Məhkəmə qərarları › İş №2(042)-593/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-593/2022

13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-593/2022 13.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən ona əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 1920 manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu. Qoşabulaq kəndində ailə üzvlərində birlikdə yaşayır. O, yaşadığı kənddə kənd təsərrüfatı ilə məşğul olur. 2022-ci ildə Gədəbəy rayonunun Pərzamanlı kəndi ərazisində "Ağdaş" adlanan sahədə icarəyə götürdüyü torpaq sahələrinin 0.95 ha hissəsində yonca əkmişdir. Cavabdeh onun yonca əkdiyi sahəsinin 0.85 ha hissəsini yenidən şumlatmış, bununla da yonca əkdiyi sahəsinin 0.85 ha hissəsinə 100 faiz ziyan vurmuşdur. Ona görə də o cavabdehdən onun yonca sahənə vurduğu ziyanın əvəzinin ödənilməsini istəyir. Həmçinin, cavabdehin ona vurduğu ziyan 0.85 ha yonca sahəsindən əldə edəcəyi 300-320 ədəd yonca presinə görə 1920 manat təşkil edir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04 nömrəli rəyə əsasən, Gədəbəy rayonunun Pərzamanlı kəndi ərazisində “Ağdaş" adlanan sahədə onun yonca əkdiyi 0.95 ha sahənin 0.85 ha hissəsinə 100 faiz ziyan dəymişdir. Həmin 0.85 ha sahədə ildə iki üz yonca biçilməklə hər üz biçində 150-160 ədəd yonca hesablanmaqla iki üz biçində 300-320 ədəd presi əldə etmək olardı ki, bu hesabla cavabdeh tərəfindən ona 300-320 ədəd yonca presi ziyanı dəymişdir. Eləcə də Gədəbəy rayonu “Anar" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 2021-ci ildə mərkəzi bazarda yonca presinin 1 ədədinin qiyməti 5.50-6 manat təşkil edir. Bu hesabla cavabdeh tərəfindən ona əldən çıxmış fayda 1920 manat maddi ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Pərizamanlı kəndində yaşayır. Həmin kənddə yerləşən X13, X9 və digərlərinə məxsus torpaq sahəsini atası icarəyə götürərək qarğıdalı əkmişdir. Atası tərəfindən torpaq sahəsi icarəyə götürülərkən kəndin icra nümayəndəsi tərəfindən torpaq sahiblərinin sərhədləri göstərilmişdir. O, torpaq sahəsinin əkilməsi ilə bağlı heç bir göstəriş verməmiş, heç bir hərəkət etməmişdir. Torpaq sahəsini atası Duraxan Zeynalov əkmişdir. İddiaçı isə həmin torpaq sahəsinin icarəyə götürdüyünü bildirsə də, iddiaçının belə bir icarə müqaviləsi yoxdur. İddiaçının həmin torpaq sahəsinin onun tərəfindən əkilməsini təsdiq edən heç bir sübutu yoxdur. Ona görə də, iddiaçı əsassız olaraq onu cavabdeh kimi göstərmişdir. O, bu barədə məhkəməyə etiraz ərizəsi də vermişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun həm kəndlisi, həm də bacanağıdır. Ona və ailə üzvlərinə məxsus olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş “Ağdaş” adlanan yerdə yerləşən torpaq sahəsini uzun müddətdir ki, İddiaçı icarəyə vermişdir. İddiaçı həmin torpaq sahəsinə yonca əkirdi. O, iddiaçıdan torpaq sahəsinin sotuna 2 manatdan icarə haqqı almışdır. İddiaçı ilə aralarında notarial qaydada deyil, şifahi olaraq müqavilə bağlanmışdır. Hazırda torpaq sahəsinin kimin tərəfindən əkildiyini bilmir. X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Pərizamanlı kəndində yaşayır. cavabdeh onun həmkəndlisidir. Gədəbəy rayonu, Pərizamanlı kəndində “Ağdaş” adlanan ərazidə ona məxsus 0.14 ha torpaq sahəsi vardır. Torpaq sahəsini cavabdeh atası Duraxan Zeynalova icarəyə vermişdir. Həmin torpaq sahəsinin 2021-ci il tarixdə kimin əkdiyini bilmir. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Duraxan Zeynalova danışıqlar aparmış və ondan 28 manat məbləğində icra haqqı almışdır. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Pərizamanlı kəndində yaşayır. cavabdeh onun həmkəndlisidir. Gədəbəy rayonu, Pərizamanlı kəndində “Ağdaş” adlanan ərazidə ona məxsus 0.11 ha torpaq sahəsi vardır. Torpaq sahəsinin cavabdehin atası Duraxan Zeynalova icarəyə vermişdir. Duraxan Zeynalovdan 22 manat məbləğində icra haqqı almışdır. Onlara məxsus torpaq sahəsinin sərhədləri kəndin icra nümayəndəsi tərəfindən göstərilmiş, onlar isə icarəyə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatdadır. İşdə olan JN-0017 KOD 50520038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 86 saylı qərarı ilə Gədəbəy rayonu, Pərizamanlı kəndində X3 və onun ailə üzvlərinə 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0024 KOD 50520038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 86 saylı qərarı ilə Gədəbəy rayonu, Pərizamanlı kəndində X6 və onun ailə üzvlərinə 0.97 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0019 KOD 50520038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 86 saylı qərarı ilə Gədəbəy rayonu, Pərizamanlı kəndində X11 və onun ailə üzvlərinə 0.48 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0021 KOD 50520038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 86 saylı qərarı ilə Gədəbəy rayonu, Pərizamanlı kəndində X7 və onun ailə üzvlərinə 1.25 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 128 saylı arayışdan görünür ki, 2022-ci il tarixdə mərkəzi bazarda yonca presinin hər bir ədədinin qiyməti 5.50- 6 manat təşkil edir. İşdə olan Gədəbəy rayon X12 tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, 04 saylı rəyindən görünür ki, İddiaçı müraciətinə əsasında Gədəbəy rayon Pərizamanlı kəndinin əhalisinə verilmiş “Ağdaş” adlanan sahədə özəl pay torpaqları ərazisinə baxış keçirilmiş və məlum olmuşdur ki, İddiaçı həmin ərazidə 0.95 ha yonca bitkisi əkib becərir, əraziyə aqrotexniki qullu göstərir. Baxış keçirilən zaman məlum olmuşdur ki, əkin edilmiş 0.95 ha yonca sahəsinin 0.85 ha sahəsinə 100% ziyan dəymişdir. Yəni, yonca sahəsi yenidən digər vətəndaş tərəfindən əkin edilmişdir. Həmin ərazidən 1 ha yonca sahəsindən 1 biçində 200-220 ədəd yonca presi əldə etmək olur. Həmin ərazidə su az olduğu üçün 2 üz yonca biçilir. Beləliklə vətəndaşa hər üz biçində 150-160 ədəd yonca presi əldə etmək mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçının əmlakına zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normalarına əsasən, mübahisəli torpaq sahəsi iddiaçıya məxsus olmalı və ya iddia qaldırmaq üçün torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada üçün hər hansı hüququ olmalı və iddiaçıya vurulmuş ziyan cavabdehin təqsiri ucbatından olmalıdır. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 2022-ci ildə Gədəbəy rayonu, Pərzamanlı kəndi ərazisində "Ağdaş" adlanan sahədə icarəyə götürdüyü torpaq sahələrinin 0.95 ha hissəsində yonca əkmişdiyini bildirmiş və Cavabdeh yonca əkdiyi sahəsinin 0.85 ha hissəsini yenidən şumlatdığını, bununla da yonca əkdiyi sahənin 0.85 ha hissəsinə 100 faiz ziyan vurduğunu iddia etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin icarəyə verilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun müvafiq maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunun 10-cu maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Göründüyü ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsi icarəyə verilən zaman qanunvericiliyə əsasən, icarəyəverən və icarəçi arasında qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməklə notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmalıdır. Lakin, üzərinə sübut etmə yükü düşən iddiaçı məhkəməyə belə bir müqavilə təqdim edə bilmədi və icarəyə verənlə arasında şifahi olaraq müqavilə bağlandığını bildirdi. Belə olan halda, iddia tələbi iddiaçının həmin mübahisəli torpaq sahəsi üzrə maddi ziyan tələb etmək üçün heç bir subyektiv hüququ olmadığından əsassızdır. Eləcə də, Cavabdeh tərəfindən mübahisəli ərazidə əkin işlərinin aparılması işdə iştirak edən şahid ifadələri və işdə olan sübutlarla öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehdən maddi ziyanın ödənilməsi tələbinin hüquqi əsası mövcud olmadığından hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 40 (qırx) manat dövlət İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar