Məhkəmə qərarları › İş №2(042)-617/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-617/2023

26.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-617/2023 26.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdeh və ailə üzvləri tərəfindən bulağa qoyulmuş qadağaların aradan qaldırılması, su nasosunun, bulağa vurulmuş qıfılın, tor setkanın götürülməsi və həmin hərəkətlərin təkrarlanmasına qadağa qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, Cavabdeh və onun ailə üzvüləri tərəfindən ümumi istifadədə olan bulaqlara etmiş olduqları qadağaların aradan götrülməsi və bulağa qoymuş olduğu su nasosunun götrülməsi və bulağa vurmuş olduğu qıfılın götürülməsi, tor setkanın bulağın ətrafından götrülməsi və belə halların təkrarlanmasına qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar yaşadıqları Gədəbəy rayonu, Heriknaz kəndi ən ucqar kəndlərindən biridir. Su qıtlığından həmin kənddə demək olar ki, 10-a yaxın ev yaşayır. Kəndin ümumi istifadəsində həmin kənddə yaşayış olandan hal-hazıra qədər olan dövür ərzində onların evlərinin yaxınlığında təbbi qaydada yerdən çıxma bulaq var və həmin bulaqlardan heyvanlarını və eləcə də özlarinin içmək suyu kimi istifadə edirlər. Həmin bulaqlar cavabdehin həyətyanı torpaq sahəsinin yaxınlığından çıxmağından istifadə edərək həmin bulaqların yerləşdiyi ərazini tor setka ilə çəpərləyərək bir bulağa su nasosu qoyaraq ağzını dəmir kaniksturusyalarla bağlayaraq qıfıl vurmuş, digər bulağın üstünü isə örtərək onların həmin bulaqlaran istifadələrini məhdulaşdırmışdır. Sözügedən bulaqlar bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində olmaqla həmin cavabdehin indiyədək onlarla birlikdə ümumi qaydada həmin sudan istifadə etmişdir. Həmin sudan son dövürə qədər istifadə etdikləri müddətdə cavabdehlə heç bir söz söhbət olmamışdır. Hal-hazırda cavabdeh sudan onların istifadə etmələrinə ailəlikcə maneçilik törədirlər. Bir sözlə suyu vermək istəmirlər. Bugünkü günü başqa bir yerdə içməli su olmadığı üçün yeganə su olaraq bu sudan istifadə etmişlər. Cavabdeh və onun ailə üzvlərini nizam-intizama dəvət etsələr də bu bir müsbət nəticə verməmişdir. Bir sözlə cavabdeh öz çirkin əməllərindən əl çəkmək istəmir. Nəticədə onların suyu kəsilmişdir. Cavabdeh tərəfindən onlar sularının kəsilməsi ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti Başçısına, Gədəbəy rayonunun Poladlı kənd İƏD-üzrə nümayəndəliyinə və həmin kənd Bələdiyyəsinə müraciələr etmişlər. Qaraməmmədli Bələdiyyəsinin sədri M.Həsənova onlar rəsmi ərizə ilə müraciət etmişlər və onların müraciətləri əsasında mübahisəli suya baxış keçrilmiş və Cavabdeh və onun ailə üzvülərinə su mənbəyinə qoymuş olduqları su matorunun götrülməsi və bulağın ətrafına çəkmiş olduğu tor setkanın götrülməsini bildirilsə də bələdiyyənin dediklərinə əməl etməmiş və sudan onların istifadə etməyə qoymayacağını bildirmişdir. Bu barədə Bələdiyyə sədri onlara rəsmi məktub ünvanlamış və qeyd etmişdir ki, mübahisəni dinc yolla həll etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə orqanlarına müraciət etmələri bildirilmişdir. Cavabdeh həmin təşkilatların nümayəndələri tərəfindən könüllü olaraq intizam-intizama dəvət edilsə də bu mümkün olmamışdır. Cavabdeh öz inadından demək olar ki, əl çəkmir. Yekunda onlara bildirilmişdir ki, bu məsələ mülki mübahisə olduğu üçün adiyyəti üzrə Gədəbəy rayon Məhkəməsinə müraciət etməsi barədə məktublar təqdim olunmuş və məsləhət görülmüşdür. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, Gədəbəy rayonu, Heriknaz kəndində yaşayır. onların iki su bulağı mövcuddur. Bulaqlardan birinə su nasosu qoyaraq, digər bulağı isə metal torla hasarlayaraq onların bulaqlardan istifadələrinə maneələr yaradır. Bununla bağlı kəndin icra nümayəndəliyinə, polis sahə rəisinə və bələdiyyəyə məlumat verilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilə bilməmişdir. Həmin bulaqlar ümumi istifadədə olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar, İddiaçı1 ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etdi və izahat verərək bildridi ki, o, Gədəbəy rayonu, Heriknaz kəndində yaşayır. İddiaçıların özlərinin bulaqları vardır. Bulaqların yerləşdiyi və onun tərəfindən metal tor ilə hasarlamış olduğu yer onun ata yurdu olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 244, 245 və 247 saylı arayışlardan görünür ki, İddiaçı1, İddiaçı2 və Cavabdeh hazırda Heriknaz kəndində yaşayırlar və qeydiyyatdadırlar. İşdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən Gədəbəy rayon Qaraməmmədli kənd Bələdiyyəsinə və digər ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Mahir Musayev və atası Cavabdeh ilə aralarında yaranmış su mübahisəsi mülki xarakterli olduğundan onların bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci, 158.3 və 158.4-cü maddələrinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmədə müəyyən edildi ki, iddiaçılar və cavabdeh uzun müddətdir ki, qeyd edilən mübahisəli bulaqlarından istifadə etmişlər. Cavabdeh isə həmin bulaqlardan birinin ətrafına metal tor hasar çəkmiş, digər bulağın üstünü dəmir kastiruksiya ilə bağlayaraq ordan suyun çəkilməsi üçün su nasosu qoymuş və qıfıl ilə bağlamışdır. Cavabdeh məhkəmə iclasında qeyd edilən hərkətləri etməsini təkzib etməmiş və həmin bulaqların yerləşdiyi torpaq sahəsinin onun ata yurdu olduğunu iddia etmişdir. İddiaçılar isə həmin bulaqların onların ümumi istifadəsində olduğunu bildirmiş və cavabdeh tərəfindən yaradılmış qeyd edilən maneələrin aradan qaldırılmasını tələb etmişlər. Azərbaycan Respublikasının Su Məcəlləsinin 11, 12 və 13-cü maddələrinə əsasən, su obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olar bilər. Dövlət mülkiyyətində olan su obyektlərinə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, sərhəd su obyektləri dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri və xüsusi qorunan su obyektləri aiddir. Su Məcəlləsinin 35-ci maddəsinə əsasən, su obyektləri içməli su və məişət təchizatı, müalicə, kurort və sağlamlaşdırma, istirahət və idman, sənaye, tikinti və energetika, kənd təsərrüfatı, meşə təsərrüfatı, hidroenergetika, nəqliyyat, balıqçılıq, o cümlədən akvakultura, ovçuluq, tullantı suların axıdılması, yanğından mühafizə və digər məqsədlər üçün istifadə edilə bilər. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən, ümumi istifadədə olan su obyektləri — istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədi ilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Həmin Məcəllənin 38-ci madəsinə əsaəsn, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən, su obyektlərindən kənd təsərrüfatı ehtiyacları üçün istifadə, sudan istifadə limitlərinə riayət etməklə, ümumi və xüsusi məqsədlər üçün istifadə qaydasında həyata keçirilir. Məhkəmə qeyd edir k, mübahisəli su bulaqlarının nə iddiaçılara, nədəki cavabdehə məxsus olması və ya hər hansının həmin bulaqlar üzrə üstün hüquqa malik olması məhkəmədə müəyyən edilmir. Həmin mübahisəli su obyekti ümumi istifadədədir. Bu suyun istifadəsi hamı üçün eynidir. Həmin sudan istifadəyə hər hansı şəxsin üstün hüququ istisna edilir və həmin sudan hamı bərabər istifadə etməlidir. Cavabdeh tərəfindən həmin su bulaqlarına nasos qoyularaq suyun çəkilməsi, üzərinin dəmir konstruksiya ilə bağlanaraq qıfıl vurulması və ətrafına metal tor hasar çəkilməsi iddiaçıların həmin sudan cavabdehlə bərabər şəkildə istifadə etmələrinə maneə yaradır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən su obyektlərinə yaradılan maneələr aradan qaldırılmalı və tərəflərin həmin su obyektlərindən bərabər şəkildə istifadə etmələrinə imkan yaradılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Gədəbəy rayonu, Heriknaz kəndində yerləşən hazırki iş üzrə mübahisəli, ümumi istifadədə olan bulaqlardan istifadələrinə bulaqlara qoyulmuş su nasosu, çəkilmiş metal tor və qıfıl götürülərək edilən maneələr aradan qaldırılmalı və Cavabdeh və ailə üzvləri tərəfindən həmin maneələrin təkrarlanmasına qadağa qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh və onun ailə üzvləri tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Gədəbəy rayonu, Heriknaz kəndində yerləşən hazırki iş üzrə mübahisəli, ümumi istifadədə olan bulaqlardan istifadələrinə bulaqlara qoyulmuş su nasosu, çəkilmiş metal tor və qıfıl götürülərək edilən maneələr aradan qaldırılsın. Cavabdeh və ailə üzvləri tərəfindən həmin maneələrin təkrarlanmasına qadağa qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat Cavabdeh alınaraq İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar