Məhkəmə qərarları › İş №2(042)-780/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-780/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-780/2024 17.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X3 оğlunun katibliyi, İddiaçı nümayəndəsi (probasiya üzrə böyük icra məmuru) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 35656189 nömrəli mobil nəzarət vasitəsinə müdaxilə nəticəsində vurduğu 2.277,4 manat maddi ziyan məbləğinin cavabdehdən alınıb İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-308/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh Gədəbəy rayonu hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəsinin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) Vüsal Şahmalıyev müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Həmin elektron nəzarət vasitəsi texniki nasazlığı səbəbindən (məlumat ötürməməsi) məhkumun üzərindən götürülərək aidiyyəti orqana geri qaytarılmış, elektron nəzarət vasitəsinə texniki baxış həyata keçirilmiş və elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəy tərtib edilərək qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün İddiaçınə göndərilmişdir. Məhkum Cavabdeh üzərinə 35655904 nömrəli, “ATTENTİ” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, nəzarət vasitəsindən istifadə qaydaları, hüquq və vəzifələri, həmçinin elektron nəzarət vasitəsinin dəyəri məhkuma bildirilməklə müvafiq protokol tərtib edilmişdir. Bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Cavabdehin günahından, yəni lazımi məsuliyyəti olmadığından və müdaxiləsi nəticəsində elektron nəzarət vasitəsinin açılması mümkün olmamış və yararsız vəziyyətə düşmüşdür. Nəticədə maddi ziyan dəymişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı nümayəndəsi (probasiya üzrə böyük icra məmuru) X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

7. Belə ki, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-308/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 180.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh hazırkı iş üzrə 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Gədəbəy rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrinin qoyulması hökm edilmişdir.

8. İşdə olan İddiaçı xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-308/2023 saylı hökmü ilə 1 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələyəci, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı və elektron nəzarət vasitəsinin dəyəri elan edilmişdir.

9. İşdə olan İddiaçı xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-308/2023 saylı hökmünün icrası ilə əlaqədar olaraq Cavabdeh hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir.

10. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş 35655904 nömrəli “Attenti V6” mobil qurğusuna xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmiş və qurğunun plastik qapaqlara yapışdırıcı vurulması, qurğunun açılmasının mümkün olmaması, istifadəyə tam yarasız olması müəyyən edilmişdir.

11. İşdə olan Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 1 dəst “Sadə elektron qolbağı mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) 2277,4 manat dəyərində, “Ağıllı elektron qolbağ (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) 2277,4 manat dəyərindədir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülkidövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. - 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. - 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-308/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almış və icra edilməsi üçün İddiaçınə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı icra məmuru tərəfindən cavabdehin iştirakı ilə protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 35655904 nömrəli “Attenti V6” mobil qurğusu Cavabdeh tətbiq edilmişdir. Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinin dəyəri 2277,4 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh müdaxiləsi nəticəsində elektron nəzarət vasitəsinin yarasız hala düşməsi iddia edilmiş və həmin elektron nəzarət vasitəsinin dəyəri olan 2277,4 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələb edilmişdir.

14. Məhkəmə qeyd edir ki, Cavabdeh tətbiq edilmiş 35655904 nömrəli “Attenti V6” mobil qurğusunun yarasız hala düşməsi müəyyən edilsə də, Cavabdeh həmin qurğuya müdaxiləsi, həmin qurğunun hansı şəraitdə yarasız hala düşməsi və bunda cavabdehin təqsirinin olub-olmaması iddiaçı tərəfindən tam araşdırılmamış və bununla əlaqədar zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir.

15. Belə olan halda məhkəmə hesab edir ki, elektron nəzarət vasitəsinin yarasız hala düşməsi nəticəsində İddiaçınə zərər vurulmasında cavabdehin hər hansı təqsirinin olması işdə olan sübutlarla təsdiqini tapmadığından həmin zərərin əvəzinin cavabdehdən tutulması tələbi əsasssızdır.

V. Nəticə:

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar