Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-769/2021 17.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Gədəbəy rayonunun Qarıkənd kəndində yerləşən ümumi kəndarası yola (örüş sahəsinə) Cavabdeh1 və Cavabdeh2 tərəfindən tökülmüş daşın götürülməsi və onun mal-qarasının örüş sahəsinə gediş üçün ümumi istifadədə olan avtomaşın yoluna açılacaq qapıya edilən maneələrə qadağa qoyulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayon Qarıkənd kəndi ərazisində əvvəlcədən istifadəsində olan Gər-Gər Bələdiyyəsinə aid olan torpaq sahəsində 2008-ci il tarixdə fərdi yaşayış evi tikdirmişdir və həmin evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər onun yaxın qonşularıdır. Əvvəllər cavabdehlərlə aralarında heç bir mübahisə və münaqişələri olmamışdır. Onun həyətində tikdirdiyi tövlənin qapısı ümumi kənd arası yola açılır. Cavabdehlər həmin yola daş tökməklə onun yola açılan qapısının açılmasına imkan vermirlər. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının həyətindən digər tərəfə yolu var. İddiaçı özünə məxsus tövlədən yeni qapı açmaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, Gədəbəy rayonunun Qarıkənd kəndində yerləşən iddiaçı və cavabdehlərin həyətləri qarşı-qarşıya yerləşmişdir. Həyətlərin arası ilə eni 5-6 metr olan kənd avtomobil yolu keçir. İddiaçıya məxsus həyətin hasarında qapı açılması üçün yarıq edilmişdir. Həmin yarığın qarşısına daşlar yığılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, iş üzrə yerində müayinə keçirilmiş, müəyyən edilmişdir ki, Gədəbəy rayonunun Qarıkənd kəndində yerləşən iddiaçı və cavabdehlərin həyətləri qarşı-qarşıya yerləşmişdir. Həyətlərin arası ilə eni 5-6 metr olan kənd avtomobil yolu keçir. İddiaçıya məxsus həyətin hasarında qapı açılması üçün yarıq edilmişdir. Həmin yarığın qarşısına daşlar yığılmışdır. Yəni, cavabdehlər iddiaçının həyətyanı torpaq sahəsindən kənd yoluna çıxan istiqamətdə onun yolunu bağlamışlar. Bu hal iddiaçının mülkiyyətindən istifadə etməsinə maneələr törədir. Eyni zamanda yolun aşılması cavabdehlərin hər hansı bir hüquqlarının pozulmasına səbəb ola bilməz. Ona görə də iddia tələbi təmin edilməli, Gədəbəy rayonunun Qarıkənd kəndində yerləşən ümumi kəndarası yola Cavabdeh1 və Cavabdeh2 tərəfindən tökülmüş daşlar götürülməli və İddiaçı mal-qarasının örüş sahəsinə gedişi üçün ümumi istifadədə olan avtomaşın yoluna açılacaq qapıya edilən maneələrə qadağa qoyulmalıdır. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbi təmin edilsin. Gədəbəy rayonunun Qarıkənd kəndində yerləşən ümumi kəndarası yola (örüş sahəsinə) Cavabdeh1 və Cavabdeh2 tərəfindən tökülmüş daşlar götürülsün və İddiaçı mal-qarasının örüş sahəsinə gediş üçün ümumi istifadədə olan avtomaşın yoluna açılacaq qapıya edilən maneələrə qadağa qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu Ə Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-769/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-769/2021
17.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver