Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-723/2025 02.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmə iddia qaldıraraq, Cavabdeh 296 manat maddi ziyan, 500 manat mənəvi ziyan, təxmini hesablanmış 1.500 manat qazanc itkisi, eləcə də ödənilmiş olan 43 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2024-cü ilin oktyabr ayında qardaşı Şahid ilə birlikdə Cavabdeh ilə Gədəbəy rayonu Başkənd kəndi ərazisindəki şəxsi torpaq sahəsinin icarəsi ilə bağlı şifahi razlaşma əldə etmişlər. Bu razlaşma əsasında 1 hektar torpaq sahəsini icarəyə götürmüşlər və 200 manat məbləğində ödəniş etmişdir. Pulu Milliön vasitəsilə X2 şəxsi hesabına göndərmişdir. Əkin işi üçün traktorçuya 160 manat (payız-yaz) cəmi ödəniş etmişdir. Eyni zamanda, torpağın əkilməyə hazırlanması üçün əlavə olaraq 50 manat və 60 sot üçün aparılmış kartofun geri daşınması üçün 50 manat pul xərcləmişdir. Lakin, 2025-ci ilin yazında səpin zamanı kartofun yarıdan çox hissəsi əllərində qalınca torpağı ölçmüş və məlum olmuşdur ki, torpaq sahəsi 1 hektar deyil, cəmi 40 sotdur. Bu barədə Cavabdeh məlumat vermişdir. O, əvvəlcə bunu qəbul etməmişdir ki, torpaq sahəsi 1 hektardır. Daha sonra birlikdə torpağı ölçmək təklifi ilə müraciət etmiş, lakin cavabdeh gəlməmiş və yerinə atası İsmayıl Abdullayev gəlmişdir. O, məsuliyyəti qəbul etməyərək bildirmişdir ki, “günah sizdədir, ağılsızca hərəkət etmisiniz”. O, isə cavabdehə bildirmişdir ki, ya ona 60 sot torpaq verilsin, ya da vurduğu ziyanı ödəsin. İsmayıl Abdullayev bununla razlaşmamış və ona məhkəməyə müraciət etməsini bildirmişdir. Əkin işləri və digər xərclər üzrə, torpağın əkilməyə hazırlanması, traktorçuya ödəniş və qalan kartofun gətirilməsi üçün ümumilikdə 296 manat maddi ziyan dəymişdir. Həmçinin ona veriləcək 60 sot torpaq sahəsində əkin aparılsaydı, əldə edəcəyi qazancın təxminən 1.500 manat olacağına inanmışdır. Bundan başqa ona vurulmuş əsəb gərginliyi, itirilmiş vaxt və mənəvi narahatlığa görə cavabdehdən 500 manat mənəvi ziyan tələb edir. Göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cavabdehin ona vurmuş olduğu maddi ziyan şübhəsizdir. Eyni zamanda onun üzərinə götürdüyü öhdəlikdən yayınması açıqaşkar görünür. Halbuki onun tərəfindən öhdəlik tamamilə yerinə yetirilmiş, şərtləşdiyikləri kimi o cavabdehin hesabına məbləğ ödəmiş, cavabdeh isə bunun qarşılığında ona təqdim etməli olduğu 1 hektar əvəzinə cəmi 40 sot torpaq sahəsi verməklə, az göstərməklə onu aldatmışdır. Onun ona vurmuş olduğu ziyan aşkar göründüyü üçün cavabdeh tərəfindən vurulmuş ziyanı tələb etmək onun hüququdur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri və şahid ifadəsi:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini etiraf etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 1.07 hektardır. O, torpaq sahəsini hər il özü əkib-becərmişdir. Keçəni il, yəni 2024-cü ildə xəstələnmiş, torpaq sahəsini icarəyə vermək qərarına gəlmiş və oğluna bu barədə bildirmişdir. O, Bakı şəhərində olarkən 2024-cü ilin dekabr ayında oğlu ona zəng vurmuş və torpaq sahəsini 200 manata icrarəyə verdiyini bildirmişdir. İddiaçı torpaq sahəsini icrayə götürən zaman torpaq sahəsinə baxış keçirmiş və noyabr ayında torpaq sahəsini əkdirmişdir. İddiaçı həmçinin yaz aylarında da torpaq sahəsini əkdirmişdir. İddiaçı necə ola bilər ki, torpaq sahəsinin ölçüsünü bilməsin. İddiaçı torpaq sahəsinə baxaraq qiymətini razılaşmışdır. Onlar iddiaçını aldatmamış, iddiaçı özü torpaq sahəsinə baxış keçirməklə qiyməti razılaşmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
5. Şahid Firidun oğlu məhkəmə iclasında bildirdi ki, iddiaçı onun bacısıdır. O və iddiaçı, Cavabdeh məxsus torpaq sahəsini icrayə götürmüşlər. Babək onlara torpaq sahəsinin ölçüsünün 1 hektar olduğunu bildirmişdir. Onlar torpaq sahəsinə baxış keçirmişlər, lakin torpaq sahəsinin ölçüsünü bilməmişlər. O, torpaq sahəsini payız və yaz aylarında olmaqla iki dəfə əkdirmişdir. Onlar torpaq sahəsinə kartof əkməyə gedərkən traktor sürücüsü torpaq sahəsini ölçmüş və torpaq sahəsinin 1 hektar olmadığını və onların aldadıldığını bildirmişdir. O, Babəklə əlaqə saxlanmış, Babək ona telefonda qışqıraraq hədə-qorxu gəlmiş və torpaq sahəsinin ölçüsünün 1 hektar olduğunu bildirmişdir. Həmçinin bacısı da Babəklə əlaqə saxlamışdır. O, gedib Babəki torpaq sahəsinin yanına gətirmiş və Babək torpaq sahəsinə baxıb həmin torpaq sahəsinin ölçüsünün 1 hektar olduğunu bildiyini demişdir. Cavabdeh torpaq sahəsinin ölçüsünü düz deməməklə onları aldatmışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
8. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy RPŞ-nin X6 Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, A.Abuzərovaya Cavabdeh ilə aralarında yaranmış mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - JN-0072 KOD 50518018 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə, Cavabdeh və ailə üzvləri olan digər 4 nəfərə Gədəbəy rayonu, Qaraməmmədli kəndində 1.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
10. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
11. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçıya zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
15. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
16. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
17. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 1.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə Cavabdeh və ailə üzvləri olan digər 4 nəfərə ayrılmış və bu barədə Dövlət aktı tərtib olunmuşdur. Cavabdeh icarəyə verilən torpaq sahəsinin həmin qeyd edilən 1.07 ha ölçüsü olan torpaq sahəsi olduğunu bildirmiş, iddiaçı bunu mübahisələndirməmişdir. İddiaçı və Cavabdeh həmin torpaq sahəsinin icarəsi barədə razılaşmışlar, iddiaçı həmin torpaq sahəsini bir il müddətinə icarəyə götürmüş və Cavabdeh 200 manat məbləğində ödəniş etmişdir. İddiaçı məhkəmədə iddai qaldıraraq cavabdeh tərəfindən ona icarəyə verilmiş torpaq sahəsinin aralarında olan razılaşmaya uyğun olaraq ölçüsünün 1 ha olmadığını, belə olan halda cavabdehin onu aldatmaqla ona maddi və mənəvi ziyan vurğununu iddia etmişdir.
18. Azəraycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. - 706.3-cü maddəsinə əsasən, torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. - 707.1-ci maddəsinə əsasən, icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. - 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.
19. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən torpaq sahəsinin icarəsi qaydaları yazılı formada tərtib edilmiş müqavilə əsasında tənzimənir. Hazırki, iş üzrə tərəflər arasında yazılı icarə müqaviləsi bağlanmamış, icarəyə verilən torpaq sahəsi, torpaq sahəsinin icarə haqqı, onun ölçüsü və icarə ilə bağlı olan digər müddəalar müqavilə əsasında tənzimlənməmişdir. İddiaçı özü sözügedən torpaq sahəsinə əvvəlcədən baxış keçirmiş, həmin sahəni qəbul etmiş, ödəniş etmiş və bundan sonra əkin işlərinə başlamışdır. Belə olan halda iddiaçının özü bu sahəni əvvəlcədən görərək qəbul etdiyindən, sonradan sahənin ölçüsünün az olması barədə irəli sürdüyü iddianın hüquqi əsası yoxdur. Eləcə də, torpaq sahəsinə dair təqdim edilmiş hüquq müəyyənedici sənədə əsasən torpaq sahəsinin sahəsi 1.07 ha kimi qeyd edilmişdir.
20. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ona 296 manat məbləğində zərər dəydiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəyə təqdim etməmişdir.
21. Bundan başqa məhkəmə iddiaçının əldən çıxmış fayda üzrə maddi ziyanın ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tələb etdiyi əldən çıxmış faydanın məbləği subyektiv hesablamalara əsaslanır və müvafiq sübutlarla təsdiqini tapmır. Həmçinin iddiaçının cavabdehdən əldən çıxmış fayda olaraq vurulmuş ziyan tələb etməsi üçün heç bir hüquqi əsas müəyyən edilmir.
22. İddia tələbinin mənəvi zərərə görə 500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
24. Yuxarıda qeyd olunan hallar, yəni iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır.
25. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası rədd edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov