Məhkəmə qərarları › İş №2(042)-603/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-603/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-603/2024 20.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2900 manatın və dövlət rüsumu üçün ödənilmiş 50 manatın, cəmi 2950 manatın cavabdehdən tutularaq ona ödəniləsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh ümumilikdə 3200 manatın və dövlət rüsumu üçün ödənilmiş 50 manatın, cəmi 3250 manatın alınıb ona verilməsinə dair dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özünə avtomobil almaq istəmiş, xx.xx.2024-cü il tarixdə “Turbo.az” internet saytında cavabdehə məxsus “Mercedes Benz 280 minik” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin satıldığını görmüş, həmin avtomobili bəyəndiyi üçün Şəmkir rayonu Krazyolu massivində cavabdehin yaşadığı evə gedib avtomobil baxmışdır. Avtomobili bəyəndiyi üçün 50 manat beh vermiş və avtomobili 7200 manata razılaşmışlar. Cavabdeh ona avtomobilin hazırda kreditdə olduğunu və 5 ay ödənişi ümumi 2800 manat kredit borcu qaldığını, 7200 manatın 2800 manatının banka qalanının isə ona ödənilmli olduğunu bildirmişdir. O cavabdehlə bu barədə razılaşmışdır. O, cavabdehə banka getməyi təklif etmiş, cavabdeh isə, evini təmir etdirdiyi üçün ustaların təmiri qurtardıqdan sonra gedə biləcəyini və ustalara və digər ödəniş edəcəyi adı ilə ondan ümumilikdə 2900 manat pul aldı (bununla bağlı ödəniş qəbzləri vardır). Onlar xx.xx.2024cü il tarixdə Bakı şəhərinə cavabdehin borclu olduğu avtosalona getmişlər. Orada onlardan ödənişdən əlavə olaraq 1100 manat pul tələb edilmişdir. Belə olan halda o cavabdehə bildirmişdir ki, sən əlavə olaraq 1100 manat ödəməli olduğunu ona bildirməmişdir və həmin qiymətə avtomobil mənə sərf etmir. Odur ki, cavabdehdən ödədiyi 2900 manatı qaytarmasını xahiş etmişdir. Cavabdeh isə onun pulunu qaytarmaq əvəzinə DİN-nin 102 qaynar xəttinə şikayət etmişdir. Həmin şikayətlə bağlı Şəmkir RPŞ-də cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Cavabdeh Şəmkir RPŞdə həmin şikayətlə bağlı izahat vermiş, ondan 2900 manat aldığını etiraf etmiş və pulu ona qaytaracağını söz vermişdir. Göründüyü kimi cavabdehin ondan 2900 manat alması öz təsdiqini tapmışdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh guya ona satdığı maşınla bağlı o Bakı şəhərinə və eləcə də cavabdehdən pulunu almaq üçün dəfələrlə taksilə onun evinə getmiş və ümumilkdə qeyd olunanlara görə 300 manat xərc çəkmişdir. Odur ki, həmin xərcində cavabdehdən tutulmasını tələb edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında ərizələrdə göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, onlar avtomobilin alınması məqsədi ilə cavabdehə verdikləri 2900 manat məbləğində pulun 2260 manat hissəsini kartla göndərmiş, qalan hissəsini isə nağd olaraq cavabdehə vermişdir. Həmçinin iş üzrə əlavə olaraq vəkilə xidmət haqqı və digər əlavə xərclər çəkmişdir ki, həmin məbləğ 300 manat təşkil edir. Həmin məbləğində cavabdehdən tutulmasını tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X3 14 mart 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Cavabdeh Şəmkir rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, kreditdə olan “Mercedes Benz 280 minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili 2900 manat beh müqabilində Elvin adlı şəxsə verməsini, hazırda Elvinin pulu, nədə ki, avtomobili vermədiyini bildirmiş, pulunun alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət əsasında araşdırma aparılmış və İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehə nəqliyyat vasitəsinin alğ-satqısı məqsədilə 2900 manat verdiyini sübuta yetirməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi olmamış və belə bir müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Lakin işin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı sözügedən “Mercedes Benz 280 minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satın alınması məqsədi ilə cavabdehə pul vermişdir. Cavabdeh Şəmkir rayon Polis şöbəsində nəqliyyat vasitəsinin alqı-satqısında yaranmış mübahisə üzrə aparılmış araşdırma zamanı verdiyi izahatında iddiaçıdan bu məqsədlə pul aldığını etiraf etmişdir. Lakin tərəflər arasında nəqliyyat vasitəsinə dair alğı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçının cavabdehə 2900 manat pul verməsi cavabdeh tərəfindən təkzib edilmir. Həmçinin, cavabdehə göndərilmiş pul vəsaitinin 2260 manat hissəsi təqdim edilmiş hesabdan çıxarış və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən aldığı 2900 manat pul məbləği həddində əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə iddiaçının 300 manat çəkilmiş xərcin cavabdehdən tutulması barədə tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin xərclərin çəkilməsini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2900 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 51 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2900 manat məbləğində pul və 51 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 2951 (iki min doqquz yüz əlli bir) manat pul vəsaiti alınıb İddiaçı qaytarılsın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar