Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-602/2025 10.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmə iddia qaldıraraq, ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0,3114 ha hissəsini qanunsuz zəbt etməsi nəticəsində dəymiş zərərin (itirilmiş faydanın) əvəzinin (orta hesabla 45.000 (qırx beş min) manat) Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu, Soyuqbulaq kəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,8263 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə aiddir. Bundan əlavə torpaq sahəsinin plan və ölçüsü sənədi də onun adınadır. Bir sözlə torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədləri vardır. Torpaq sahələri Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 23 saylı qərarına əsasən bölünərək kənd təsərrüfatının istehsalı məqsədi ilə vətəndaşların mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktı vətəndaşlara 2000-ci ildə təqdim edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədindən də görünür ki, həmin sənəd J№ 65C nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının əsasında tərtib edilmişdir. Həmin torpaq sahəsinin 0,3114 ha hissəsini iş üzrə Cavabdeh qanunsuz olaraq zəbt edərək metal naqillə çəpərə alaraq istifadə edir. Hazırda sözügedən torpaq sahəsindən istifadə edə bilmirlər. O və ailə üzvləri cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymağı dəfələrlə xahiş etsələr də cavabdeh, buna məhəl qoymur. Onların hüquqları cavabdeh tərəfindən kobudcasına pozulur. Bu barədə bir çox aidiyyəti orqanlara müraciətlər etmişlər. Belə ki, atası Müzəffər Bağırov ləğv edilmiş Dövlət Torpaq və X1 rayon şöbəsinə və Ərtəpə bələdiyyəsinə dəfələrlə müraciətlər etmiş, sözügedən dövlət və bələdiyyə orqanlarının mütəxəssisləri tərəfindən torpaq sahələrinin ara nişanları cavabdehin iştirakı ilə yerində göstərilərək cavabdehə torpaq sahəsindən çıxması tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət Torpaq və Xəritəçəkmə Komistəsinin” ləğv edilməsi haqqında 5 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1ci bəndinə əsasən Komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları İqtisadiyyat Nazirliyinə verilmişdir. Ərtəpə bələdiyyəsi 2014-cü ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərindən sonra hazırki Söyüdlü bələdiyyəsinə birləşdirilmişdir. Onlar, Söyüdlü bələdiyyəsinə cavabdehlə aralarında olan mübahisənin həlli ilə bağlı müraciət etdikdə şifahi olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən bələdiyyələrdə olan torpaq xəritələri elektronlaşdırılması ilə bağlı aidiyyəti üzrə təhvil verildiyi üçün müraciətə baxmaq mümkün deyil. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinə müraciət edərək ona və ailə üzvlərinə məxsus pay torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Həmin sənədlər əsasında torpaq sahəsinin ara nişanlarının bir daha göstərilməsi və cavabdehlə aralarında yaranmış mübahisənin həlli ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Söyüdlü bələdiyyəsinə müraciət etmişdir. Hətta bunun üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə 160 (yüz altmış) manat xidmət haqqı ödəmişdir. Müraciəti əsasında 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən torpaq sahəsinin ara nişanları cavabdehin iştirakı ilə GPS ölçmə cihazı vasitəsi ilə müəyyən edilərək yerində göstərilməsinə baxmayaraq Cavabdeh bununla razılaşmamış, öz qanunsuz hərəkətlərini davam etdirərək onlara məxsus torpaq sahəsinin 0,3114 ha hissəsini təkrarən istifadə etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi və Söyüdlü bələdiyyəsi tərəfindən mübahisə mülki xarakterli olduğundan, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə də Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsi tərəfindən Cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin 0,3114 ha hissəsindən çıxarılması barədə 28 yanvar 2025-ci il tarixli 2(042)-24/2025 nömrəli Qətnamə çıxarılmışdır. Gədəbəy Rayon Statistika İdarəsinin 03 mart 2025-ci il tarixli məktubuna əsasən 2000-2024-cü illər üzrə dərc edilmiş statistik göstəricilərə əsasən kartofun orta məhsuldarlığı (illər üzrə məhsuldarlıq cəminin illərin sayına bölünməsindən alınan orta göstərici) 118,16 sentner/ha, 2004-2024-cü illərdə yer kökünün orta məhsuldarlığı (illər üzrə məhsuldarlıq cəminin illərin sayına bölünməsindən alınan orta göstərici) 146,6 sentner/ha, mətbəx çuğundurunun orta məhsuldarlığı (illər üzrə məhsuldarlıq cəminin illərin sayına bölünməsindən alınan orta göstərici) 135,75 sentner/ha olmuşdur. Sözügedən torpaq sahəsinin əkin üçün daha məhsuldar olduğunu nəzərə alaraq yüksək rentabelli gəlir əldə etmək məqsədi ilə o və ailə üzvləri həmin sahənin öz istifadələrində olan hissəsində müntəzəm olaraq kartof, növbəli şəkildə mətbəx çuğunduru və yerkökü bitkiləri əkininə üstünlük vermişlər. Yuxarıda qeyd edilənlərə və statsitik göstəricilərə əsasən Cavabdeh torpaq sahələri qanunsuz olaraq istifadə etməsi nəticəsində 2000-ci ildən etibarən ona və ailə üzvlərinə orta hesabla 45000 (qırx beş min) manat məbləğində maddi zərər (itirilmiş fayda) vurulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməmiş və izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasından onun məlumatı olmamışdır. İddiaçı indiyə qədər torpaq sahəsi ilə bağlı hər hansı mübahisə aparmamış və onu məhkəməyə verməmişdir. 2002-ci il tarixdən bu yana mübahisəli torpaq sahəsində hər hansı ölçmə işləri aparılmamış, mübahisə olmamış və torpaq sahəsinin iddiaçıya məxsus olması bildirilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
7. Belə ki, mülki iş materiallarında olan; - JN-0065 KOD 50521038 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə, İddiaçı və ailə üzvləri olan digər 4 nəfərə Gədəbəy rayonu, Soyuqbulaq kəndində 2,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Soyuqbulaq kəndində yerləşən 0,8263 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə payları olmaqla İddiaçı və ailə üzvləri olan digər 4 nəfərin adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeyd alınmışdır. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-24/2025 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xx.xx.2023- cü il tarixdə, ********** nömrə ilə İddiaçı və ailə üzvlərinin adına qeydə alınmış Gədəbəy rayonu, Soyuqbulaq kəndində yerləşən 0,8263 ha torpaq sahəsinin 0,3114 ha hissəsindən (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh çıxarılması qət edilmişdir. - Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-24/2025 saylı qətnaməsinin icrası üzrə Cavabdeh zəbt etdiyi 0,3114 ha torpaq sahəsini İddiaçı təhvil vermişdir.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
9. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
10. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçıya zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
14. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
15. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
16. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Gədəbəy rayonu, Soyuqbulaq kəndində yerləşən 0,8263 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-24/2025 saylı qətnaməsi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xx.xx.2023- cü il tarixdə, ********** nömrə ilə İddiaçı və ailə üzvlərinin adına qeydə alınmış Gədəbəy rayonu, Soyuqbulaq kəndində yerləşən 0,8263 ha torpaq sahəsinin 0,3114 ha hissəsindən (mütəxəsis rəyinə əlavə olunmuş sxemə müvafiq olaraq) Cavabdeh çıxarılması qət edilmişdir. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq, cavabdehin ona məxsus torpaq sahəsini qanunsuz olaraq istifadə etməsi nəticəsində ona əldən çıxmış fayda olaraq 45.000 manat məbləğində zərər vurduğunu iddia etmiş və zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatından istifadə etdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmasından məlumatının olmadığını və məhkəmə qətnaməsi çıxarılan zaman iddiaçıya məxsus torpaq sahəsini istifadə etməsindən məlumatının olduğunu bildirmişdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
18. Göründüyü kimi, İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiqini tapır. Mübahisəli torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş və daha sonra iddiaçının və ailə üzvlərinin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestirində qeydə alınmışdır. İddiaçı Cavabdeh uzun illər, 2000-2024-cü illər müddətində mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsini istifadə etdiyini iddia edir. Lakin, İddiaçı bu uzun müddət ərzində Cavabdeh qarşı hər hansı mülki iddia qaldırmamış və cavabdehin torpaq sahəsini boşaltması barədə tədbirlər görməsini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə qeyd edir ki, iddiaçı həmin torpaq sahəsindən (zəbt olunmuş hissəsini) uzun müddət ərzində faktiki istifadə etməmiş, cavabdehin istifadəsinə qarşı çıxmamış və onun qanunsuz hərəkətlərinə dərhal hüquqi reaksiya verməmişdir. Məhkəmə hesab edir ki, bu halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən onun xeyrinə maddi zərər ödənilməsini tələb etməsi hüquqdan sui-istifadə hesab edilə bilər.
20. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası rədd edilməlidir.
V. Nəticə:
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi:
İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov