Məhkəmə qərarları › İş №2(042)-77/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-77/2022

02.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-77/2022 02.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 1000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan 02.12.2020ci il tarixli çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsinin 0.43 ha hissəsində olan ot biçənəyi cavabdehin mal-qarası tərəfindən otarılaraq ot biçini üçün yararsız hala salınmışdır. Gədəbəy rayon X4 mütəxəssisi tərəfindən həmin əraziyə baxış keçirilərkən həmin 0.43 ha torpaq sahəsindəki ot biçənəyinə 100% ziyan vurulması, cavabdehin təqsiri nəticəsində həmin sahədə əldə edə biləcəyi ***-**** kq otun mal-qara tərəfindən yarasız hala salınması nəticəsində həmin çəkidə otu əldə etmək imkanından məhrum olmağı müəyyən edilmiş və bu barədə mütəxəssis E.S.Quliyev tərəfindən 10.08.2021-ci il tarixli, 07 saylı rəy tərtib edilmişdir. “Rüfət MMC” tərəfindən verilmiş 15.08.2021-ci il tarixli, 11 saylı arayışa əsasən isə 18-20 kq otun çəkisi olan bir ədəd ot kipinin bazar satış qiymətinin 3.30-4.20 manat olması qeyd edilmişdir. Beləliklə, 1000 kq otdan 50 ədəd ot kipinin çıxması baxımından cavabdehin ona 50 ədəd ot kipi həcmində ziyan vurması müəyyən edilir və hər ot kipinin dəyərin orta qiymətlə 4 manat olduqda cavabdeh ona 200 manat məbləğində maddi ziyan vurmuşdur. Dəfələrlə cavabdehdən ona vurduğu maddi zərəri könüllü olaraq ödəməsini təklif etsə də nəticəsi olmamışdır. Cavabdehə qarşı iddianı qaldırmaq üçün vəkilə ödəmiş olduğu 300 manat xidmət haqqını da cavabdehdən alınıb ona ödənilməsini tələb etməli olmuşdur. Həmçinin, cavabdehin təqsirindən biçənəyinin əsassız olaraq otarılması zamanı həddən artıq mənəvi sarsıntı keçirməsinə görə mənəviyyatına vurulmuş mənəvi zərərin əvəzini 500 manat həddində müəyyən edir. Beləliklə cavabdehdən ona vurduğu 200 manat məbləğində maddi zərərin əvəzinin, 300 manat vəkilə ödənilmiş hüquqi xidmət xərcinin, 500 manat mənəvi zərərin əvəzinin, ümumilikdə 1000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə iddia qaldırmalı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və İddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, onun heyvanı yoxdur. Hazırda iddiaçı ilə aralarında ev mübahisəsi vardır. İddiaçının iddia etdiyi yer isə örüş sahəsidir. Ona görə də, o, iddiaçıya heç bir ziyan vurmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh onun qohumudur. Cavabdehin heyvanı yoxdur. Həmçinin cavabdehin həmin torpaq sahəsində heyvan otarmasını da görməmişdir. Mübahisəli torpaq sahəsi örüş sahəsidir. Həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. X3 məhkəmə iclasında X2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 02.12.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı adına Gədəbəy rayonu, Poladlı kəndində xüsusi mülkiyyət hüququ ilə 130.7 kv.m fərdi yaşayış evi və 0.52 ha torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli, 118 saylı məktubdan görünür ki, Həsənov X1 rayonu, Poladlı kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 15.08.2021-ci il tarixli, 11 saylı arayışdan görünür ki, "xxxx" MMC-də 18-20 kq çəkisi olan 1 ot bağlamasının satış qiyməti 3.80-4.20 manat təşkil edir. 1 kq otun təqribi qiyməti 0.20 manatdır. İşdə olan Gədəbəy rayon X9 tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli, 07 saylı rəyindən görünür ki, İddiaçı müraciətinə əsasən, həmin əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, İddiaçı məxsus olan 0.52 ha otlaq sahəsindən 0.43 ha otlaq sahəsinə iribuynuzlu və xırdabuynuzlu mal-qara tərəfindən 100% ziyan dəymişdir. Həmin ərazidən hər bir hektara 2.3-2.5 ton ot məhsulu əldə etmək mümkündür. Beləliklə, İddiaçı ***-**** kq dəyərində ziyan dəymişdir. İşdə olan Gədəbəy RİHB-nın Poladlı kənd İƏD üzrə nümayəndəliyinin 29.11.2021-ci il tarixli, 289 saylı arayışından görünür ki, 01 nömrəli təsərrüfatbaşına kitabın 40-cı səhifəsinə əsasən, onun adına fərdi yaşayış evi və iribuynuzlu mal-qarası yoxdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli rəydən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.52 ha həyətyanı torpaq sahəsinin sərhədləri ona naturada göstərilmişdir. Vətəndaşın iddia etdiyi torpaq sahəsi Gədəbəy rayonu Poladlı kəndinin ümumi istifadəsində olan örüş torpaq sahəsinə aiddir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli rəydən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(042)-1050/2021 nömrəli qərardadının icrası ilə bağlı İddiaçı məxsus 0.52 ha torpaq sahəsinin koordinatları yerində iddiaçıya göstərilmiş və məlum olmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi idarənin baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə görə, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehin əməli ilə iddiaçının əmlakına zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normalarına əsasən, mübahisəli torpaq sahəsi iddiaçıya məxsus olmalı və iddiaçıya vurulmuş ziyan cavabdehin təqsiri ucbatından olmalıdır. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 02.12.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın əsasında İddiaçı adına Gədəbəy rayonu, Poladlı kəndində xüsusi mülkiyyət hüququ ilə 130.7 kv.m fərdi yaşayış evi və 0.52 ha torpaq sahəsi qeyd edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus torpaq sahəsinə cavabdehə tərəfindən mal-qara salınması nəticəsində ziyan vurulduğunu iddia etmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli və 25 yanvar 2022-ci il tarixli mütəxəssis rəylərinə əsasən, iddiaçının iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Eləcə də, Gədəbəy RİHB-nın Poladlı kənd İƏD üzrə nümayəndəliyinin 29.11.2021-ci il tarixli, 289 saylı arayışında Cavabdeh məxsus iri buynuzlu mal-qarasının olmadığı göstərilmiş və bu fakt məhkəmə iclasında iştirak etmiş şahidlər tərəfindən təsdiqlənmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi onun mülkiyyətində olan torpaq sahəsi deyil və həmin torpaq sahəsi örüş sahəsi olmaqla bələdiyyə mülkiyyətindədir. Mübahisələndirilən ərazi bələdiyyəyə məxsus torpaq sahəsi olduğu üçün iddiaçının cavabdehdən maddi zərər tələb etməsi üçün heç bir subyektiv hüququ olmadığından əsassızdır. Həmçinin məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə qiymət verərək aşağıdakılar qeyd etməyi zəruri hesab edir: “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Üzərinə sübutetmə yükü düşən iddiaçı qeyd olunan halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehdən maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsası mövcud olmadığından hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə çəkilmiş xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar