Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-639/2020 11.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmə iddia qaldıraraq Cavabdeh ona dəymiş 40500 manat zərərin tutulub verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Yaşadığı evin həyətində gavalı və gilas ağacları əkilmişdir. Cavabdeh on aməxsus 25 ədəd gavalı və 2 ədəd gilas ağacının dibini oyaraq qazmış və ağaclar quruyub məhv olmuşdur. Nəticə də ona məhv olmuş 25 ədəd gavalı ağacına görə hər bir ağac 1500 manat olmaqla cəmi 37000 manat, 2 ədəd gilas ağacına görə hər bir ağac 1500 manat olmaqla cəmi 3000 manat, ümumilikdə 40500 manat maddi ziyan vurmuşdur. O, ağacların məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X6 müraciət etmiş, həmin şöbə tərəfindən verilmiş məktubla ağacların məhv edilməsi sübuta yetirilir. O, cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsini istəyir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, iddiaçının ona qarşı qaldırdığı iddia tamamilə əsasızdır. O, iddiaçının torpaq sahəsinə müdaxilə etməmiş, iddiaçıya məxsus heç bir ağaca ziyan vurmamışdır. İddiaçı ilə onun torpaq sahəsinin arasında təxminən 1960-cı ildən daş hasar çəkilmişdir. Həmin hasarın bir hissəsi uçmuş, 4-5 ağacın kökünün o hissədə torpağı ovulmuşdur. O, iddiaçıya hər hansı ziyan vurmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid X8 məhkəmə iclasında bildirdi ki, o, 2019-cu ildən Gədəbəy RİHB-nin Qaradağ kənd İƏD üzrə nümayəndəliyində icra nümayəndəsi vəzifəsində işləyir. İddiaçının torpaq sahəsi cavabdehin torpaq sahəsi ilə həmsərhəddir. Torpaq sahələri arasında daş hasar vardır. İddiaçının torpaq sahəsində meyvə ağacları vardır ki, həmin ağaclar hal-hazırda yerindədir. Lakin həmin hasarın bir hissəsi uçduğuna görə bir neçə ağacın gövdə tərəfdən zoğları (kökləri) üzdə qalmışdır. O, nümayəndəlikdə işlədiyi dövrdə mübahisəli ərazidə ağac kəsilməmişdir. Şahid X10 məhkəmə iclasında Gədəbəy rayonu Arıqdam bələdiyyəsinin sədri vəzifəsində işlədiyini bildirdi və şahid X5 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Qaradağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 117 və 118 saylı arayışlardan görünür ki, Hüseynov X3 İƏD üzrə nümayəndəlikdə qeydiyyatdadır. Hal-hazırda Qaradağ kəndində yaşayır. Ailə tərkibi özü və arvadı X1 ibarətdir. İşdə olan JN-087A KOD 50532028 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon X2 xx xxxxxx 2001-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Qaradağ kəndində 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-086A KOD 50532028 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon X2 xx xxxxxx 2001-ci il tarixli 02 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə Gədəbəy rayonu, Qaradağ kəndində 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və X7 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 597 saylı məktubdan görünür ki, idarənin əməkdaşları tərəfindən İddiaçı və Cavabdeh iştirakı ilə yerində baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, 25 ədəd gavalı, 2 ədəd gilas ağaclarının dibindəki torpaq bellə qazılması nəticəsində ağacların kökləri açıqda qalmışdır. Həmin ağaclar İddiaçı ilə qonşusu arasında olan xüsusi mülkiyyətə aid torpaq sahəsində yerləşir və mübahisənin həll edilməsi idarənin səlahiyyətlərinə aid deyildir. İşdə olan DVD-diskə və fotoşəkillərə baxış keçirilərkən məlum olur ki, iddiaçı və cavabdehə aid torpaq sahələri arasında yerləşən daş hasarın bir hissəsinin uçması nəticəsində iddiaçıya məxsus meyvə ağaclarının bir neçəsinin kökü üzdə qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 40500 manat maddi ziyan vurulduğunu sübut etməlidir. Məhkəmədə müəyyən edildi ki, iddiaçıya məxsus olan, cavahdehlə qonşuluqda yerləşən meyvə ağaclarının köklərinin üzdə qalması cavabdehin təqsiri üzündən baş verməmişdir. Belə ki, tərəflərin izahatlı, şahid ifadələri və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, iddiaçı və cavabdeh Gədəbəy rayonu, Qaradağ kəndində kəndində qonşuluqda yaşayırlar. Onların torpaq sahələri həmsərhəddir. İddiaçı özünə aid torpaq sahəsində gavalı və gilas ağacları əkmişdir. Torpaq sahələri arasında daş hasar yerləşir və həmin hasarın bir hissəsinin uçması nəticəsində iddiaçıya məxsus meyvə ağaclarının bir neçəsinin kökü üzdə qalmışdır. Mülki Məcəllənin 170-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli ərazidə əkilmiş və cavabdehə məxsus daş hasarın bir hissəsinin uçması nəticəsində iddiaçıya məxsus meyvə ağaclarının bir neçəsinin kökü üzdə qalması cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməmişdir və iddiaçı bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Odur ki, məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-639/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-639/2020
11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver