Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-653/2025 20.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin azaldılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2010-cu il doğum tarixli X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 tərbiyə edilməsi üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-229/2023 saylı qətnaməsinin dəyişdirlərək cavabdehin aylıq (hər cür) qazancından sabit pul məbləğində bir uşağa görə 245 manat olmaqla ümumilikdə iki uşağa görə cəmi 490 manat məbləğində alimentin miqdarının artırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu il tarixdə faktiki nikah münasibətinə daxil olaraq evlənib bir ailədə 2018-cü ilin əvvələrinə kimi birlikdə yaşamışlar. Onların birgə yaşayışlarından xx.xx.2010-cu il doğum tarixli X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 adında iki övladları olmuşdur. Azyaşlı uşaqları onun himayəsində yaşayırlar. Cavabdeh aliment tələbinə dair xx.xx.2019-cu il tarixli, xx.xx.2023cü il tarixli Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi əsasında bir uşağa görə 150 manat aliment təyin edilmişdir. Təyin edilmiş 300 manat miqdarında aliment uşağının maddi təminatını ödəmir. Cavabdeh müəllim işləyir maddi imkanı qənaətbəxşdir. Uşağının saxlanılıb tərbiyyə edilməsi üçün Cavabdeh aylıq qazancından iki uşağa görə günün tələbinə uyğun olaraq 246 manat sabit pul məbləğində aliment tutulmasını istəyir. Belə ki, azyaşlı uşaqlarının məktəb və digər hazırlıq xərclərini ödəyə bilmir. Valideyinlərinin himayəsində yaşayır və valideyinləri heç yerdə işləmirlər. Məhkəməyə müraciət etməmişdən əvvəl xx.xx.2025-ci il tarixdə mediator Mübariz Cəfərov tərəfindən ilkin mediasiya sessiyası keçrilmiş və Cavabdeh ilə barşıq sazişi bağlamışlar. Həmin barşıq sazişi əsasında iki uşağa görə hər ay 360 manat aliment ödəyəcəyini öhdəlik götürmüşdür. Lakin, cavabdeh barşıq sazişinə əməl etməyərək qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hər cür qazancından iki uşağa görə təyin edilmiş 300 manat alimentin miqdarının artırlaraq 490 manat miqdarında müəyyən edilməsini istəyir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu Parakənd kənd tam orta məktəbində müəllim işləyir. Dərs saatı və maaşı azdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş iki uşaq üçün cəmi 300 manat aliment ödəməyə gücü çatır. Onun özünün də əlavə xərcləri vardır. Alimentin miqdarı artarsa ödəməyə gücü çatmır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
7. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-229/2023 saylı qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(042)-912/2019 saylı qətnaməsi ilə 12 aprel 2010-cu il tarixdə anadan olmuş X4 və 27 mart 2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 110 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-48/2025 saylı qərardadından görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il doğum tarixli X9 və xx.xx.2012-ci il doğum tarixli X1 üçün Cavabdeh sonrakı artırımalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.43 misli həddində aliment alınaraq İddiaçı verilməsi qərara alınmışdır. - mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər, yəni Cavabdeh və İddiaçı razılığa gəldiyi mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlər və həmin şərtlərin yerinə yetirilməsinin üsulu və müddətləri aşağıdakı kimidir; “xx.xx.2010-cu il doğum tarixli X7 və xx.xx.2012-ci il doğum tarixli X8 xx.xx.2023-cü il tarixli 2(042)-229/2023 məhkəmə qərarı ilə hər bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində kəsilmiş aliment pulundan əlavə artırılaraq hər bir uşaq üçün 30 manat olmaqla cəmi 60 manat miqdarında aliment pulunu ata Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə xx.xx.2025-ci il tarixindən hər ay maaş aldığı vaxtdan etibarən ana İddiaçı adına olan kart hesabına köçürəcəyini öz üzərinə öhdəlik götürür”.
8. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
10. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. - Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar.
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-3-cü bəndində məhkəmələrə izah edilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. - Həmin Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
13. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-229/2023 saylı qətnaməsinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(042)-912/2019 saylı qətnaməsi ilə 12 aprel 2010-cu il tarixdə anadan olmuş X4 və 27 mart 2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 110 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra iddiaçı təyin edilmiş alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-48/2025 saylı qərardadına əsasən, xx.xx.2025-ci il tarixdən başlayaraq 12 aprel 2010-cu il tarixdə anadan olmuş X4 və 27 mart 2012-ci il tarixdə anadan olmuş X2 üçün Cavabdeh sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.43 misli həddində aliment alınaraq, İddiaçı verilməsi qərara alınmışdır.
14. İddiaçı hazırda həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 245 manat, olmaqla iki uşaq üçün cəmi 490 manat sabit pul məbləğində aliment tələb edir və iddiasını cavabdehin maddi vəziyyətində olan dəyişikliklə, yəni maddi imkanının yaxşılaşması ilə əsaslandırır. Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110- cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir.
V. Nəticə:
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov