Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-715/2022 02.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Nürəddin oğluna qarşı 1260 manat pulun alınaraq, İddiaçı1,1300 manat pulun alınaraq, İddiaçı2 və 46 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, onlara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, uzun illərdir ki, tikinti işlərində ustalıq etməklə ailələrini dolandırırlar. 2012-ci ildə Bakı şəhərində tikinti işlərində usta kimi işləyən zaman cavabdehlə tanış olmuşlar. Həmin vaxtdan səmimi münasibətlərli yaranmışdır. Lakin Cavabdeh onların etibarından istifadə edərək aldatmış və pullarını ələ keçirməklə əsassız varlanmışdır. Cavabdeh ondan sosial yardım düzəldəcəyi adı ilə 1260 manat pul almış, digər İddiaçı1 isə FHN-nin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsində işə düzəldəcəyi adı ilə 1300 manat almışdır. Həmin pulları cavabdehə Milliön ödəniş terminalı vasitəsi ilə göndərmişlər. Bundan başqa fakt barəsində Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılmış və fakt öz təsdiqini tapmışdır. Dəfələrlə Cavabdeh onlardan aldığı pulun qaytarılmasını tələb etsələr də, cavabdeh həmin pulu qaytarmamışdır. Ona görə də, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı1 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Nürəddin oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki Cavabdeh İddiaçı2 1260 manat, İddiaçı1 isə 1300 manat borclu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçıların izahatları və işdə olan digər sənədlərlə müəyyən edilmişdir ki, onu Cavabdeh İddiaçı2 1300 manat alaraq, işə düzəldəcəyinə və İddiaçı1 1260 manat alaraq, ona ünvanlı sosial yardım düzəldəcəyinə vəd vermişdir. Lakin cavabdeh vədinə əməl etməmiş, həmçinin iddiaçıların pulunu qaytarmamışdır. İddiaçılar Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etmiş, cavabdeh izahat vermiş, izahatında iddiaçılara borclu olduğu pulu etiraf etmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar üzrə verdiyi izahatı mübahisələndirməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh Nürəddin oğlundan qarşı 1260 manat alınaraq, İddiaçı2,1300 manat alınaraq, İddiaçı1, ödənilmiş 46 manat dövlət rüsumunun 23 manat hissəsi İddiaçı1, 23 manat hissəsi İddiaçı2 verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. Cavabdeh Nürəddin oğlundan qarşı 1260 manat və ödənilmiş 46 manat dövlət rüsumunun 23 manat hissəsi, cəmi, 1283 manat alınaraq, İddiaçı2 verilsin. Cavabdeh Nürəddin oğlundan 1300 manat və ödənilmiş 46 manat dövlət rüsumunun 23 manat hissəsi, cəmi, 1323 manat alınaraq, İddiaçı1 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-715/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-715/2022
02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver