Məhkəmə qərarları › İş №2(042)-78/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-78/2022

12.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-78/2022 12.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və Cavabdeh Əli oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Əli oğluna qarşı “avtomobil yolunun açılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahənə gedən və Cavabdeh Əli oğlu tərəfindən tutulmuş avtomobil yolunun açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, mərhum əri X4 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 saylı qərarına əsasən 2010-cu il dekabrın 24-də X11 kitabında 375 nömrə ilə uçota alınmış AN seriyalı 124834 saylı “Torpaq sahəsinin planı və ölçüsü” ilə 3796.67 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Evlərinə və həyətyanı torpaq sahələrinə gedən avtomobil yolunu yaxın qonşusu olan iş üzrə Cavabdeh Əli oğlu tərəfindən tutmuşdur. Hazırda sözügedən avtomobil yolundan istifadə edə bilmirlər. Torpağın və evin sahibi, istifadəçisi o və ailə üzvləridir. O, və ailə üzvləri cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymasını dəfələrlə xahiş etsələr də cavabdeh buna məhəl qoymur. Cavabdehin onlara məxsus avtomobil yolunu qanunsuz olaraq bağlamasını kənd camaatı, X5 və Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının Dəyirmandağ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi də bilir. Hətta bu işlə bağlı bir çox aidiyyəti orqanlara müraciətlər etmişlər, lakin mübahisə mülki xarakterli olduğundan, onlara məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Onun və ailə üzvlərinin hüquqları cavabdeh tərəfindən kobudcasına pozulur. Cavabdehin ona məxsus avtomobil yolunu qanunsuz olaraq tutması davamlı olaraq mübahisələrə səbəb olur. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Əli oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçının özünün avtomobil yolu vardır. İddiaçının iddia etdiyi torpaq sahəsindən yol nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsi ona məxsusdur. İddia edilən torpaq sahəsi ona məxsus olduğundan, iddiaçının həmin yoldan istifadə etməsinə imkan vermir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan nikah akt qeydləri kitabından verilmiş çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 və X1 nikahlarını 13 noyabr 1962-ci il tarixdə Gədəbəy rayonu Gərgər kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 16.01.2012-ci il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində ölmüşdür. İşdə olan X13 kitabında 24.12.2010-cu il tarixdə 375 nömrə ilə uçota alınmış A № 124834 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Gədəbəy rayonu Dəyirmandağ kəndində X2 adına 3796.67 kv.m həyətyanı torpaq sahəsi qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən mütəxəssis rəyindən görünür ki, Dəyirmandağ kəndinin kompleks yerquruluşu xəritəsində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş, X11 kitabında 24 12.2010-cu il tarixdə, 375 nömrə ilə uçota alınmış X4 məxsus olan Gədəbəy rayonu Dəyirmandağ kəndində yerləşən. 3796.67 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi avtomobil yoludur. İddiaçının iddia etdiyi həmin yol hal-hazırda açıqdır və cavabdeh tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət reyestrinin aparılmasını təmin etmək məqsədilə torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi torpaq sahəsinin planı və ölçüsünə əsasən daşınmaz əmlakın dövlət reyestri xidməti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, gediş-gəliş üçün avtomobil yolunun açılmasını tələb etdiyi torpaq sahəsinin İddiaçı mülkiyyət hüququ ilə məxsus olmasını təsdiq edən sənəd olmasa da, həmin torpaq sahəsinin ona məxsusluğu mübahisələndirilmir. Belə ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının mərhum ərinin adına torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib olunmuş və həmin torpaq sahəsinə X9, onun ölümündən sonra isə arvadı X10 faktiki sahiblik etmişdir. Bu baxımdan iddiaçının (mərhum ərinin) həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent huqununa istinad edərək hesab edir ki, mübahisəli torpaq sahəsinə dair X3 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Belə olan halda, X3 həmin torpaq sahəsinə gedən avtomobil yolunun açılması ilə əlaqədar iddia qaldırmaq üçün subyektik hüququ vardır. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı tərəfindən açılması tələb olunan avtomobil yolu qanunla nəzərdə tutulmuş yol olmalı, həmin yoldan iddiaçının istifadəsinə cavabdeh tərəfindən maneə yaradılmalıdır. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları, mütəxəssis rəyi və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X13 kitabında 24.12.2010-cu il tarixdə 375 nömrə ilə uçota alınmış A № 124834 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Gədəbəy rayonu Dəyirmandağ kəndində X2 adına 3796.67 kv.m həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə və torpaq sahəsinə avtomaşın yolu nəzərdə tutulmuşdur. İddiaçı həmin avtomaşın yolunun cavabdehlər tərəfindən qanunsuz olaraq tutulduğunu iddia etmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Dəyirmandağ kəndinin kompleks yerquruluşu xəritəsində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə verilmiş, X11 kitabında 24 12.2010-cu il tarixdə, 375 nömrə ilə uçota alınmış X4 məxsus olan Gədəbəy rayonu Dəyirmandağ kəndində yerləşən. 3796.67 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün avtomobil yolu nəzərdə tutulmuşdur və həmin yol iddiaçının iddia etdiyi avtomobil yoludur. İddiaçının iddia etdiyi həmin yol hal-hazırda açıqdır və cavabdeh tərəfindən istifadə olunmur. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyindən iddiaçının iddia etdiyi mübahisəli yolun açıq olması və cavabdeh tərəfindən istifadə olunmaması qeyd edilməsinə baxmayaraq, cavabdeh məhkəmədə həmin yolun ona məxsus torpaq sahəsi olduğunu iddia edərək, iddiaçının həmin yoldan istifadə etməsinə imkan verməyəcəyini açıq-aşkar bildirmişdir. Bu hal isə cavabdeh tərəfindən mübahisəli avtomobil yolunun tutulması və iddiaçının istifadə etməsinə imkan verməməsi kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı X10 ona məxsus həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gedən avtomobil yolunun açılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, X13 kitabında 24.12.2010-cu il tarixdə 375 nömrə ilə uçota alınmış A № 124834 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Gədəbəy rayonu Dəyirmandağ kəndində X2 adına qeyd edilmiş, İddiaçı faktiki sahibliyində olan 3796.67 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş və Cavabdeh Əli oğlu tərəfindən tutulmuş avtomobil yolu açılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu və mütəxəssis xərci ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. X13 kitabında 24.12.2010-cu il tarixdə 375 nömrə ilə uçota alınmış A № 124834 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonu Dəyirmandağ kəndində X2 adına qeyd edilmiş, İddiaçı faktiki sahibliyində olan 3796.67 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş və Cavabdeh Əli oğlu tərəfindən iddiaçının istifadəsinə maneə yaradılaraq nəzarətdə saxlanılan avtomobil yolu açılsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu və 311 (üç yüz on bir) manat mütəxəssis xərci Cavabdeh Əli oğlundan alınıb İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar