Məhkəmə qərarları › İş №2(042)-704/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-704/2021

10.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-704/2021 10.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonu, Arıxdam kənd ərazisində olan “Qırcıllı” adlanan ərazidən həyətyanı torpaq sahəsinə çəkdiyi su borularının Cavabdeh istifadəsində olan torpaq sahəsindən keçən hissəsində su xəttini bərpa etməsinə Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun və hüquqi yardıma görə 50 manat xərcin, cəmi 60 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, 2008-ci il tarixdə bələdiyyə xəzinəsinə 20 manat ödəniş etməklə, fərdi yaşayış evinə “Qırcıllı” adlanan sahədən su çəkmişdir. Su borusu qonşuların həyətyanı torpaq sahəsinin 40-50 sm dərinliyində basdırılaraq, borularla çəkmişdir. Həmin vaxt bütün qonşular su borusunun torpaq sahələrindən keçməsinə razılıq vermişdir. Hazırda Cavabdeh həmin su borusunu onun həyətyanı torpaq sahəsindən keçən hissəsində kəsərək həyətinə gələn suyu kəsmişdir. O, cavabdehdən kəsdiyi su borularını bərpa etməsini tələb etsə də, cavabdeh su xəttini bərpa etməmiş, su borusunu özünün təmir etməsi üçün onu həyətyanı torpaq sahəsinə buraxmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında, izahat verərək bildirmişdir ki, həmin su xətti onun xəbəri olmadan çəkilmişdir. Hazırda iddiaçının su borusunun üzərində övladı üçün fərdi yaşayış evi tikdirir. Həmin vaxt o, iddiaçıya su borularının oradan çıxarılmasını təklif etmiş, lakin iddiaçı su borularını onun həyətindən çıxarmamışdır. Bu səbəbdən su borularını kəsmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arıqdam Bələdiyyəsinin 05.06.2007-ci il tarixli Protokolundan çıxarışın surətindən görünür ki, kənd sakini İddiaçı 2008-ci il tarixdən etibarən öz şəxsi hesabına “Qırcıllı” adlanan sahədən bulaq çəkməsinə icazə verilmişdir. İşdə olan yerində müayinə protokolundan görünür ki, iddiaçının həyətinə gedən və istifadəsində olan su boruları cavabdehin həyətinə daxil olan yerdə qazılaraq üstü açılmış və kəsilmişdir. Su boruları 40-50 sm torpağın altı ilə gedir və cavabdehin öz torpaq sahəsindən istifadə etməsinə heç bir maneəçilik yaratmır. Su boruları cavabdehin həyətində tikilən evin altı ilə keçib iddiaçının həyətində daxil olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən bələdiyyələr öz mülkiyyətində olan su təsərrüfatı obyektlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ümumi itsifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verə bilərlər. Həmin Qanunun 22-ci maddəsinə əsasən bələdiyyələrin su təsərrüfatı haqqında qanunvericiliyin pozulması ilə bağlı olan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iş üzrə yerində müayinə keçirilmiş müəyyən edilmişdir ki, iddiaçının həyətinə gedən və istifadəsində olan su boruları cavabdehin həyətinə daxil olan yerdə qazılaraq üstü açılmış və kəsilmişdir. Su boruları 40-50 sm torpağın altı ilə gedir və cavabdehin öz torpaq sahəsindən istifadə etməsinə heç bir maneəçilik yaratmır. Su boruları cavabdehin həyətində tikilən evin altı ilə keçib iddiaçının həyətində daxil olur. Cavabdeh iddiaçıya məxsus su borularını kəsməsini etiraf etmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının su xəttinin keçdiyi torpaq sahəsi üzərində fərdi yaşayış evi tikir. Yəni, cavabdehə məxsus su xəttinin əvvəlki istiqamətdə bərpa edilməsi çətinliklər yarada bilər. Ona görə də iddia tələbləri qismən təmin edilməli, İddiaçı məxsus su xəttinin Cavabdeh məxsus həyətdə olan tikilinin altından deyil, yanından keçməklə bərpa edilməsinə maneələr törədilməsi qadağan edilməlidir. İddia tələbləri qismən təmin edildiyi üçün ödənilmiş 10 manat dövlət rüsumunun 5 manat hissəsi və hüquqi yardıma görə 50 manat xərcin 25 manat hissəsi, cəmi, 30 manat Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus su xəttinin Cavabdeh məxsus həyətdə olan tikilinin altından deyil, yanından keçməklə bərpa edilməsinə maneələr törədilməsi qadağan edilsin. Ödənilmiş 10 manat dövlət rüsumunun 5 manat hissəsi və hüquqi yardıma görə 50 manat xərcin 25 manat hissəsi, cəmi, 30 manat Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar