Məhkəmə qərarları › İş №2(042)-629/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-629/2023

31.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-629/2023 31.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh vurulmuş maddi zərərə görə 980 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayonu, Novosaratovka kəndində 1.3 ha torpaq sahəsinə taxıl səpmişdir. Həmin 1.3 ha ərazidə əkdiyi taxıl sahəsinin təxminən 30%-ni iş üzrə Cavabdeh məxsus iri buynuzlu mal-qara ayaqlamış və məhsulu yeyərək tamamilə yararsız hala salmışdır. Bazarda taxılın bir kiloqramının qiyməti 65-70 qəpikdir. Beləliklə də məhsulun yararsız hala düşməsi nəticəsində cavabdeh tərəfindən ona 980 manat maddi zərər vurulmuşdur. Cavabdeh ona vurmuş olduğu maddi zərəri könüllü olaraq ödəmək istəmir. Odur ki, mübahisənin məhkəmə yolu ilə həll edilməsinə zərurət yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, qeyd edilən torpaq sahəsi 2005-ci ildən o istifadə edir. Torpaq sahəsi ona verilmişdir. Ondan indiyə qədər heç kəs torpaq sahəsinə dair sənəd tələb etməmişdir. Cavabdeh ilə 2023-cü il tarixə kimi aralarında bu məsələ ilə bağlı heç bir narazılıq olmamışdır. Cavabdeh ona məxsus torpaq sahəsində əkilmiş taxıl sahəsinə heyvanlarını buraxaraq ona ziyan vurmuşdur. Bununla bağlı Gədəbəy rayon Polis şöbəsində də araşdırma aparılmış və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsini istəyir. Bələdiyyə tərəfində ona torpaq sahəsini əkməməsi barədə məktub göndərilmişdir. Həmin torpaq sahəsinə dair onun adına heç bir sənəd yoxdur. Həmin torpaq sahəsi bundan əvvəl Gədəbəy rayonu, Novosaratovka kəndində yaşamış və daha sonra kənddən köçüb getmiş rus milliyətində olan şəxslərə məxsus olmuşdur. Həmin torpaq sahəsi ona verilmişdir. Həmin kənddə digər kənd sakinləri də torpaq sahələrini yiyələnərək istifadə edirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçının əkib-becərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Hətta bələdiyyə iddiaçıya məktub ünvanlayaraq həmin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini əkməməsini tələb etmişdir. İddiaçı həmin torpaq sahəsini özbaşına əkdiyinə görə bələdiyyə iddiaçını polisə və prokurorluğa şikayət etmişdir. İddiaçının taxıl əkdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan örüş sahəsidir. İddiaçı tərəfindən əkilmiş torpaq sahəsinə təkcə onun yox, digər kənd camaatının da mal-qarası girmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 154 saylı arayışdan görünür ki, xx.xx.2023-cü mərkəzi bazarda 1 kq taxılın qiyməti 65-70 manat təşkil edir. İşdə olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 06 saylı rəyindən görünür ki, İddiaçı müraciətinə əsasında onun Gədəbəy rayonu, Novosaratovka kəndində əkin-səpin etdiyi 1.3 ha taxıl sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin 1.3 ha əraziyə “Mauzer” sortlu taxıl əkilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazi iribuynuzlu mal-qara tərəfindən otarılaraq 1.3 ha ərazidə əkilmiş taxıl sahəsinin 30 faizinə ziyan dəymişdir. Həmin ərazinin və taxıl sortunun yaxşı olmasını, sahəyə yaxşı aqrotexniki qulluq göstərilməsini nəzərə alındıqda həmin sahənin 1 hektarından 3.5 ton taxıl məhsulu əldə etmək mümkündür. Beləliklə vətəndaşın 1.3 ha taxıl sahəsində 1.3-1.4 ton məhsula ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçının əmlakına zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsin əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd olunan hüquq normalarına əsasən, mübahisəli torpaq sahəsi iddiaçıya məxsus olmalı və ya iddia qaldırmaq üçün torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada hər hansı hüququ olmalı və iddiaçıya vurulmuş ziyan cavabdehin təqsiri ucbatından olmalıdır. Məhkəmədə tərəflərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı 2023-cü ildə Gədəbəy rayonu, Novosaratovka kəndində istifdəsində olan 1.3 ha torpaq sahəsinə taxıl məhsulu əkdiyini və Cavabdeh özünə məxsus mal-qaranı onun əkdiyi taxıl sahəsinə buraxaraq ona 980 manat məbləğində ziyan dəydiyini iddia etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun istifadəsində olan torpaq sahəsində əkilmiş taxıl məhsuluna cavabdeh tərəfindən ziyan dəydiyini bildirsə də, üzərinə sübut etmə yükü düşən iddiaçı məhkəməyə həmin torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyən edici sənəd və ya həmin torpaq sahəsindən istifadə hüququnun olmasını təsdiq edən hər hansı sübutlar təqdim edə bilməmiş və belə bir sənədin olmadığını bildirmişdir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ona qanuni əsaslarla məxsus olmayan torpaq sahəsində əkin işləri aparmışdır ki, onun bu hərəkətləri qanuna zidd olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının həmin mübahisəli torpaq sahəsi üzrə maddi ziyan tələb etmək üçün heç bir subyektiv hüququ olmadığından əsassızdır. Eləcə də, məhkəmə qeyd edir ki, cavabdeh və ya digər şəxslər tərəfindən iddiaçının istifadə etdiyi əkin sahəsinə ziyan vurulması məhkəmədə sübuta yetirilmir. Həmçinin iddiaçı mübahisəli torpaq sahəsini heç bir qanuni əsas olmadan istifadə edir, ona görə də, məhkəmə hesab edir ki, iddiaçının həmin torpaq sahəsi üzrə vurulmuş ziyanın ödənilməsini tələb etməsi üçün heç bir hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehdən maddi ziyanın ödənilməsi tələbinin hüquqi əsası mövcud olmadığından hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar