Məhkəmə qərarları › İş №2(042)-686/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-686/2025

01.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-686/2025 01.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneələrin aradan qaldırılması tələbi barədə» mülki iş (açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneələrin aradan qaldırılması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yerləşən, tərəfindən miras əmlak kimi qəbul edilmiş 0,46 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı maneələrə (ölçmə işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulmasına və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müşətərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X13 onun anasıdır. X2 və X3nın birgə nikahından 11 övladı olmuş, onlardan yeddisi - X14, X15, X9, X10, X7, X11 və X16 vəfat etmiş, sağ qalmış övladlar isə qeyd edilənlərdir: o - İddiaçı, bacısı X17, X4 və X21. X3 xx.xx.1999-cu ildə vəfat etmişdir. Eləcə də X2 anasından əvvəl vəfat etmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonu, Köhnəqışlaq kəndində X3nın mülkiyyətinə 0,46 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə anasının adına JN-069D KOD 50516028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi yerləşir. O, anasının birinci növbə vərəsəsidir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli, 2(042)-1099/2024 saylı qətnaməsi ilə Gədəbəy rayonu Köhnəqışlaq kəndində yerləşən, miras qoyan X6 mülkiyyətində olmuş 0,46 ha həyətyanı torpaq sahəsinin miras kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra o Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yerləşən JN-069D KOD 50516028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 0,46 ha torpaq sahəsi üzərinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müriaciət etmişdir. Müraciəti ilə əlaqədar Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilməsi üçün 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları 14 mart 2025-ci il tarixdə əraziyə gəlmiş, lakin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində faktiki olaraq yaşayan, hazırda cavabdeh olan qardaşı oğlu Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılacaq ölçmə işlərinə maenələr yaratmışdır. Bu səbəbdən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən bu barədə xx.xx.2025-ci il tarixdə imtina məktub verilmişdir. Beləliklə, cavabdehlərin bu qanunsuz hərəkətləri onun həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

7. Belə ki, iş materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1099/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən Gədəbəy rayonu, Köhnəqişlaq kəndində yerləşən mirasqoyan X6 mülkiyyətində olmuş 0.46 ha həyətyanı torpaq sahəsinin miras kimi qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilmiş sənədlərdə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Bu zaman, sözügedən fərdi yaşayış evi üzərində mübahisəli hal aşkar edilmiş və nəticədə qeyd olunan fərdi yaşayış evi üzərində ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, təqdim edilən sənədlərdə göstərilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.

8. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

10. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçının qeyd edilən daşınmaz əmlaklara mülkiyyət hüquqları olmalı və həmin daşınmaz əmlakların dövlət qeydiyyatının aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır.

11. Məhkəmədə müəyyən edildi ki, iddiaçının X3 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. X1 Gədəbəy rayonu, Köhnəqışlaq kəndində 0,46 ha torpaq sahəsi miras qalmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1099/2024 saylı qətnaməsinə əsasən, İddiaçı tərəfindən Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yerləşən mirasqoyan X6 mülkiyyətində olmuş 0.46 ha həyətyanı torpaq sahəsinin miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. İddiaçı X1 miras qalmış daşınmaz əmlakı dövlət reyestrində qeydə alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də, cavabdehlər tərəfindən ölçü işlərinin aparılmasına yaradılan maneələr nəticəsində sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Cavabdehlər məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsində göstərilənləri təkzib etməmiş və iddia tələbinə qarşı hər hansı etirazı məhkəməyə daxil olmamışdır.

12. Məhkəmə hesab edir ki, sözügedən daşınmaz əmlakın dövlət qeydiyyatının aparılmasına maneələrin yaradılması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, sözügedən daşınmaz əmlakın dövlət qeydiyyatının aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.

13. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yerləşən, X1 miras qalmış 0,46 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulsun. Ödənilmiş 100 (bir yüz) dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar