Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-72/2021 10.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı cavabdeh tərəfindən su xəttinə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən ümumi istifadədə olan sudan istifadə etmələrinə Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması (bulaqdan axan su payının artırılması) tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçılar Gədəbəy rayonu. Qaraməmmədli kəndində yaşayır. Hazırda cavabdeh qonşuları Cavabdeh onların qonşuluqda yaşayır. Yaşayış evlərinin yaxınlığında ümumi istifadədə olan bulaq yerləşir. Onların hər birinin ailə üzvləri həmin bulaqdan istifadə edir və suya olan ehtiyaclarını həmin su vasitəsilə ödəyir.Həmin su cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir. Bulaqdan su gətirmək üçün sovet dövründən bu tərəfə gedişgəliş yolu olmuş və həmin yol Cavabdeh həyətindən və istifadəsində olan torpaq sahəsindən keçir. Həmin gediş-gəliş yoluna cavabdehin torpağına mal-qara dolmaması üçün metal tordan ibarət qapı qoyulmuş, hər kos suya gedərkən həmin qapıdan girərək bulağa gedir. Lakin hal-hazırda cavabdeh bulaqdan gələn suyun çox hissəsini öz qapısına çəkmiş və onların suları demək olar ki, kəsmişdir. Bununla o və digər iddiaçılarla Cavabdeh arasında münaqişə baş vermiş, şikayətləri əsasında X2 Bölməsində araşdırma aparılmışdır. Araşdırmanın sonunda ona məsələnin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. İddiaçı3 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə lazımi qaydada məlumat verməmişlər. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək, bildirmişdir ki, iddiaçıların iddia ərizəsində qeyd etdikləri bulaq onun mülkiyyətində olan torpaq sahəsindədir. O, iddiaçılara həmin sudan istifadə etməsinə heç bir maneə yaratmamışdır. İddiaçıların heyvanları sudan istifadə etmək üçün hər gün onun torpaq sahəsinə keçir və orada quraşdırılmış qabdan su içir. İddiaçıların su payının artırılması tələbi də əsassızdır. Əslində həmin su ona məxsusdur. O, sudan bir hissəsini öz evinə çəkmiş, bir hissəsini isə qonşuların istifadə etməsi üçün saxlamışdır. Əgər onun evinə gedən su payı azalarsa, qışda onun evinə gedən su donar və sudan istifadə edə bilməz. İddiaçıların isə həyətlərinə və evlərinə içməli su gedir. Ona görə də iş üzrə məhkəmə iclasına gəlməyən iddiaçıların iştirakı olmadan mülki işə baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və ailə üzvlərinə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli qərarı ilə 0.53 ha torpaq sahəsi verilmişdir. İş üzrə yerində baxış keçirilmiş, müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus torpaq sahəsində yerləşən suyun bir hissəsini öz evinə çəkmiş, bir hissəsini isə iddiaçıların istifadə etməsi üçün saxlamışdır. İddiaçıların hər birinin həyətində istifadələri üçün su var. Həmçinin iddiaçılar heyvanlarının suya olan ehtiyacını ödəmək üçün yaxınlıqda olan çaydan istifadə edə bilər. Cavabdehin evinə gedən su payı azalarsa qışda onun evinə gedən su donar və sudan istifadə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “İnsan hüquqları və X1 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, iş üzrə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus torpaq sahəsində yerləşən suyun bir hissəsini öz evinə çəkmiş, bir hissəsini isə iddiaçıların istifadə etməsi üçün saxlamışdır. İddiaçıların hər birinin həyətində istifadələri üçün su var. Həmçinin iddiaçılar heyvanlarının suya olan ehtiyacını ödəmək üçün yaxınlıqda olan çaydan istifadə edə bilər. Cavabdehin evinə gedən su payı azalarsa qışda onun evinə gedən su donar və sudan istifadə edə bilməz. Həmçinin iddiaçıların iddia ərizəsində qeyd etdikləri su cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçıların həmin sudan istifadəsi cavabdehin icazəsi ilə mümkündür. Cavabdeh isə iddiaçılara sudan istifadə üçün imkanlar yaratmışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-72/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-72/2021
10.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver