Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-666/2024 12.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona nisyə olaraq satdığı üç baş xırdabuynuzlu heyvanın dəyəri olan 700 manat məbləğində pulun, çəkdiyi xərc olaraq 700 manat məbləğində pulun və məhkəmə xərclərinin əvəzinin alınaraq ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. Ailəsini dolandırmaq üçün heyvandarlıqla məşğul olur. Təsərrüfatında xırdabuynuzlu hevyanlar vardır. 2023-cü il sentyabr ayının 5-də Gədəbəy rayonu, Qumlu kənd sakini olan Cavabdeh yaşadığı Parakənd kəndinə gələrək, nisyə olaraq heyvan almaq istədiyini bildirmişdir. O,Rəşadı tanımadığı üçün ona nisyə olaraq heyvan satmaq istəmədiyini bildirmişdir. Lakin bibisi oğlu X1 cavabdehin tanıdığını bildirmiş və ona nisyə heyvan satmasını xahiç etmişdir. O, üç baş xırdabuynuzlu heyvanı 700 manata nisyə olaraq cavabdehə satmışdır. Cavabdeh pulu 2023-cü ilin sentyabr ayının 10-dək qaytaracağına söz vermişdir. Lakin o, vədinə əməl etməmiş, bu günədək onun pulumu qaytarmamışdır. Dəfələrlə cavabdehin yaşadğı evə gedərək, pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Hər dəfə o yol xərci çəkərək Rəşadın yaşadığı evə gəlmişdir. Bu müddət ərzində onun 700 manat da əlavə xərci çıxmışdır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, iddiaçı onun qohumudur. Cavabdehi də tanıyır. Cavabdeh 06 sentyabr 2023-cü il tarixdə heyvan almaq məqsədilə iddiaçının yaşadığı ünvana gəlmiş, iddiaçıdan üç baş xırdabuynuzlu heyvanı nisyə almaq istədiyini bildirmişdir. Lakin iddiaçı cavabdehi tanımadığı üçün ona heyvanı nisyə satmaq istəməmişdir. O, cavabdehi tanıdığı üçün iddiaçıdan ona üç baş xırdabuynuzlu heyvanı nisyə satmasını xahiş etmişdir. İddiaçı da üç baş xırdabuynuzlu heyvanı cavabdehə 700 manata satmışdır. Cavabdehdə heyvanların pulunu 10 sentyabr 2023-cü il tarixədək verəcəyini bildirmiş, lakin bu vaxta qədər verməmişdir. Məhkəmə iclasında şahi kimi dindirilmiş X3 eyniməzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçını izahatını, şahid ifadələrini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2. və 14.2.1; 14.2.6 və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, o cümlədən, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 34 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə üç baş xırdabuynuzlu heyvanı 05 sentyabr 2023-cü il tarixdə 700 manata nisyə satmış, cavabdeh xx.xx.2023-cü il tarixə qədər borcu qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh borcunu bu vaxta qədər qaytarmamış, iddiaçının hesabına əsassız varlanmışdır. Bununla belə iddiaçı yaranmış borcun qaytarılması ilə əlaqədar çəkilmiş xərclər və xərclərin məbləği barədə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh nisyə satılmış heyvanların dəyəri olan 700 manat və 34 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 700 manat borc və 34 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-666/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-666/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver