Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-672/2025 08.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr borc müqaviləsi üzrə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmə iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 1.800 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 38 manat pulun ümumilkidə 1.838 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy şəhəri, Nizami küç ev 16-da yaşayır. Cavabdeh ilə Gədəbəy şəhərində yaşamaqla uşaqlıq dostu olmuşdur. Münasibətləri çox yaxşı olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixində ona müraciət edərək borcu olduğunu bildirmiş və borc sahibinin onu bərk sıxdığını qeyd etmişdir. Cavabdeh ondan tez bir zamanda qaytaracağı şərti ilə 1.800 manat borc pul istəmişdir. O, üstündə 400 manatının olduğunu bildirmiş və həmin vaxtı 400 manatı əlbə əl vermiş və Bakıya getdiyini demiş, səhəri günü imkan olsa 1.400 manat da verəcəyini bildirmişdir. Səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh onunla telefon əlaqəsi saxlayaraq 1.400 manatı da verməsini xahiş etmişdir. O, Bakı şəhərində olduğu üçün cavabdehə məxsus karta 1400 manat pul göndərmişdir. Həmin vaxtdan sonra o borc verdiyi pulunu cavabdehdən geri istəsə də cavabdeh hər dəfə bəhanələrlə, pulu qaytarmaqdan boyun qaçırmışdır. 20 oktaybr 2024-cü il tarixində o yenidən cavabdehdən pulunu istəmək üçün əlaqə saxlamış, cavabdeh onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, telefonu onun üzünə söndürmüşdür. O, cavabdehin atasını tanıdığı üçün atasına zəng edərək onunla görüşüb oğlunun etdiyi hərəkətləri bildirmək istəmişdir. Özünə məxsus telefonla cavabdehin atası X1 mobil telefonuna zəng edərək, oğlunun etdiyi hərəkətlər barədə onunla görüşmək istədiyini bildirmişdir. Həmin günü cavabdehin atası X4 ilə görüşüb oğlunun etdiyi haqsızlıqlar barədə, müzakirə və mübahisə etmişlər. Cavabdehin atasından ayrıldıqdan sonra ona məlum olmuşdur ki, cavabdehin atası onunla görüşüb söhbət etdikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək onun tərəfindən döydüyü barədə məlumat vermişdir. Həmin vaxtı hər üçü Gədəbəy rayon Polis Şöbəsinə dəvət edilmişdir. Cavabdeh öz izahatında ona 1.800 manat borcu olduğunu etiraf etmiş və araşdırılma zamanı onun X2 döymədiyi sübuta yetdikdən sonra xx.xx.2024-cü il tarixində Gədəbəy rayon X3 Bölməsinin təhqiqatçısı, polis mayoru X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. O, həmin işin içərisində olan cavabdehin izahatının ona verilməsini xahiş etsə də ona verilməmiş və həmin material (sənədlər) məhkəmə tərəfindən verilmiş sorğu əsasında məhkəməyə göndəriləcəyi bildirilmişdir. Cavabdeh ona 1.800 manat borcu olduğunu izahatında etiraf edir, ancaq qaytarmaqdan boyun qaçırır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh 2.300 manat məbləğində borc pul vermişdir. O, həmin pul məbləğini başqa bir şəxsdən alaraq cavabdehə hər ay 20 faiz ödəmək şərti ilə sələmə (faizə) vermişdir. Cavabdeh borcundan 500 manat ödəniş etmiş, qalan 1.800 manat hissəsini isə ödəməmişdir. O, borc məbləğini cavabdehə ayrı-ayrı vaxtlarda olmaqla hər dəfə 500 manat olmaqla cəmi 1.000 manat, həmçinin cavabdehin Aygün adlı xalasına Gədəbəy şəhərində Yerləşən Nur marketdə olan terminal vasitəsi ilə 1.400 manat pul göndərmişdir. Daha sonra isə Aygün həmin pul məbləğini ona qaytarması məqsədi ilə cavabdehin kartına köçürmüşdür. İş materiallarında olan qəbz Aygün tərəfindən cavabdehin kartına 1.400 manat məbləğində pulun köçürülməsi barədə qəbzdir. Cavabdeh xalasından həmin pul məbləğini də alaraq xərcləmişdir. O, 2.300 manat məbləğində cavabdehə sələmə pul vermiş və cavabdeh borcunu tam ödəməmişdir. Başqa şəxslərə sələmə pul verməmişdir.
4. Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək qeyd etmişdir ki, İddiaçı sələmçiliklə məşğuldur. Xalasına təcili pul lazım olduğu üçün o Bəxtiyardan 2.300 manat sələmə pul götürmüşdür. 2.300 manat sələmə aldığı pulu da, sələmin üstü yəni faizi olaraq 800 manatı da o Bəxtiyara ödəmişdir. Beləliklə də o Bəxtiyara 3.100 manat pul vermişdir. Həmin pulun da 2.160 manatını Bəxtiyara əlbə-əl vermiş, 940 manatını isə Bəxtiyarın arvadının kartına köçürmüşdür. Lakin, buna baxmayaraq iddiaçı onun yenə borclu olduğunu bildirərək əsassız yerə hər dəfə ondan pul tələb etmişdir. Onun ən böyük səhvi orada olmuşdur ki, pulun bir hissəsini Bəxtiyara əlbə-əl vermişdir. İddiaçı həm də iddia ərizəsində göstərmişdir ki, Bəxtiyar ona məxsus karta 1.400 manat pul göndərmişdir. Bu da tamamilə yalandır. xx.xx.2024-cü il tarixdə Bəxtiyar Bakı şəhərində olmamışdır. Bəxtiyar, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Gədəbəy sahəsində işdə olmuşdur. Yəni o, həmin gün Gədəbəy rayonundan kənara çıxmamışdır. xx.xx.2024-cü il tarixində onun kartına həmin 1.400 manat pulu xalası göndərmişdir. Xalası həmin pulu ona göndərdikdən sonra həmin 1.400 manatın qəbzinin şəklini çəkərək “Whatsapp” vasitəsilə Bəxtiyarın telefonuna göndərmişdir. O, Bəxtiyarın pulunu bir-neçə gün gecikdirmişdir. Buna görə də Bəxtiyar xalasına zəng vuraraq pulunun gecikməsinin səbəbini soruşmuşdur. Xalası isə bildirmişdir ki, o, 1.400 manatı Vasifə göndərmişdir. Sonra isə xalası həmin 1.400 manat pulun qəbzini çəkərək Bəxtiyarın nömrəsinə göndərmişdir. Beləliklə də iddiaçı iddia ərizəsinə xalasının ona göndərdiyi 1..400 manat pulun qəbzini yalandan əlavə etmişdir. Hətta Bəxtiyar bu işə görə atasını döyərək ona xəsarət yetirmişdir. Buna görə də atası polisə müraciət etmişdir. Bundan sonra atasını, onu və Bəxtiyarı polis şöbəsinə dəvət etmişlər. Hər üçünün izahatını alınmışdır. İzahatı təhqiqatçının özü yazmışdır. Təxminən bir-neçə gün bundan qabaq atası polis şöbəsinə gedərək qərarın surətini almışdır. Qərarı evə gətirib oxuyanda onlara məlum olmuşdur ki, təhqiqatçı Bəxtiyarın barəsində cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qərarı oxuyanda görmüşdür ki, həm də təhqiqatçı izahatı atasının və onun verdiyi kimi yazmamışdır. Onlar izahat verəndə təhqiqatçıya bildir ki, Bəxtiyar həmin pulu sələmə vermişdir. Təhqiqatçı isə qərarda qeyd edib ki, guya onlar izahatlarında bildirmişdir ki, Bəxtiyar həmin pulu ona borc vermişdir. Qərar 2024-cü ilin noyabr ayında qəbul olunub. Qərarda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasə inzibati məsuliyyətə cəlb edilməlidir. Əslində Bəxtiyarın əməlində cinayət tərkibi var. Lakin təhqiqatçı işi düzgün araşdırmadığı üçün belə bir qərar qəbul etmişdir. Beləliklə də təhqiqatçı şikayətlə bağlı araşdırma aparmamış, yalnız izahat almaqla kifayətlənmiş,verdikləri izahatı düzgün yazmamış,ona görədə yarımçıq və qanunsuz qərar qəbul etmişdir. Bu işdə onun heç bir günahı yoxdur. İddiaçı ona yalandan şər və böhtan atır. Bəxtiyar əsassız olaraq ona qarşı belə bir iddia qaldırmışdır. Ona görə də o bu iddianı qəbul etmir.
5. Cavabdeh etiraz ərizəsində qeyd edilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, 2024-cü ilin aprel ayının 19-u 1.300 manat, aprel ayının 29-u 500 manat, iyun ayının 5-i isə 500 manat olmaqla, iddiaçıdan 2.300 manat məbləğində sələmə (faizə) pul götürmüşdür. O, həmin pul məbləğlərini iddiaçıya ödəmişdir. O, həmçinin həmin götürdüyü məbləğin faizi olaraq da 800 manat ödəmişdir. O, iddiaçıdan götürdüyü 2.300 manat borcun qarşılığından cavabdehə 3.100 manat ödəniş etmişdir. O, borclu olduğu pul məbləğinin 940 manat hissəsini iddiaçının arvadının kartına göndərmişdir. Göndərilmiş pul məbləğlərinin qəbzi var və məhkəməyə təqdim edilmişdir. Pulun qalan hissəsini isə Bəxtiyara əlbə-əl vermişdir. O, götürdüyü pul məbləğini iddiaçıya tam ödəmişdir. Onun əgər borcu qalmışdırsa verilmiş pul məbləğinin faizinə münasibətdə borcu qalmışdır. O, iddiaçıya hər ay borcun faizi olaraq 500 manat ödəməli idi. O, faiz məbləğini ödəyə bilməmiş və İddiaçı ilə faiz məbləğini dayandırması ilə bağlı razılaşmışlar. İddiaçının tələb etdiyi pul məbləği verilmiş borcun sələmidir (faizidir).
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
8. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy rayon X3 Bölməsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 06 noyabr 2024-cü il tarixli qərarında görünür ki, xx.xx.2024-cü il tarixdə X4 DİNnin 102 xidmətinə müraciət edərək, İddiaçı onu döydüyünü bildirmiş, bununla bağlı araşdırma aparılmış və əməlində cinayət tərkibi olmadığından İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilmişdir.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
10. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
11. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
14. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
15. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
16. Göründüyü kimi, iddiaçı cavabdehdən tələb etdiyi 1800 manat pulu cavabdehə borc olaraq verdiyini və cavabdehin həmin borcu qaytarmadığını sübut etməlidir.
17. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh hər ay 20 faiz ödəmək şərti ilə 2024-cü ildə müxtəlif vaxtlarda olmaqla 2.300 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında iddiaçı bu halı etiraf etmiş, cavabdeh isə izahatında bunu təsdiq etmişdir. İddiaçı qeyd edilən pul məbləğinin cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsə də, cavabdeh qeyd edilən məbləğdə iddiaçıdan pul aldığını bildirmiş və bu halı mübahisələndirməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan aldığı 2.300 manat pulu qaytardığını və əlavə olaraq 800 manat götürülmüş pulun faizi olaraq pul ödədiyini bildirmiş və bunun 940 manat hissəsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etmişdir. İddiaçı isə cavabdehin ona aldığı pul məbləğinə münasibətdə borclu qalması barədə bildirdiyi arqumentləri təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
18. Əksinə iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə məhkəmə iclasında verdiyi izahatı arasında ziddiyətlər olmaqla, cavabdehin qaytarmalı olduğu borc məbləği barədə qeyri-müəyyən izahatlar vermişdir.
19. Belə ki, iddiaçı cavabdehə borc verdiyi pul məbləğini sübuta yetirmək məqsədi ilə iddia ərizəsinə 1.400 manat məbləğində pulun köçürülməsi barədə qəbz əlavə etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehə 1.400 manat məbləğində pul göndərdiyini qeyd etmişdir. Lakin, iddiaçı və cavabdeh məhkəmə iclasında həmin qəbzin Aygün adlı şəxs tərəfindən Cavabdeh məxsus karta 1.400 manat məbləğində pulun köçürülməsi barədə qəbzin olduğunu bildirir. Belə olan halda, Cavabdeh həmin hissəyə münasibətdə cavab verməli olan şəxs deyildir. İddiaçının bu hissəyə münasibətdə pul məbləğinin körüldüyü şəxsə qarşı iddia qaldırmaq hüququ vardır. Həmçinin iddiaçı 1.400 manat məbləğində etdiyi köçürməni Gədəbəy şəhərində etdiyini bildirsə də, qəbzdə əməliyyatın aparılma yeri kimi Bakı şəhəri qeyd edilmişdir. Eləcə də, iddiaçı iddia ərizəsində cavabdehə 1.800 manat məbləğində borc verdiyini qeyd etsə də, məhkəmə iclasında cavabdehə 2.300 manat məbləğində borc verdiyini bildirmişdir. Cavabdeh də bunu izahatında qeyd etmişdir. Beləliklə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallarla, məhkəmə iclasında verdiyi izahatı arasında ciddi ziddiyətlər yaranmış və cavabdehə verdiyi əsas pul məbləğinin qaytarılmamsını sübuta yetirə bilməmişdir.
20. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddiası rədd edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov