpaq sahəsini könüllü olaraq verməsələr, onları evlərindən didərgin salacaqlar. Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsindən keçən su borularını dəfələrlə kəsmiş, lakin polis orqanı tərəfindən bərpa edilmişdir. Bundan əlavə ev quşlarını onların təsərrüfatlarına buraxmaqla ziyan vurur. Torpaq iddiası ilə bağlı qonşuları Əliyev X1 rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən güya ona məxsus olan 0.25 ha torpaq sahəsinin 0.03 ha hissəsini İddiaçı3 tutmuşdur, ona görə də torpaq sahəsinin həmin hissəsindən çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 2(042)-718/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 mülkiyyətlərində olan evin və yardımçı tikilinin arxa hissəsini təmir etməyə imkan vermirlər. Həmçinin uzun illər öncədən iki torpaq sahəsinin sərhədində ara nişanları var. Bundan əlavə hazırda isə qismən yararsız vəziyyətə düşmüş iki torpaq sahəsinin sərhədində təqribən 30 metr məsafəyədək tor setka var. Nə həmin məsafədə olan metal toru (setkanı) təmir etməyə, nədəki nişanları olan onlara məxsus olan torpaq sahəsinin üzərinə yeni tor setka çəkməyə imkan vermirlər. Belə ki, cavabdehlər məişət əşyaları ilə hücuma keçərək zor tətbiq edir və bildirir ki, torpaq sahəsinin həmin hissəsi güya onlara məxsusdur və nə yolla olursa-olsun alacaqlar. Cavabdehlərin bu hərəkətlərinin qanunsuz olduğunu özlərinə dəfələrlə bildirsələr də heç bir nəticəsi olmamışdır. Bununla bağlı dəfələrlə Gədəbəy rayonu Novoivanovka kənd İƏD üzrə nümayəndəsinə, Gədəbəy rayonu Novoivanovka Bələdiyyəsinə, DİN-in 102 xidmətinə və Gədəbəy RPŞ X4 Bölməsinə rəsmi olaraq şikayət etmişlər. Lakin sözügedən orqanlar bu məsələnin onların səlahiyyətinə aid olmadığını bildirərək aralarında olan mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Belə ki, DİN-nin Gədəbəy Rayon Polis şöbəsi Novosaratovka bölməsinin müraciətləri ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətinin 3-cü səhifəsində qeyd edilir: "Həmçinin göstərilən hadisə yerinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 həqiqətən də İddiaçı3 yenidən çəpər çəkməsi üçün və evində təmir işləri aparılması üçün maneçilik törədirlər. Bununla əlaqədar da qonşuları Cavabdeh1 və Cavabdeh2 onun yenidən çəpər çəkməsinə və evində təmir işləri aparılmasına mane olmaları ilə əlaqədar şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.” Onların evinin arxa hissəsi Cavabdeh1 evinin qabaq hissəsinə düşür və eyni zamanda ümumilikdə həyətyanı torpaq sahələri də həmsərhəddir. Evilərinin arxa hissəsinə yağan güclü yağış suları evin divarlarından keçərək içəri daxil olur. Öz mülkiyyətlərini qorumaq üçün evin arxa hissəsində təmir işləri aparılmasına (evin arxasına beton tökmək və suvaq işlərinin aparılmasına), ümumilikdə mülkiyyətlərində olan torpaq sahəsinin evlərinin arxa hissəsindən başlayaraq 30 metr torpaq sahəsinin özlərinə məxsus hissəsinin ətrafına dəmir arakəsmə (dəmir hasar) və həyətyanı torpaq sahəsinin qalan həmsərhəd olan, hissəsinin ətrafına isə tor setka çəkilməsinə cavabdehlərin yaratdığı hər cür müdaxilələrinə qadağa qoyulmalıdır. Eyni zamanda cavabdehlərin zəbt edərək həyətinə birləşdirdiyi evlərinin arxa hissəsində 0.60 metr enində, 19.60 metr uzunluqda olan torpaq sahəsi mülkiyyət hüququ ilə onlara məxsusdur. Evlərinin arxa hissəsində sözügedən torpaq sahəsinin olması evin Texniki Pasportunda öz əksini tapmışdır. Bundan əlavə Cavabdeh1 evlərinin arxa hissəsində mövcud olan sözügedən torpaq sahəsinin avtomobil yoluna olan giriş-çıxışını tamamilə bağlamışdır. Belə ki, özbaşına olaraq həmin hissəni evlərinə bitişik hasar tikərək həyətinə birləşdirmişdir. Bununla da mülkiyyət hüquqları pozmuşdur. Belə ki, həmin hasar evlərinin arxa hissəsini təmir etməyə, yağış sularının (cavabdeh tərəfindən hasarın alt hissəsinə nazik boru qoyulmuşdur ki, gücü yağış yağan zaman həmin boru yağış sularını tam götürə bilmir) sərbəst şəkildə çıxışına imkan vermir. Cavabdehlər teztez həmin su çıxışını bağlayacağı ilə onları hədələyir. Evlərinin arxa hissəsində mülkiyyətlərində olan torpaq sahəsinə sözügedən giriş-çıxışın olması da evin Texniki Pasportunda öz əksini tapmışdır. Bundan əlavə Cavabdeh1 Şəhərsalma və Tikinti məcəlləsinin tələblərini də pozmuşdur. Ona görə də həmin hasarın mülkiyyətlərində olan torpaq sahəsinini giriş-çıxışını bağlayan hissəsi cavabdehin hesabına sökülməlidir. İddiaçı və digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərdikləri ilə oxşar izahat verərək əlavə olaraq bildirdi ki, onlar dörd ildən çoxdur ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayırlar. Cavabdehlərlə əvvələr münasibətləri yaxşı olsa da, cavabdehlərin övladı şəhid olduqdan sonra cavabdehlərin onlara qarşı torpaq iddiası yaranmışdır. Daha sonra isa cavabdeh onlara gedən su xəttini heç bir əsas olmadan kəsmişdir. Cavabdeh bundan əvvəl onlara qarşı 0.03 ha torpaq sahəsindən onların çıxaılrması barədə iddia qaldırmış və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-718/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Cavabdehlər həmin torpaq sahəsinin onlara məxsus olmasına dair heç bir sübut təqdim edə bilmirlər. Cavabdehlər tərəfindən maneə yaradıldığı üçün onlar hazırda fərdi yaşayış evlərinin arxa hissəsini təmir edə bilmirlər. Evlərinin arxasına keçmək heç cür mümkün deyildir. Yaranmış mübahisə ilə bağlı icra nümayəndəliyinə və bələdiyyəyə məlumat verilmiş, onlar tərəfindən də əraziyə baxış keçirilmiş, lakin mübahisənin həlli ilə bağlı heç bir nəticə əldə edilə bilməmişdir. Bundan başqa mübahisə ilə bağlı polisə də müracitə edilmiş, lakin o cavabdehlər şəhid ailəsi olduğuna görə onlardan heç bir şikayətinin olmadığını bildirmiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Həmin qərarda da cavabdehlər tərəfindən onların yaşadıqları evin arxa hissəsinin təmir edilməsinə və tor setkanın çəkilməsinə mane yaradıldığı qeyd edilmiş və bununla bağlı məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar .Onlar daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, onlara məxsus olan torpaq sahəsinin istifadə edirlər. Əlavə olaraq heç bir torpaq sahəsini tutmamışdırlar. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstəriənləri müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, iddiçılara fərdi yaşayış evlərinin təmir edilməsində heç bir maneə yaratmır. Onların arasında torpaq üzərində mübahisə vardır. Gədəbəy rayonu, Novoivanovka kəndində ona məxsus 0.25 ha torpaq sahəsi vardır. İddiaçılar ona məxsus olan torpaq sahəsinin 3 sot hissəsini tutmuşdur. İddiaçılar torpaq sahəsini tor setka ilə hasarlamaq istəyərkən o 3 sot torpaq sahəsinin tələb etmiş və bundan sonra torpaq sahəsinin hasarlanmasına mane olmayacağını bildirmişdir. İddiaçılara da 0.25 ha torpaq sahəsi verilmişdir. Lakin iddiaçılar 0.30 ha torpaq sahəsinin tutmuşdur. O, hazırda yaşadığı fərdi yaşayış evini və torpaq sahəsini əvvəlcə Gədəbəy rayonu, Novoivanovka kəndində yaşamış rus əsilli bir şəxsdən almışdır. Torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmə qətnamə çıxarıldıqdan sonra torpaq sahəsinə dair çıxarış alacaqdır. Hazırda torpaq sahəsi ilə bağlı sənədi yoxdur. Torpaq sahəsinin həmin şəxsin adına olması ilə bağlı arxiv sənədi vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 367 saylı arayışdan görünür ki, İddiaçı3 Gədəbəy rayonu, Çobankənd kəndində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, Novoivanovka kəndində ailə üzvləri ilə birgə yaşayır. İşdə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36-10301 reyestr nömrəli çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən ümumi sahəsi 156.10 kv.m olan fərdi yaşayış evi tam olaraq İddiaçı1, 0.25 ha torpaq sahəsi ¼ hissədə İddiaçı2, ¼ hissədə İddiaçı3, 2/4 hissədə İddiaçı1 adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan fərdi yaşayış evinin 505-00-315 inventar nömrəli Texniki pasportundan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinin baş planı, tikinti mərtəbələri üzrə planlar, fərdi yaşayış evi ilə bağlı digər texniki göstəricilər və otaqların təsnifatı hazırlanmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-718/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, ona məxsus olan 0.25 ha torpaq sahəsinin cavabdeh İddiaçı3 qanunsuz olaraq tutduğu 0.03 hissəsindən çıxarılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilməmişdir. İşdə olan Gədəbəy rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis mayoru Novruz Vəliyevin 17 apel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı3 ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin sərhədində çəkilmiş setka çəpərinin dibinə qonşusu Cavabdeh2 odun və daş yığaraq setka çəpərini əydiyini bildirmiş, bununla bağlı araşdırma aparılmış və material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Gədəbəy rayonu Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi, Gədəbəy rayonu, Novoivanovka Bələdiyyəsi və Gədəbəy RPŞ X4 Bölməsi tərəfindən İddiaçı3 ünvanlanmış məktublardan görünür ki, İddiaçı3 qonşusu Cavabdeh1 ilə aralarında yaranmış mülki mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, iş üzrə mübahisəli ərazi Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin hüquqmüəyyənedici sənədi olmadan istifadə etdikləri torpaq sahələri həmsərhəddir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsi metal tor setka ilə hasarlanmışdır. Metal tor setka köhnədən çəkilmişdir və qismən yarasız vəziyyətə düşmüşdür. İddiaçılara məxsus fərdi yaşayış evinin arxa hissəsində cavabdehlərin istifadəsində olan fərdi yaşayış evinə gedən avtomobil yolu yerləşir və həmin yola cavabdeh tərəfindən giriş-çıxış üçün dəmir qapı qoyulmuşdur. Həmin dəmir qapının sağ dirək hissəsindən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin divarına bitişik hasar (tumba) inşa edilərək iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsinə giriş-çıxış bağlanmışdır. Eləcə də, iddiaçılar köhnəlmiş metal tor setkanı yenidən bərpa etmək istədiklərini, lakin cavabdehlərin buna maneə yaratdığını bildirdilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-ci maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Məhkəmədə müəyyən edildi ki, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36-10301 reyestr nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən ümumi sahəsi 156.10 kv.m olan fərdi yaşayış evi tam olaraq İddiaçı1, 0.25 ha torpaq sahəsi ¼ hissədə İddiaçı2, ¼ hissədə İddiaçı3, 2/4 hissədə İddiaçı1 adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçılar məhkəmədə iddia qaldıraraq, cavabdehlər tərəfindən hasar çəkilməklə onlara məxsus fərdi yaşayış evinin arxa hissəsinə giriş-çıxışın bağlandığını, onlara məxsus fərdi yaşayış evinin arxa hissəsinin təmir edilməsinə və torpaq sahəsinin hasarlanmasına maneələr törədildiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılara məxsus fərdi yaşayış evinin arxa hissəsinə girişçıxışın cavabdehlər tərəfindən bağlanması, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ətrafına çəkilmiş metal tor setkanın yenisi ilə əvəz edilməsinə və bir hissəsinə isə dəmir arakəsmə çəkilməsinə cavabdehlər tərəfindən maneələrin yaradılması məhkəmə iclasında tədqiq edilmiş sənədlər, yerində müayinə iclasının protokolu, iddiaçıların və cavabdehlərin izahatı ilə müəyyən edilir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36-10301 reyestr nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən ümumi sahəsi 156.10 kv.m olan fərdi yaşayış evi tam olaraq İddiaçı1, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.25 ha torpaq sahəsi isə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçılara məxsus torpaq sahəsi ilə cavahdehlərin hüquqmüəyyənedici sənədləri olmadan istifadəsində olan torpaq sahəsi həmsərhəddir. İddiaçılara məxsus fərdi yaşayış evinin arxa hissəsində cavabdehlərin istifadəsində olan fərdi yaşayış evinə gedən avtomobil yolu yerləşir və həmin yolu cavabdeh tərəfindən giriş-çıxış üçün dəmir qapı qoyulmuşdur. Həmin dəmir qapının sağ dirək hissəsindən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin divarına bitişik hasar (tumba) inşa edilərək iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsinə giriş-çıxış bağlanmışdır. Eləcə də, torpaq sahəsinin ətrafına çəkilmiş dəmir tor setkanın yenilənməsinə və bir hissəsinə dəmir arakəsmə çəkilməsinə cavabdehlər tərəfindən maneələrə yaradılır. Yerində müayinə zamanı və məhkəmə iclası zamanı cavabdehlər həmin fərdi yaşayış evinin arxa hissəsinə giriş-çıxışına və torpaq sahəsinin hasarlanmasına maneə yaratmalarını təkzib etmədilər. Cavabdehlər həmin hərəkətlərini iddiaçıların onlara məxsus olan torpaq sahəsinin 0.03 ha hissəsini tutmalarını və həmin torpaq sahələrini onlara qaytaracağı halda edilən maneələri aradan qaldıracağını bildirsələr də, məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı bu barədə məhkəmədə iddia qaldırmış və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-718/2022 saylı qanuni qüvvəsini almış qətnaməsinə əsasən, iddiaçı (Cavabdeh1) sahibliyi və istifadəsində olan torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sübutları təqdim etmədiyinə və cavabdeh tərəfindən onun torpaq sahəsinin tutulması halını sübut edə bilmədiyinə görə iddia tələbi təmin edilməmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-718/2022 saylı qətnaməsi hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Odur ki, məhkəmə hesab edir ki, hazır ki iş üzrə cavabdehlərin iddiaçılara qarşı torpaq sahəsi barədə iddiaları rədd edildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan bu hal sübut olunmuş hesab olunmalı və yenidən sübut etmə predmeti olmamalıdır. Eləcə də məhkəmə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd olunana müvafiq normasına əsasən cavabdehlər istifadələrində olan torpaq sahəsi ilə iddiaçılara məxsus fərdi yaşayış evinin xarici divar səthinin hündürlüyünün 0,6 hissəsi qədər həddə ara məsafəsi saxlanılmalı idi. Fərdi yaşayış evinin Texniki pasportundan məlum olur ki, İddiaçı1 məxsus evin xarici divar səthinin hündürlüyü təxminən 6 metrdən çoxdur. Belə olan halda İddiaçı1 məxsus evin divarı ilə cavabdehlərin istifadəsində olan torpaq sahəsi arasında minumum 0,6 metr ara kəsmə məsafəsi saxlanılmalı idi. Lakin cavabdehlər qeyd edilən normaya əməl etməmiş və qeyd edilən hasarı (tumbanı) inşa etməklə iddiaçıların fərdi yaşayış evinin arxasına keçməklə təmir və digər işlərini aparılmasına maneə yaratmışdır. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən qeyd edilən hərəkətlərə yol verilməsinin heç bir hüquqi əsası yoxdur və həmin hərəkətlər iddiaçıların mülkiyətlərindən maneəsiz olaraq istifadə etmək hüquqularının pozulması ilə nəticələnir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36-10301 reyestr nömrəli çıxarışa əsasən, mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən ümumi sahəsi 156.10 kv.m olan fərdi yaşayış evinin arxa hissəsində olan torpaq sahəsinin giriş-çıxışını tamamilə bağlayan, dəmir qapının sağ dirək hissəsindən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin divarına bitişik olaraq inşa edilmiş hasar (tumba) iddiaçıların hesabına sökülərək və giriş-çıxış üçün qapı qoyulmaqla yol açılaraq iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 təhvil verilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı1 məxsus olan Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən fərdi yaşayış evinin və yardımçı tikilinin arxa hissəsində təmir işlərinin aparılmasına, fərdi yaşayış evinin və yardımçı tikilinin arxa hissəsində iddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin sərhədində 30 metr məsafəyədək hissədə dəmir arakəsmə çəkilməsinə və həmin torpaq sahəsinin qalan hissəsinə metal tor çəkilməsinə (bərpa edilməsinə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36-10301 reyestr nömrəli çıxarışa əsasən, mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olan Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən ümumi sahəsi 156.10 kv.m olan fərdi yaşayış evinin arxa hissəsində olan torpaq sahəsinin giriş-çıxışını tamamilə bağlayan, dəmir qapının sağ dirək hissəsindən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin divarına bitişik olaraq inşa edilmiş hasar (tumba) iddiaçıların hesabına sökülərək və giriş-çıxış üçün qapı qoyulmaqla yol açılaraq iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 təhvil verilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********36-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı1 məxsus olan Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən fərdi yaşayış evinin və yardımçı tikilinin arxa hissəsində təmir işlərinin aparılmasına, fərdi yaşayış evinin və yardımçı tikilinin arxa hissəsində iddiaçıların ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin sərhədində 30 metr məsafəyədək hissədə dəmir arakəsmə çəkilməsinə və həmin torpaq sahəsinin qalan hissəsinə metal tor çəkilməsinə (bərpa edilməsinə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-575/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-575/2023
06.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver