Məhkəmə qərarları › İş №2(042)-585/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-585/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-585/2023 11.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Alırza oğlundan 12000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, X18 qaynı Ə.Tağıyevin kürəkənidir. S.Novruzov Gədəbəy rayonu, Günəşli kənd sakini hazırki iş üzrə Cavabdeh ilə şifahi razılıqlarına əsasən 2018-ci ilin iyun ayından 2020-ci ilin iyun ayına qədər sonuncunun qoyun sürüsünü otarmışdır. 01 iyun 2020-ci il tarixdə S.Novruzov heyvanları “Ceyran çöl” qışlağından yaylağa gətirmək üçün Günəşli kəndinə gətirmiş və həmin gün Cavabdeh S.Novruzova çıxıb getməsini demişdir. S.Novruzov özünə məxsus heyvanları seçib aparmaq istəyən zaman Cavabdeh S.Novruza ona borcunun olduğunu, borcunu verdikdən sonra heyvanlarını apara biləciyini bildirmiş və heyvanları S.Novruzova verməmişdir. Cavabdeh S.Novruzovun 5 baş iri-buynuzlu malqarasından 2 baş heyvanı sonuncuya vermiş, lakin qalan 3 baş iribuynuzlu heyvanı və 41 baş xırda buynuzlu heyvanı verməmişdir. Ona görə də, onlar S.Novruzovun Cavabdeh qalan heyvanlarını özləri seçib almaq qənaətinə gəlmiş və 02 iyun 2020-ci il tarixdə S.Novruzov özü və arvadı T.Novruzova, qayınansı, eltisi F.Hüseynova, oğlu A.Hüseynov, anası N.Hüseynova saat təxminən 12 radələrində Günəşli kəndinin kənarına Cavabdeh heyvanlarının otladığı yerə getmişlər. Həmin gün Cavabdeh oğlu F.Qasımov və başqaları Sənangilin heyvanlarının seçilməsinə imkan verməmiş və həmin şəxslər A.Hüseynovu döymüş, polis əməkdaşları gəldikdə çıxıb evlərinə getmişdir. Bundan sonra 06 iyun 2020ci il tarixdə o, F.Hüseynova, S.Novruzovun arvadı T.Tağıyeva və S.Novruzovun anası N.Novruzova Cavabdeh mal-qarası yoldan keçən zaman S.Novruzova məxsus mal-qaranı seçmək istəmişlər. Cavabdeh mal-qarasının içərisində S.Novruzova məxsus iribuynuzlu heyvanları tapa bilməmişlər, ona görə də, T.Tağıyeva onların iribuynuzlu heyvanlarına oxşar 3 baş iribuynuzlu heyvanı seçərək onların tövləsinə salmışdır. Həmçinin Cavabdeh oğlu F.Qasımovun onlara borcu olduğuna və həmin borcu vermədiyinə görə borcun qarşılığında Cavabdeh 1 baş danasını da o seçərək özlərinə məxsus tövləyə salmışdır. Bundan sonra 12 iyun 2020-ci il tarixdə Cavabdeh xırdabuynuzlu heyvanlarını yaylağa apararkən yenə yaşadıqları kənddən keçərkən o, F.Hüseynova, T.Tağıyeva, N.Novruzova və S.Novruzov yola çıxmış Cavabdeh heynavlarının içərisindən 48 baş xırdabuynuzlu heyvanı seçərək özlərinə məxsus tövləyə salmışlar. Cavabdehin cəmi 4 baş iribuynuzlu və 48 baş xırdabuynuzlu heyvanı tutulmuşdur. O, cavabdehin borc qarşılığında 1 baş iribuynuzlu heyvanını və 7 baş xırdabuynuzlu heyvanını tutub saxlamışdır. Qalan heyvanları isə Sənan tutub saxlamışdır. Bu hadisələr əsnasında əri Namiq Tağıyev həbs edilmişdir. Cavabdeh onu aldadaraq ona vurulmuş ziyan ödənilmədiyi təqdirdə N.Tağıyevin həbsdən azad edilməyəcəyini, N.Tağıyevin həbsdən azad edilməsi üçün vurulmuş ziyanın ödənilməsini tələb etmişdir. Ona görə də, vurulmuş ziyana görə 12000 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh onu aldadaraq həmin pulu ondan almışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, İddiaçı və onun əri sələmə pul verir. Guya onun oğlu gedib iddiaçıdan sələmə pul götürmüşdür. İddiaçının bu barədə bildirdikləri yalandır. İddiaçı və digərləri onun ümumilikdə 4 baş hər birinin çəkisi 200 kq olmaqla iribuynuzlu heyvanını və 48 baş xırdabuynuzlu heyvanını özbaşına tutub iddiaçının əri Namiq Tağıyevə məxsus tövləyə salmaqla saxlamışlar. O, bununla bağlı polisə müraciət etmiş və iddiaçının, onun ərinin və digərlərinin barəsində araşdırma aparılmışdır. Namiq Tağıyev bu hadisələrə görə həbs olunmuşdur. Bundan sonra iddiaçı ona vurulmuş ziyana görə ona 12000 manat məbləğində pul vermişdir. O vurulmuş ziyan ödənildiyinə görə onlarla barışması və heç bir şikayətinin olmaması barədə ərizə vermiş və onların barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. İddiaçı tərəfindən verilmiş 12000 manat məbləğində pul ona vurulmuş ziyanın qarşılığında verilmşdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X6 məhkəmə iclasında bildirdi ki, o, 2018-ci ildən Cavabdeh Alırza oğlunun qoyun sürüsünə çobanlıq etmişdir. 2020-ci ilin iyun ayında Cavabdeh sürüsünü yaylağa Günəşli kəndinə gətirib çıxardıqdan sonra sürünün içindən 41 baş xırda buynuzlu, 5 baş isə iri buynuzlu heyvanlarını götürmək istədikdə Cavabdeh ona icarəyə götürdüyü yatağa vurulan ziyana görə 1700 manat ödəməli olduğunu deyib heyvanlarını verməmişdir. Həmin ziyan barədə Cavabdeh ona Ceyrançölündə olarkən demiş və o razılaşmamışdır. 1 iyun 2020-ci il tarixdə heç bir ziyan ödəməyəcəyini dedikdə Cavabdeh ona heyvanlarını satıb yataq sahibinə ziyanı ödəməli olduğunu demişdir. Bundan sonra çətinliklə bir inək və bir danasını seçib getmişdir. Cavabdehla aralarında yaranmış vəziyyət barədə anası, arvadı və qaynatası Əfqana danışdıqdan sonra heyvanları Cavabdeh sürüsündən götürmək qərarına gəlmişlər. 02 iyun 2020-ci il tarixdə o, anası Nazilə, arvadı Türkanə və qaynı Arizlə birlikdə Günəşli kəndinə gedib heyvanlarını götürmək istədikdə Cavabdeh oğlu, Fariz Qasımov və arvadı Dürdanə Qasımova onlara mane olmuşlar. Həmin gün poliş əməkdaşları hadisə yerinə gəlib onları polis şöbəsinə aparıb izahatlarını alıb buraxmışlar. 06 iyun 2020-ci il tarixdə Cavabdeh iri buynuzlu heyvan sürüsü Plankənd kəndindən keçərkən ailə üzvləri ilə birlikdə 2 baş dana və bir baş inəyi sürünün içindən ayırmışlar. Həmin vaxt N.Tağıyev və arvadı E. Məmmədovada Cavabdeh oğlu Farizlə aralarında olan borc məsələsinə görə 1 baş dananı sürüdən götürmüşlər. xx.xx.2020-ci il tarixdə də Cavabdeh məxsus xırda buynuzlu heyvan sürüsü Plankənd kəndində keçərkən növbəti dəfə ailə üzvləri ilə birlikdə sürünün qarşısını kəsib özünə məxsus 41 baş qoyunu ayırmış, onunla bərabər həmin vaxt N.Tağıyev və arvadı İddiaçı 7 baş qoyunu sürüdən ayırıb götürmüşdür. Məhkəmə tərəfləri və şahidi dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən verilmiş, tərəflər arasında imzalanmış 01 mart 2021-ci il tarixli qəbzin surətindən görünür ki, 2020-ci ilin iyun ayında ona (Cavabdeh) məxsus 4 baş dana və 48 baş qoyunun X18, X16, X9, X11, X12, X13 və İddiaçı tərəfindən özbaşınalıqla ələ keçirilməsi ilə əlaqədar olaraq ona dəymiş maddi ziyan, yəni 12000 manat pul İddiaçı tərəfindən ödənilmişdir və 12000 manat pulu təhvil almışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2023-cü ilk tarixli, 161 saylı arayışdan görünür ki, xırdabuynuzlu heyvan ətinin qiyməti 2020-ci ildə 12 manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2023-cü ilk tarixli, 162 saylı arayışdan görünür ki, xırdabuynuzlu heyvan ətinin qiyməti 2020-ci ildə 10 manat təşkil etmişdir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onu aldadaraq sonuncuya vurulmuş ziyanın qarşılığında əsassız olaraq 12000 manat məbləğində pul aldığını və sonuncunun həmin məbləğdə varlandığını iddia etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehə vurulmuş ziyanla bağlı 12000 manat verdiyini və bunun nəticəsində cavabdehin həmin məbləğdə əsassız olaraq varlandığını sübuta yetirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı X4 iddia tələbi Cavabdeh heyvanlarının özbaşına olaraq ələkeçirilməsi faktı ilə bağlı olmuşdur. Bununla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. Ona görə də, məhkəmə Daxili İşlər Nazirliyinə sorğu verərək Cavabdeh məxsus əmlakın özbaşınalıqla ələ keçirilməsi faktı ilə bağlı olan cinayət işi materiallarının məhkəməyə təqdim edilməsini istəmiş və cinayət işi materialları məhkəməyə göndərilmişdir. Cinayət işi materiallarına məhkəmə iclasında baxış keçirilmiş və məlum olmuşdur ki, X1 Valeh Alirza oğlu ilə şifahi razılıqlarına əsasən sonuncunun qoyun sürüsünü otarmışdır. 01 iyun 2020-ci il tarixdə S.Novruzov heyvanları “Ceyran çöl” qışlağından yaylağa gətirmək üçün Günəşli kəndinə gətirmiş və həmin gün Cavabdeh S.Novruzova çıxıb getməsini demişdir. S.Novruzov özünə məxsus heyvanları seçib aparmaq istəyən zaman Cavabdeh S.Novruza ona borcunun olduğunu, borcunu verdikdən sonra heyvanlarını apara biləciyini bildirmiş və heyvanları S.Novruza verməmişdir. Cavabdeh S.Novruzovun 5 baş iri-buynuzlu mal-qarasından 2 baş heyvanı sonuncuya vermiş, lakin qalan 3 baş iribuynuzlu heyvanı və 41 baş xırda buynuzlu heyvanı verməmişdir. Ona görə də, onlar S.Novruzovun Cavabdeh qalan heyvanlarını özləri seçib almaq qənaətinə gəlmiş və 02 iyun 2020-ci il tarixdə İddiaçı, X9, X10, X16, X13 və X18 müxtəlif vaxtlarda ümumilikdə Cavabdeh heyvanlarından 4 baş iribuynuzlu və 48 baş xırda buynuzulu heyvanı seçərək X7 məxsus tövləyə salmışdır. Qasımov X17 rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus heyvanların özbaşına olaraq ələ keçirildiyini bildirmiş və həmin hadisə ilə bağlı İddiaçı, X2, X3, X8, X14 və X5 əməlində Azərbycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələrinin tərkibinin olub-olmaması barədə araşdırma aparılmışdır. İbtidai İstintaq zamanı qəbul edilmiş 05 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən X5 və İddiaçı hərəkətlərində CM-nin 181.2.1, 180.2.1 və 180.2.5ci maddələrində nəzərdə tutulmuş soyğunçuluq cinayətinin tərkibi olmadığından barələrində həmin maddə ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən müvafiq materiallar ayrılaraq saxlanılması üçün Gədəbəy rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Eləcə də, 20 mart 2021ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərara əsasən, X2, X3, X8 və X14 əməllərində CM-nin 180.2.1 və 180.2.5-ci maddələrinin tərkibi olmadığından onlara həmin maddələrlə ittiham verilməməsi və cinayət işi üzrə icraata xitam verilməsi qərar alınmışdır. 20 mart 2021-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh məxsus 4 baş inəyin və 7 baş xırda buynuzlu heyvanların özbaşınalıqla ələ keçirilməsinə görə Namiq Tağıyevə ittiham elan olunmuş, bundan başqa Namiq Tağıyevin qeyri rəsmi ailə münasibətlərində olduğun Elnurə Tağıyeva 4 baş iribuynuzlu və 7 baş xırda buynuzlu heyvanlara görə Cavabdeh dəymiş ziyanı tam şəkildə ödədiyi, 41 baş xırdabuynuzlu heyvanın isə Sənan Novruzova məxsus olduğu qeyd edilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanın qərarı ilə Cavabdeh məxsus 4 baş inəyin və 7 baş xırda buynuzlu heyvanların Namiq Tağıyev tərəfindən özbaşınalıqla ələ keçirilməsi müəyyən edilmiş, həmin heyvanların ələ keçirilməsinə görə Elnurə Tağıyeva tərəfindən Cavabdeh vurulmuş ziyana görə sonuncuya 12000 manat məbləğində pul verilmişdir. Bu barədə tərəflər arasında qəbz tərtib olunmuş və imzalanmış, eləcə də, cavabdeh tərəfindən bu hal təkzib edilməmişdir. İbtidai istintaq zamanı Cavabdeh məxsus 4 baş iribuynuzlu heyvanın dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən həmin heyvanların 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 7150 manat müəyyən olunmuşdur. Xırdabuynuzlu heyvanların dəyəri isə müəyyən edilməmişdir. Məhkəmə xırdabuynuzlu heyvanların dəyərinin müəyyən edilməsi üçün Gədəbəy rayonu ərazisində fəaliyyət gösətərən "xxxx" MMC-yə sorğu vermiş və sorğuya cavab olaraq təqdim edilmiş 11 sentyabr 2023-cü il tarixli, 161 saylı arayışda xırda buynuzlu heyvan ətinin qiymətinin 2020-ci ildə 12 manat təşkil etməsi qeyd edilmiş, lakin iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli, 162 saylı arayışda xırda buynuzlu heyvan ətinin qiymətinin 2020-ci ildə 10 manat təşkil etməsi qeyd edilmişdir. Məhkəmə xırda buynuzlu heyvanların dəyərini müəyyənləşdirərkən hər iki arayış arasında ziddiyət olduğundan iddiaçı tərəfindən təqdim edilmiş arayışın əsas götürlməsini məqsədə uyğun hesab edir. Eləcə də, xırda buynuzlu heyvanların çəkisi müəyyən edərkən qeyd edir ki, Cavabdeh zərərçəkmiş şəxs kimi ibtidai istintaq orqanında 28 iyun 2020-ci il tarixdə verdiyi ifadəsində ona məxsus ələ keçirilmiş xırda buynuzlu heyvanların çəkisinin 18-20 kq aralığında olduğunu bildirmişdir. Ona görə də, məhkəmə həmin heyvanların çəkisini müəyyən edərkən hər biri üçün zərərçəkmiş şəxsin izahatında bildirdiyi çəkinin aşağı həddinin əsas götürülməsini məqsədə uyğun hesab edir. Odur ki, məhkəmə qeyd edilənərə əsasən 7 baş xırdabuynuzlu heyvanın dəyərini 1260 manat məbləğində müəyyən edir (7x18x10=1260). Beləliklə işdə olan sübutlarla və Gədəbəy rayon Polis şöbəsinin cinayət işinə xitam verilməsi barədə qərarla müəyyən edilir ki, Cavabdeh məxsus 4 baş inəyin və 7 baş xırda buynuzlu heyvanlar Namiq Tağıyev tərəfindən özbaşınalıqla ələ keçirilmiş və bunun nəticəsində Cavabdeh ümumilikdə 8410 manat məbləğində ziyan dəymişdir. Cavabdeh isə iddiaçıdan 12000 manat məbləğində pul almışdır. Belə olan halda cavabdeh iddiaçıdan dəymiş ziyandan əlavə 3590 manat məbləğində pul almışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əlavə olaraq aldığı 3590 manat pul məbləği həddində əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsassız varlanmaya görə 3590 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 126 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edildiyi hissədə cavabdehə, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə 3590 (üç min beş yüz doxsan) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edildiyi hissədə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55.9 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar