Məhkəmə qərarları › İş №2(042)-6/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-6/2020

06.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-6/2020 06.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən onun mülkiyyətindən sərbəst istifadəsinə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən onun Gədəbəy rayonunun Novosaratovka kəndindəki mükiyyətində olan həyətə tərəf evində quraşdırdığı 3 ədəd pəncərələrin cavabdehin hesabına bağlanması və quraşdırdığı kombi qurğusunun tüstü borularının onun həyətinə tüstü buraxmasının qarşısının alınması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdehə məxsus Gədəbəy rayonunun Novosaratovka kəndindəki yaşayış evi iddiaçının evi ilə qonşuluqda yerləşir. Son zamanlar cavabdeh yeni ev tikdirmiş və iddiaçının qəti narazılığıma baxmayaraq, evinin onların həyətinə baxan hissəsində 3 ədəd pəncərə qoymuşdur. Həmin pəncərələrin onun həyətinə baxması iddiaçıya və ailə üzvlərinə maneələr törədir və onlar həyətlərindən sərbəst istifadə edə bilmirlər. Bundan başqa cavabdehin evində iki ədəd istilik qurğusu olan «Kombi» sistemləri quraşdırması nəticəsində onların tüstü boruları ağzı iddiaçının evinə tərəf çıxarılmışdır. Həmin qurğudan sutka ərzində ucadan səslər və pis qoxular gəlir ki, bu iddiaçının və ailə üzvlərinin səhhətinə mənfi təsir göstərir. Bununla bağlı o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X1 müraciət etmiş və araşdırma zamanı oradan pis qoxular və ucadan səslər gəlməsi öz əksini tapmışdır.Onlar mübahisəni məhkəmədən kənar həll etmək istəsə də bu mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasında iddia tələbini qismən etiraf etmiş, izahat verərək bildirmişdir ki, ona məxsus ev yeni tikilmiş, tikinti zamanı evin pəncərələri qoşunun həyəti tərəfə qoyulmuşdur. O, həmin pəncərələrin qarşısına görünməyən materialdan hasar çəkdirəcək və onu rəngləyəcəkdir. Lakin iddia tələbinin kombi qurğusunun sökülməsi hissəsinə münasibət bildirərkən, həmin qurğu ilə iddiaçının evi arasında 30 metrə yaxın məsafə olmasını qeyd etmiş, iddianın bu hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh evində quraşdırdığı iki ədəd istilik qurğusu- Kombi Aparatının tüstü borusunun İddiaçı məxsus evin həyətinə doğru çıxardığı müəyyən edilmiş, cüzi iy-qoxu və səs-küy müşahidə edilmişdir. İş üzrə iki dəfə ekspertiza təyin edilmiş, birinci dəfə cavabdehin, ikinci dəfə tərəflərin iştirakı təmin edilmədiyi üçün ekspertiza aparılmasından imtina edilmişdir. İş üzrə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh yeni tikilməkdə olan evinin ikinci mərtəbəsinə olan evin 3 ədəd pəncərəsi İddiaçı mülkiyyət hüququ ilə məxsus olan evin həyətinə tərəfə açılır. Həmçinin Cavabdeh yeni tikilməkdə olan evinin birinci mərtəbəsinə quraşdırmış olduğu kombilərin tüstü boruları İddiaçı mülkiyyət hüququ ilə məxsus olan evin həyəti istiqamətində çıxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddiatələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 38-ci maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə etmiş, cavabdeh isə iddia tələblərini qismən etiraf etmişdir. İş üzrə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh yeni tikilməkdə olan evinin ikinci mərtəbəsinə olan 3 ədəd pəncərəsi İddiaçı mülkiyyət hüququ ilə məxsus olan evin həyətinə tərəf açılır. Yəni, onun mülkiyyət hüququnu məhdudlaşdırır. Həmçinin Cavabdeh yeni tikilməkdə olan evinin birinci mərtəbəsinə quraşdırmış olduğu kombilərin tüstüsü İddiaçı mülkiyyət hüququ ilə məxsus olan evin həyəti istiqamətində buraxılır. Məhkəmə yerində baxış protokolunu və digər iş materiallarını əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, Cavabdeh evinə quraşdırdığı pəncərələr İddiaçı mülkiyyət hüququnu məhdudlaşdırır və evinin birinci mərtəbəsinə quraşdırmış olduğu böyük kombilərin tüstüsü isə həyətdə gəzən insanların səhhəti üçün zərərlidir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı Gədəbəy rayonunun Novosaratovka kəndindəki mükiyyətində olan həyətə tərəf evində quraşdırdığı 3 ədəd pəncərələr cavabdehin hesabına bağlanmalı və quraşdırdığı kombi qurğularının borularının yuxarı qaldırılmaqla boruların İddiaçı həyətinə tüstü buraxmasının qarşısı alınmalıdır. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri təmin edilsin. Gədəbəy rayonunun Novosaratovka kəndindəki mükiyyətində olan həyətə tərəf evində quraşdırdığı 3 ədəd pəncərələr Cavabdeh hesabına bağlansın və quraşdırdığı kombi qurğuları boruları yuxarı qaldırılmaqla, İddiaçı həyətinə tüstü buraxmasının qarşısı alınsın. Ödənilmiş 10 manat Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar