Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-713/2020 16.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi və İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən evinə dəymiş ziyana görə 2000 manat, mənəvi ziyana görə 3000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərinin həcmini artırmış, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələblərindən əlavə olaraq, cavabdehin su çəninin evinin damından götürülməsi tələbləri haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh ilə Gədəbəy şəhərində eyni binada yaşayırlar. O, ikinci mərtəbədə cavabdeh isə birinci mərtəbədə yaşayır. Həmin binada 16 ailə yaşayır. Binada yaşayan sakinlərin binanın üst qatında su çənləri eləcədə onun və cavabdehin su çəni var. Cavabdeh hər dəfə su çəninə su doldurarkən doldurulan su daşaraq onun evini yararsız hal salır. O, bununla əlaqədar dəfələrlə Cavabdeh və onun ailə üzvlərinə xəbərdarlıq etmişdir. 2020-ci ilin fevral ayında və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Cavabdeh su çəninə su dolduran zaman evini yarasız hal salmışdır. O, Gədəbəy Rayon İcra Hakimiyyətinə və Gədəbəy Şəhər İƏD-üzrə nümayəndəliyinə müraciət etmiş, müraciət əsasında İcra hakimiyyətinin Tikinti Memarlıq Şöbəsinin işçisi Babək Həsənov tərəfindən evə baxış keçirilmiş, evi suyun axması nəticəsində yararsız hala düşməsini qeyd edilmişdir. O, cavabdehə ona dəymiş maddi ziyanın ödənilməsi haqqında müraciət etsə də, cavabdeh ziyanın ödənilməsindən imtina etmişdir. Hazırda cavabdehlə qonşu və qohum olmasını nəzərə alaraq, ona dəymiş maddi ziyanın yarısının ödənilməsi və su çəninin olduğu yerdən götürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddia tələblərini etiraf etmiş, izahatında bildirmişdir ki, iddiaçıya dəymiş ziyanın 1000 manat hissəsini ödəyəcək və su çənini tezliklə götürəcəkdir. Ona görə də iddia tələblərinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələblərinin qismən təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələblərini qismən müdafiə etmiş, yəni, 1000 manat mənəvi zərərin ödənilməsini və su çəninin olduğu yerdən götürülməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi iddiaçının bu təklifi ilə razılaşmış, yəni, iddia tələblərini qismən etiraf etmişdir. Məhkəmə qərar qəbul edərkən nəzərə alır ki, iddiaçı mənəvi ziyandan imtina etmiş, maddi ziyanın yarısının cavabdehdən alınaraq, ona verilməsini xahiş etmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, Cavabdeh 1000 manat maddi ziyanın əvəzi alınaraq, İddiaçı verilməli, Cavabdeh üzərinə ona məxsus olan su çəninin yerləşdiyi yerdən götürülməsi vəzifəsi qoyulmalıdır. İddia tələbləri qismən təmin edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 1000 manat alınaraq, İddiaçı verilsin. Cavabdeh üzərinə ona məxsus olan su çəninin yerləşdiyi yerdən götürülməsi vəzifəsi qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-713/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-713/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver