Məhkəmə qərarları › İş №2(042)-726/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-726/2023

07.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-726/2023 07.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X2 üçün təyin olunmuş alimentin artırılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(042)-754/2021 saylı iş üzrə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 üçün, hər ay 175 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmışdır. Buna baxmayaraq Cavabdeh alimentin ödənilməsini gecikdirir, qəsdən ödəmir. O, Gədəbəy şəhərində qızıl mədənində sürücü işləyir. Maaşı da yüksəkdi. Ümumilikdə ayda 1000-1500 manatdan çox maaş alır. Ancaq cavabdeh uşağa ayrılmış aliment pulunu gecikdirir. Onun maddi imkanı aşağıdır. Kirayə haqqını ödəyə bilmir. Müvəqqəti bacısıgildə qalır. Hal-hazırda gecikdirilən borcunu iş yerindən tuturlar. O, cavabdehdən 2018-cı ilin may ayından ayrılmışdır. Göstərilən tarixdən bu günə kimi uşaqları onun himayəsində qalmışdır. Cavabdeh övladlarının saxlanması üçün maddi cəhətdən heç bir köməklik göstərmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, özü işləmir. Heç bir yerdən gəliri yoxdur. Uşağın saxlanması üçün çox çətinlik çəkir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, Gəncə şəhərində yaşayır. Özü dərzi işləyir. Cavabdeh bundan əvvəl şirkətdə sürücü işləmiş, lakin 3-4 ay olar ki işdən çıxmışdır. Uşaqları saxlamaqda çətinlik çəkir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, bundan əvvəl şirkətdə işləmiş və aylıq maaşı 500 manat təşkil etmişdir. Hazırda işdən çıxmışdır. Həmçinin o infarkt keçirmişdir və səhətində xəstəlik vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara rədd edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-754/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-716/2019 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırilaraq, hər ay 175 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan mediator Leyla Əliyeva tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Cavabdeh qızı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-754/2021 saylı qətnaməsinə əsasən, xx.xx.2009-cu il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)-716/2019 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırilaraq, hər ay 175 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İddiaçı məhkəmə iddia qaldıraraq qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, alimentin miqdarının artırılması qanunda nəzərdə tutulmuş bir sıra hallarla şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarı o halda artırıla bilər ki, ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun və bu dəyişiklik alimentin miqdarı müəyyən olunduqdan sonra yaransın. İddiaçı cavabdehdən onun xeyrinə aliment təyin edildikdən və sonuncu dəfə alimentin miqdarı artırıldıqdan sonra hər hansı dəyişiklik olmasını təsdiq edən sübut təqdim etməmişdir. Həmçinin iddiaçı izahatında dərzi fəaliyyəti ilə məğul olduğunu bildirmişdir. Cavabdeh isə aliment müəyyən olunan zaman sürücü kimi işlədiyini, 3-4 ay olar ki ürəyində olan xəstəliklə əlaqədar işdən çıxdığını, maddi vəziyyətinin pisləşdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa uşaqlarını saxlamaq atanın borcu olduğu kimi həm də ananın valideynlik vəzifələrinə aiddir. Məhkəmə alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında iddiaçı və cavabdehin bərabər məsuliyyət daşımalarını nəzərə alaraq, bir uşağa görə təyin edilmiş 175 manat məbləğində alimenti yetərli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddianı əsassız sayıb, onun təmin olunmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar