Məhkəmə qərarları › İş №2(042)-586/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-586/2020

02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-586/2020 02.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona məxsus “Opel Astra” markalı, **- DG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınına vurduğu 675 manat məbləğində ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, cəmi 705 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin müdafiə etdi və izahatında göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “X5 yük” markalı, LX112TR19 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən onun idarə etdiyi “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxadan vurmuş, onun idarə etdiyi avtomaşın da qarşıdakı başqa bir maşınla toqquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomaşına xeyli miqdarda ziyan dəymişdir. Cavabdeh idarə etdiyi avtomaşın başqa şəxsin adına olduğu üçün o, sığortadan avtomaşınına vurulmuş ziyanı ala bilməmişdir. Lakin həmin vaxt cavabdeh onun avtomaşınını özü düzəltdirəcəyini öhdəsinə götürmüşdür. Avtomaşına ümumilikdə 675 manat zərər dəymişdir. Avtomaşına zərər dəymiş hissələrindən 1 ədəd arxa kapot və şüşə, 1 ədəd arxa sağ stop fara, 1 ədəd sağ arxa fortuçka, 1 ədəd qabaq sol fara, qabaq sol qanadı cavabdeh alıb ona vermişdir. Cavabdeh ona dəmirçi işi üçün isə 200 manat pul vermişdir. Ona görə də cavabdeh tərəfindən ona vurulmuş ziyanın qalan hissəsinin ödənilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini etiraf etmədi və bildirdi ki, o, avtomaşının zərər dəymiş hissəsinin bir qismini alıb iddiaçıya vermişdir. Avtomaşına zərər dəymiş hissələrindən 1 ədəd arxa kapot və şüşə, 1 ədəd arxa sağ stop fara, 1 ədəd sağ arxa fortuçka, 1 ədəd qabaq sol fara və qabaq sol qanadı alıb iddiaçıya və dəmirçi işi üçün isə 200 manat pul vermişdir. O, iddiaçıya avtomaşına zərər dəymiş hissələrindən Saffa oblisovka və rəngsaz işi üçün isə 120 manat pul verməlidir. O, çilingər işi üçün iddiaçıya 60 manat verəcəyini söz versə də həmin pulu verməmişdir. Onun ümumilikdə iddiaçıya dəymiş zərərin ödənilməsi üçün 170 manat pul verməlidir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, o, ünvan 1 49 ünvanında yaşayır. Cavabdeh onun bacısıoğludur. Cavabdeh ona avtomaşına dəyən zərərin ödənilməsi üçün 300 manat pul vermişdir. O, iddiaçı ilə avtomaşını təmir edilməsi üçün Gürcüstan Respublikasına getmiş və orda avtomaşına dəymiş zərərin müəyyən qismi ödənilmişdir. Cavabdehin verdiyi puldan qalmış 200 larini qalan xərclərin qarşılanması üçün iddiaçıya vermişdir. İddiaçı avtomaşını özü rənglədəcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “X5 yük” markalı, LX112TR19 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə A.Şaiq küçəsinin kəsişməsində düzgün surət və ona uyğun məsafə seçməmiş, qarşıda dayanan “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, o isə qarşıda dayanan “Mersedes” markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. İşdə olan Gəncə şəhəri Avtoservis müəssisəsi tərəfindən verilmiş tövsiyə xarakterli rəydən görünür ki, Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ümumi zərərin miqdarı 675 manat təşkil edir. İşdə olan Yol hərəkəti qaydalarının pozulması haqqında protokola əlavədən görünür ki, Əzizov Seyid-Əzim Məmməd oğluna məxsus olan, etibarnamə ilə İddiaçı verilmiş “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa və qabaq hissəsi əzilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 oktyabr il tarixli, 9/3258 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Gəncə şəhəri Avtoservis müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 675 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 675 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, iş materiallarında olan sənədlərlə və ekspert rəyi ilə müəyyən edildi ki, xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “X5 yük” markalı, LX112TR19 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən iddiaçının idarə etdiyi “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxadan vurmuş, iddiaçının idarə etdiyi avtomaşın da qarşıdakı başqa bir maşınla toqquşmuşdur. Bununla da iddiaçıya 675 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin ekspert rəyində göstərilmiş 1 ədəd arxa kapot və şüşə, 1 ədəd arxa sağ stop fara, 1 ədəd sağ arxa fortuçka, 1 ədəd qabaq sol fara, qabaq sol qanadın dəyəri və dəmirçi işi üçün isə 200 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya verilmişdir. “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 675 manat zərərin sadalanan qisimləri ödənildikdən sonra cavabdeh iddiaçıya zərər dəymiş və ödənilməmiş hissələrdən Saffa obsilovkanın dəyəri olan 20 manat, rəngsaz işi üçün 120 manat və çilingər işi üçün 30 manat, ümumilikdə 170 manat məbləğində pul verməlidir. Bu iddiaçının və cavabdehin etirafedici izahatları ilə sübut olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfində iddiaçının idarə etdiyi “Opel Astra” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərdən ödənilməmiş hissə olan Saffa oblisovka üçün 20 manat, rəngsaz işi üçün 120 manat və çilingər işi üçün 30 manat olmaqla, ümumilikdə 170 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 170 manat məbləğində pul və ödənilmiş 30 dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 170 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 200 (iki yüz) manat məbləğində pul alınıb İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar