Məhkəmə qərarları › İş №2(042)-744/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-744/2022

18.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-744/2022 18.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən ona əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə 1260 manat məbləğində pulun və ödənilmiş 33 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, İnəkboğan kəndində ailə üzvlərində birlikdə yaşayır. O, Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisində “Spornu” adlanan sahədə 1.05 ha torpaq sahəsini icarəyə götürərək taxıl əkmişdir. 250 kq taxıl toxumu alaraq taxılı texnika ilə əkmək üçün bu işlə məşğul olan Cavabdeh müraciət etmişdir. Cavabdehin taxıl əkən texnikası vardır. 2021-ci ilin noyabr ayının 14-də Cavabdeh taxıl toxumunu sahəyə əkmişdir. 2022-ci ilin yaz fəslində əkin sahəsinə baxış keçirərkən görmüşdür ki, Cavabdeh taxıl toxumunu seyrək səpmiş, nəticədə taxıl gözləniləndən az bitmişdir. Bununla da o əldən çıxmış fayda olaraq ziyana düşmüşdür. Ziyana düşməsinin səbəbi Cavabdeh taxıl toxumunu seyrək səpməsi olmuşdur. Bu fakt Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 07 nömrəli rəy ilə də sübut olunur. Həmin rəydə göstərilmişdir ki, həqiqətən Gədəbəy rayonunun "Spornu” adlanan sahəsində 1.05 ha taxıl əkini edilmişdir. Həmin taxıl əkininə aqrotexniki qulluq göstərilməsinə baxamyaraq taxıl səpini seyrək səpilmişdir. Onun tərəfindən verilmiş bütün taxıl məhsulu səpilmişdir. Cavabdehin bu xidmətinin qarşılığında 270 manat pul vermişdir. Hazırda həmin ərazidə 1 ha taxıl əkin sahəsindən 2.7-3 ton taxıl məhsulu gözlənilir. Vətəndaşın səpin etdirdiyi taxıl sahəsindən 700-800 kq taxıl əldə etmək olar. Beləliklə, vətəndaşın 1.6-1.8 ton taxıl məsuluna ziyan dəymişdir. Məhsudarlıq 0.25%-0.30% təşkil edir. Ona görə də o cavabdehdən ona vurduğu ziyanın əvəzinin ödənilməsini istəyir. Eləcə də Limited Responsibi Societ "Rüfət” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7 nömrəli arayışa əsasən, 1 kq buğdanın qiyməti 0.60-0.70 manat təşkil edir. Bu hesabla cavabdeh tərəfindən mənə əldən çıxmış fayda olaraq 1260 manat maddi ziyan dəymişdir. Ona görə də, ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Onun taxıl əkən texnikası vardır. İddiaçı yerinin əkilməsi üçün ona müraciət etmiş və texnikası ilə iddiaçının verdiyi taxıl məhsulunun hamısını əkmişdir. Taxıl məhsulunun əkilməsi qarşılığında iddiaçıdan 270 manat xidmət haqqı almışdır. Taxıl məhsulunun yaxşı yetmişməməsinə səbəb torpaq sahəsinin əlverişsiz olması, səpin zamanı gübrə verilməməsi və ya düzgün qulluq edilməməsi ola bilər. Taxıl məhsulunun yaxşı yetişməməsində onun heç bir təqsiri yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatdadır. İşdə olan Limited Responsibi Societ "Rüfət” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7 saylı arayışdan görünür ki, 1 kq buğda 60-70 qəpik təşkil edir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli, 07 saylı rəydən görünür ki, İddiaçı Gədəbəy rayonunun “Spornu” adlanan sahəsində 1.05 ha taxıl əkin etmişdir. Həmin taxıl sahəsinə aqrotexniki qulluq göstərilməsinə baxmayaraq taxıl seyrək səpilmişdir. Hazırda həmin ərazilərdə 1 ha taxıl əkin sahələrindən 2.7-3 ton taxıl məhsulu gözlənilir. Vətəndaşın səpin etdirdiyi taxıl sahəsindən 700-800 kq taxıl əldə etmək olar. Beləliklə vətəndaşa 1.6-1.8 ton taxıl məhsuluna ziyan dəymişdir. Məhsuldarlıq 0.25-0.30 faiz təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçının əmlakına zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normalarına əsasən, iddiaçıya vurulmuş ziyan cavabdehin təqsiri ucbatından olmalıdır. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı 14 noyabr 2021-ci il tarixdə Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisində “Spornu” adlanan sahədə 1.05 ha torpaq sahəsində taxıl əkdiyini bildirmiş və Cavabdeh taxılı seyrək əkmədiyinə görə ona 1260 manat məbləğində ziyan dəydiyini iddia etmişdir. İddiaçının tələbinin qanuniliyini sübut etməsi üçün təqdim etdiyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli, 07 saylı rəyə əsasən, İddiaçı Gədəbəy rayonunun “Spornu” adlanan sahəsində 1.05 ha hissədə taxıl əkin etməsi, həmin taxıl sahəsinə aqrotexniki qulluq göstərilməsinə baxmayaraq taxılın seyrək səpilməsi, hazırda həmin ərazilərdə 1 ha taxıl əkin sahələrindən 2.7-3 ton taxıl məhsulu gözlənildiyi və beləliklə vətəndaşa 1.6-1.8 ton taxıl məhsuluna ziyan dəyməsi qeyd edilmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Gədəbəy rayon Mərkəzi tərəfindən verilmiş rəydə taxıl məhsulunun seyrək əkilməsinə görə taxıl məhsulunun yaxşı yetişməməsi qənaətinə gəlinməsi əsassızdır. Belə ki, taxıl məhsulunun yaxşı yetişməməsi torpaq sahəsinin əkin üçün yararsız olması, torpaq sahəsinə vaxtında aqrotexniki qulluğun olunmaması, hava şəraiti və ya digər səbəblərlə əlaqədar ola bilər. Lakin, sözügedən rəy verilərkən qeyd edilən hallar araşdırılmadan taxılın seyrək əkilməsinə görə yaxşı yetişməməsi qənaətinə gəlinmişdir. Belə olan halda, həmin rəy işin həlli üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eləcə də, iddiaçı torpaq sahəsinə taxıl əkilməsi üçün cavabdehlə razılığa gəlmiş, iddiaçı tərəfindən göstərilmiş işlər cavabdeh tərəfindən tam olaraq icra olunmuş, iddiaçı tərəfindən verilmiş bütün taxıl məhsulu cavabdeh tərəfindən taxıl əkən texnikası vasitəsi ilə əkilmiş və iddiaçı cavabdehin bu xidməti qarşılığında ona 270 manat məbləğində pul vermişdir. Bunun iddiaçı izahatında da təkzib etməmişdir. Belə olan halda, iddiaçı tərəfindən göstərilmiş işlər cavabdeh tərəfindən konkret nəticə əldə olunmasına təminat verilmədən razılaşdırılmış xidmət haqqı müqabilində tam olaraq icra olunmuşdur. Üzərinə sübut etmə yükü düşən iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehdən maddi ziyanın ödənilməsi tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar