Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-662/2020 14.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh müqavilə müddəti xx xxxxx 2014cü il tarixdən xx xxxxxx 2016-cı il tarixinə kimi hər ay 500 manat pul, sonuncu ay 800manat pulu ödəmək şərti ilə 10800 manat məbləğində pulun qalan 7600 manat hissəsinin ona ödənilməsi, qalan 7600 manat pul vəsaitinin əldən çıxmış faydasının hesablanması və Cavabdeh onun xeyrinə tutulmasına, ödənilmiş 31 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin aprel ayından tanıdığı Cavabdeh Bakı şəhəri, Dəməgül şosesində yerləşən mebel sexində mebel istehsalı ilə məşğul olurmuş. İnqilab ondan dəfələrlə “laminat” tikinti materialı alırmış və materialın pulunu gecikdirməyib vaxtlı-vaxtında verdiyindən ona inanıb etibar etdiyi üçün həmişə nisyə tikinti materialı vermişdir. İnqilab onun etibarını qazandığından sonuncu dəfə ona 10800 manat dəyərində tikinti materialını nisyə vermişdir. Bundan sonra cavabdeh həmin materialın pulunu verməmiş və yaranmış borcu bu günə kimi qaytarmamışdır. Hər dəfə cavabdehə borcu ödəməyi tələb edəndə müxtəlif bəhanələr gətirmiş, o, polis orqanlarına müraciət edəcəyini bildirəndə notariat kontorunda borc müqaviləsi bağlamağı xahiş etmişdir. Bu məqsədlə Bakı şəhəri 9 saylı notariat kontorunda Cavabdeh ona borclu olması və borcun qaytarılmasına dair aralarında xx.xx.2014-cü il tarixində borc müqaviləsi bağlanmışdır. Qeyd edilən borc müqaviləsi ilə verilmiş pul vəsaitindən bir neçə dəfə hissəhissə, cəmi 3200 manat pulu Cavabdeh ona qaytarmışdır. Qalan 7600 manat pulu isə bu günə kimi qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağına söz vermiş, lakin faktiki olaraq pulu qaytarmaqdan yayınmışdır. Sonuncu dəfə İnqilabla telefon əlaqəsi saxladıqda Bakı şəhərində olmadığını bildirərək Gədəbəy rayonunda yanğından mühafizə idarəsində işlədiyini, Bakıya gələ bilmədiyini bildirmişdir. Cavabdeh borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi bilərəkdən yerinə yetirmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən, yəni borcun qaytarılması hissəsində təmin, əldən çıxmış faydanın ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, işdə olan DİN-in BPQMİ-nin Maps şöbəsindən verilmiş arayışdan görünür ki, Quliyev X2 rayonu, Arabaçı kəndində qeydiyyatdadır. İşdə olan Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış, reyestrdə 3-M-05/1423 № ilə qeyd edilmiş xx.xx.2014-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10800 manat məbləğində borc pul vermiş, Cavabdeh həmin borcu hər ay 500 manat, sonuncu ay 800 manat ödəmək şərtilə xx.xx.2016-cı il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İddiaçı Cavabdeh 10800 manat məbləğində borc pul verməsini və borclunun həmin pulu hər ay 500 manat, sonuncu ay 800 manat ödəmək şərtilə xx.xx.2016-cı il tarixədək qaytarmalı olduğunu, lakin həmin müddətin keçməsinə baxmayaraq borcun 7600 manat hissəsini qaytarmadığını təqdim etdiyi sənədlərlə tam sübuta yetirə bildi. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan 10800 manat məbləğində borc almış, lakin borcun 7600 manat hissəsini qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, borc verən borc öhdəliyinin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş formada zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində borcluya zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasənicranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən 7600 manat pul tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçının əldən çıxmış faydanın ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, bu hissədə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulan normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış, və cavabdeh borc öhdəliyin icra etməmişdir. Borc müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, lakin iddiaçı pulunu tələb etməsi barədə 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Eləcə də iddiaçı cavabdehin ona qaytarmalı olduğu pul vəsaitini gecikdirdiyinə görə faydalanmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edərək onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7600 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 7630 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7600 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 7630 (yeddi min altı yüz otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-662/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-662/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver