Məhkəmə qərarları › İş №2(042)-688/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-688/2023

11.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-688/2023 11.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “fərdi yaşayış evindən və evin köməkçik sahələrindən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 tərəfindən ona məxsus olan fərdi yaşayış evindən və köməkçi sahələrindən istifadə etmək hüququna yaradılan manelərə və qadağalara son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun oğlu və cavabdeh X5 isə gəlinidir. Hal-hazırda onun 82 yaşı var. Ona məxsus olan evin birinci mərtəbəsində yaşayır. Onun yaşadığı yer nəm və su içərisindədir. Cavabdehlər ona heç bir köməklik göstərmirlər. Həmin mülk fərdi yaşayış evi olmaqla onun adınadır. Lakin kommunal xidmətlər oğlu Şahəddinin adınadır. Fərdi yaşayış evinə işıq, qaz və su xətlərini o çəkdirsə belə ona məlum olmayan səbəblərdən cavabdeh öz adına rəsimləşdirmişdir. Hal-hazırda cavabdehlər ona məxsus fərdi yaşayış evindən eləcə də digər yardımçı sahələrdən istifadə etməsinə imkan vermirlər. Onu demək olar ki, hər bir şeydən məhrum etmişlər. Cavabdehlər onu evindən və yardımçı sahələrdən istifadə etməsinə maneçiliklər törədirlər. Onlar münaqişəli ailə olaraq qeydiyyata alınaraq profloktik söhbətlər aparılmasına baxmayaraq cavabdehlər tərəfindən ona xoşagəlməz ifadələr işlədilərək onu yaşayış evindən çıxmaq istəyirlər və bunu ondan tələb edirlər. Artıq o acnacaqlı vəziyyətdə yaşayır. Onun başqa cür yaşamağa imkanı demək olar ki, mümkün deyildir. Cavabdehlər tərəfindən edilən hər cürə maneçiliklərə qadağa qoyulmasını və onun sərbəst şəkildə yaşamasına edilən maneçiliklərin aradan qaldırılmasını və cavabdehlər tərəfindən ediləcək müdaxilələrə qadağa qoyulmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o fərdi yaşayış evinin birinci mərtəbəsində yaşayır. Cavabdehlər qaz, su və işiq xətlərini kəsərək onun istifadə etməsinə maneə yaradırlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, təxmini 20 il bundan əvvəl qayınanası vəfat etmişdir. Qayınanası vəfat etdikdən sonra iddiaçı ərizə verərək yaşadıqları evinə qaz verilməsini kəsmişdir. Bundan sonra o yaşadıqları evə yenidən qaz çəkdirmişdir. O, iddiaçıya lazımi qaydada qulluq etmiş və baxmışdır. Lakin, iddiaçı onu söyüb təhqir edir. Onların aralarında tez-tez mübahisələr baş verir. O, yaşadıqları fərdi yaşayış evində əlavə olaraq tikinti işləri aparmışdır. Fərdi yaşayış evinin komunal ödənişlərini onlar edir. İddiaçının danışdıqlarının hamısı böhtandır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quluyev X4 şəhəri, M.Sadıqov küçəsi, ev 24 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası SSR dövründə verilmiş xx.xx.1987-ci il tarixli texniki pasportun surətindən görünür ki, İddiaçı adına Gədəbəy şəhərində yerləşən ümumi sahəsi 58 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlər ə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən fərdi yaşayış evinin mülkiyyətçisi olmalı, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadəsinə maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası SSR dövründə verilmiş xx.xx.1987-ci il tarixli texniki pasporta əsasən İddiaçı adına Gədəbəy şəhərində yerləşən ümumi sahəsi 58 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir. Məhkəmə iddiaçının mübahisəli fərdi yaşayış evinə dair adına Azərbaycan Respublikası SSR dövründə texniki pasport tərtib edilməsini, bununla da onun qarşısında həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, İddiaçı Gədəbəy şəhərində yerləşən mübahisəli fərdi yaşayış evindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak İddiaçı mülkiyyəti kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehlər İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Cavabdehlər tərəfindən həmin fərdi yaşayış evindən istifadə hüquqlarının olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı isə mülkiyyətində olan fərdi yaşayış evindən istifadəsinə cavabdehlər tərəfindən maneələrin yaradıldığını bildirərək həmin maneələrin aradan qaldırılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətçi olaraq fərdi yaşayış evindən və onun yardımçı sahələrindən maneəsiz olaraq istifadə etmək hüququ vardır. İddiaçının və cavabdehin izahatları ilə müəyyən edilir ki, onlar arasında ailə münaqişəsi vardır və iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsinə cavabdehlər tərəfindən müəyyən maneələr yaradılır. Odur ki, cavabdehlər tərəfindən iddiaçının fərdi yaşayış evindən və onun yardımçı sahələrindən istifadə etməsinə hər hansı maneələrin yaradılması onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə də, məhkəmə iddiaçının evdən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı tələbini haqlı hesab edir və iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və köməkçi sahələrindən İddiaçı istifadəsinə, o cümlədən qazdan, sudan və digər komunal xidmətlərdən istifadəsinə cavabdehlər Cavabdeh1 və X5 tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və köməkçi sahələrindən İddiaçı istifadəsinə, o cümlədən qazdan, sudan və digər komunal xidmətlərdən istifadəsinə cavabdehlər Cavabdeh1 və X5 tərəfindən yaradılan hər cür maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar