Məhkəmə qərarları › İş №2(042)-768/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-768/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-768/2022 04.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 3850 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Şəmkir rayonunda yerləşən X7 MMC-də (Şəmkir şəhər MKİBdə süpürgəçi) Şəmkir rayonu ərazisində təmizlik işləri ilə məşğul olmuşlar. Cavabdeh təxminən üç il olar ki, cavabdehə kredit verilmədiyinə görə ondan "xxxx" ASC-nin Şəmkir filialından onun adına kredit götürməsini və iki min manat borc verməsini xahiş etmiş, və onun əvəzindən həmin krediti ödəyəcəyini bildirmişdir. O, isə cavabdehə inanaraq, "xxxx" ASC-dən 2000 ABŞ dolları məbləğində kredit götürərək, cavabdehə vermişdir. Cavabdeh isə kredit borcunu qısa müddətdə ödəyəcəyini bildirsə də, cavabdeh kredit borcundan 6 ay 72 manat olmaqla ödəniş etmiş, daha sonra isə qalan borcunu ödəməmişdir. Hazırda isə həmin kredit borcunu isə məcbur olaraq o ödəyir. Cavabdeh onun adına götürülən kredit borcunu ödəmədiyinə görə Şəmkir rayon Polis şöbəsinə müraciət etmiş və onun ərizəsi araşdırılaraq, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, cavabdehə ona olan kredit borcunu qaytarması barədə xəbərdarlıq etsə də, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və bildirdi ki, O, Gədəbəy rayonu, Çaldaş kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonunda yaşayır. İddiaçı ilə birlikdə işləmişdir. O, iddiaçıdan pul almamışdır. İddiaçı oğlunun işi ilə əlaqədar bankdan kredit götürmüşdür. O, həmin kredit borcuna görə banka pul ödəməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun anasıdır. Cavabdeh isə anası ilə birlikdə Şəmkir rayonunda X7 MMC-də işləmişdir. Cavabdeh anasını aldadıb adına 2000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin, cavabdeh həmin kredit borcundan 6 ay 72 manat olmaqla ödəniş etsə də, qalan borcunu ödəməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir Belə ki, işdə olan Şəmkir RİH başçısının Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, 1161 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X6 Mərkəzi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 22 fevral 2019-cu il tarixdən “X7” MMC-də Şəmkir rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır. İddiaçı aylıq əmək haqqı 300 manatdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Şəmkir rayonunun Morul kəndində yaşayan İddiaçı Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək, 3 il əvvəl iş yoldaşı Fəridə adlı şəxs onun adına "xxxx" ASC-dən pul krediti götürülməsi və hazırda isə ödəmədiyini bildirmiş, ərizə araşdırılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 17 dekabr 2019-cu il tarixli, 55-xx-xx-105135 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən illik 1 faiz ödəmək şərti ilə, 60 ay müddətinə 1931.25 manat məbləğində İddiaçı kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cıə il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı cavabdehin ona ümumilikdə 3850 manat pul borclu olduğunu və həmin pulu qaytarmaq öhdəliyi daşıdığını sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl bu barədə xx.xx.2021-ci il tarixdə Şəmkir RPŞ-nə müraciət etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğu nəticəsində həmin ərizə ilə əlaqədar toplanmış material Şəmkir RPŞ tərəfindən məhkəməyə göndərilmiş və məhkəmə iclasında material baxış keçrilmişdir. Materiala baxış keçirilərkən məlum olmuşdur ki, Cavabdeh polis şöbəsinə verdiyi izahatında təxminən üç il bundan əvvəl İddiaçı adına təxminən 2000 manata yaxın kredit götürdüyünü, bir neçə ay ödəniş etsə də, sonradan bank bağlandığına görə kredit borcunu haraya ödəyəcəyini bilmədiyinə görə ödəniş etmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh Şəmkir rayon Polis şöbəsinə verdiyi izahatında onun tərəfindən ödənilməsi şərti ilə İddiaçı adına kredit götürdüyünü və həmin kredit borcuna görə bir neçə ay ödəniş etdiyini etiraf etmişdir. İddiaçı və məhkəmə iclasında şahid kimi dindirilmiş iddiaçının oğlu cavabdehin həmin kredit müqaviləsi üzrə 6 ay 72 manat olmaqla, cəmi 432 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında iddiaçının adına kredit götürməməsi və onun iddiaçıya borcunun olmaması barədə izahatı ilə polis şöbəsində verdiyi izahat arasında ziddiyət olmasına münasibət bildirərək, cavabdehin məhkəmə iclasında verdiyi izahatı onun iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırması kimi qiymətləndirir və polis şöbəsində verdiyi izahatı inandırıcı hesab edir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh ilə iddiaçı sonuncunun adına olmaqla bankdan kredit götürülməsi və götürüləcək pulun cavabdehə verilməsi və kredit borcunun cavabdeh tərəfindən ödənilməsi barədə razılığa gəlmişlər. İddiaçı 17 dekabr 2019-cu il tarixli, 55-xx-xx-105135 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" ASC-dən tərəfindən illik 1 faiz ödəmək şərti ilə, 60 ay müddətinə 1931.25 manat məbləğində kredit götürmüş və həmin məbləği cavabdehə vermişdir. Cavabdeh isə həmin kredit müqaviləsi üzrə 6 ay müddətində 72 manat olmaqla, cəmi 432 manat məbləğində ödəniş etsə də, qalan borcunu ödəməmiş və belə olan halda, cavabdehin iddiaçıya 1499.25 manat məbləğində borcu yaranmışdır. Bu işdə iştirak edən şəxslərin izahatı, şahid ifadəsi və işdə olan sübutlarla öz təsdiqini tapır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı 1499.25 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Eləcə də, məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh 1499.25 manat məbləğində pulu tələb etməsinin haqlı olması məhkəmə iclasında sübuta yetirilsə də, üzərinə sübutetmə yükü düşən iddiaçı iddia tələbinin qalan məbləğdə pulun cavabdehin ona borclu olduğunu və həmin pulu qaytarmaq öhdəliyi daşıdıqlarını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmədi. Odur ki, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə olan sübutlara tətbiq edilməli hüququn normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1499.25 manat məbləğində pul və ödənilmiş 58 manat dövlət rüsumunun əvəzi, cəmi 1557.25 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu təmin edilən hissədə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1499.25 manat məbləğində pul və ödənilmiş 58 manat dövlət rüsumunun əvəzi, cəmi 1557 (bir min beş yüz əlli yeddi) manat 25 (iyirmi beş) qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar