Məhkəmə qərarları › İş №2(042)-73/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-73/2024

05.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-73/2024 05.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin və evə bitişik olan tövlənin dam örtüyündən axan yağış sularının yönləndirilməsi üçün evin və tövlənin arxa hasarının dibi ilə beton novun çəkilməsinə və hasarın təmin edilməsinə Cavabdeh tərəfindən yaradılan maneələrə, yəni, cavabdehin yaşadığı evin həyətinə buraxılmamasına və ustanın işləməsinə müdaxilə edilməsinə son qoyulması, eləcədə dam örtüyündən axan yağış sularının qarşısını kəsən, Cavabdeh tərəfindən tikilmiş daş hasarın cavabdehin vəsaiti hesabına sökülməklə yağan yağış sularının qarşısının açılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Həmin ünvanda ona məxsus 0.22 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır.Fərdi yaşayış evinə bitişik yardımçı sahə kimi tövlə var. Ev və tövlə köhnə şiferlə örtülmüşdür. Cavabdeh onun qonşusudur. Onun evinin və tövləsinin arxa hasarı cavabdehin yaşadığı evin həyətinə tərəf baxır. Evinin və tövlənin dam örtüyündən axan yağıs suları arxa hasara tökülərək divarı yararsız vəziyyətə salmışdır. Eləcə də cavabdeh həmin dam örtüyündən axan yağış sularının qabağını hasar tikməklə kəsmişdir. O, evin və tövlənin dam örtüyündən axan yağış sularının qarşısını almaq məqsədilə suyun töküldüyü yerə beton nov çəkməlidir ki, evinə dəyən ziyanın qarşısı alınsın. O, evinin arxa hissəsinə betonlama işləri aparmaq üçün cavabdehin yaşadığı evin həyətinə daxil olmalıdır. Lakin cavabdeh ona evinin və tövlənin arxa hissəsinə betonlama işləri aparmasına imkan yaratmır, onu və ustanı həyətinə buraxmır, dam örtüyündən axan yağıs sularının qarşısını daş hasarla kəsərək onun əmlakına ziyan vurur. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, yağış sularnın axması üçün iddiaçı tərəfindən beton novun çəkilməsinə razılıq verir. Yağış sularnın axması üçün hasarda dəlik də açılmışdır. Yəni, iddiaçının tikililərinə yağış suları tərəfindən yetirilən zərərin qarşısı alınmışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Gədəbəy Rayon İHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki,X4 Gədəbəy rayonu,Söyüdlü kəndində yaşayış evi vardır. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Gədəbəy Rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə X5, İddiaçı, X2, X8 və X1 0.22 ha torpaq sahəsi verilmişdir. İşdə olan X3 görünür ki, yerində müayinə zamanı cavabdeh tərəfindən yağış sularının iddiaçıya məxsus tikilinin divarına su axmasının qarşısının alınması üçün boru quyulduğu, iddiaçıya məxsus tikilinin divarının beton novunun olmadığı və tikilinin içərisində döşəmədə rütubətin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən yağış sularının iddiaçıya məxsus tikilinin divarına su axmasının qarşısının alınması üçün boru quyulmuşdur. İddiaçıya məxsus tikilinin divarının beton novunun yoxdur və tikilinin içərisində döşəmədə rütubət var. Bununla belə, cavabdehin həyətinin daş hasarı yağış sularının yığılması və iddiaçının həyətinə axmasına səbəb olmur. Ona görə də iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinin və evə bitişik olan tövlənin dam örtüyündən axan yağış sularının yönləndirilməsi üçün evin və tövlənin arxa hasarının dibi ilə cavabdehə məxsus həyətdə beton novun çəkilməsinə maneələr törədilməsi, yağıs sularının toplanmaması üçün hasarda olan dəliyin bağlanması cavabdehə qadağan edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinin və evə bitişik olan tövlənin dam örtüyündən axan yağış sularının axması üçün evin və tövlənin arxa hasarının dibi ilə Cavabdeh məxsus həyətdə beton novun çəkilməsinə maneələr törədilməsi və yağıs sularının toplanmaması üçün hasarda olan dəliyin bağlanması Cavabdeh qadağan edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar