Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-660/2021 19.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən bağlanmış avtomobil yolunun açılması və onun torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş ayaqyolunun sökülməsi tələblərinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən bağlanmış avtomobil yolunun açılması və həmin torpaq sahəsində qanunsuz qoyulmuş ayaqyolunun cavabdeh tərəfindən götürülməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsinə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsinə gedən avtomobil yolunu bağlamış və ona məxsus torpaq sahəsində qanunsuz tualet tikmişdir. O, avtomobil yolunun açılmasını və tualetin götürülməsini cavabdehdən xahiş etsə də mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında, izahat verərək bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə gedən avtomobil yolu açıq vəziyyətdədir və ona heç bir maneələr yaratmamışdır. Həmçinin ona məxsus tualet cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. İş üzrə yerində müayinə keçirilmiş müəyyən edilmişdir ki, iddiaçının evi və həyətyanı torpaq sahəsinə eni 4-5 metr olan yol gedir. Cavabdehin inşa etdiyi ayaqyolu onun özünə məxsus torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 38-ci maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, iş üzrə yerində müayinə keçirilmiş müəyyən edilmişdir ki, iddiaçının evi və həyətyanı torpaq sahəsinə eni 4-5 metr olan yol gedir. Cavabdehin inşa etdiyi ayaqyolu onun özünə məxsus torpaq sahəsində yerləşir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin torpaq sahəsində yerləşən ayaqyolu kanalizasiya xəttinə birləşdirilməmişdir. Bu iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinə gedən avtomobil yolunun cavabdeh tərəfindən tutulmasını və cavabdehin ona məxsus torpaq sahəsində tualet tikməsini sübut edə bilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Cavabdeh məxsus ayaqyolu kanalizasiya xəttinə birləşdirilməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat dövlət rüsumunun 5 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh məxsus ayaqyolu kanalizasiya xəttinə birləşdirilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun 5 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-660/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-660/2021
19.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver