Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-786/2025 06.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mülki hüquq pozuntularında(deliktlərdən) əməmlə gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində ona vurduğu ziyana görə 5000 manat və məhkəməyə rüsum olaraq ödədiyi 70 manat, cəmi 5.070 manat pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, "Xəzri" yaşayış massivi, özbaşına tikilmiş həyət evində yaşayır. "Mersedes" markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur. Ona məxsus olan həmin avtomobillə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkət edərkən Cavabdeh idarə etdiyi "Daevo Gentra" markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus olan "Mersedes" markalı avtomobil toqquşmuş, nəticədə Cavabdeh özü və avtomobilində olan sərnişin X1 xəsarət alaraq Sumqayıt şəhəri X5 xidmətinə müraciət etmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar araşdırma aparılmış və tərəflərdən heç birinin əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün toplanmış material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi barədə" Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Qərar qəbul edilmişdir. Qəbul edilmiş Qərarla "Cinayət işinin başlanması rədd edilsə da, hər iki tərəfin əməlində inzibati xətanın tərkib əlamətlərinin olması göstərilmişdir. Həmin Qərarda göstərilir ki, "Mersedes Bens S 55" markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yəni o və "Daevo Gentra" markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməllərində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri var və buna görədə həmin maddə ilə onlar barəsində tərtib edilmiş protokol nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Lakin Sumqayıt ŞPİ-nin TŞ-nin NK-1/1013 saylı, xx.xx.2024-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" Qərarı ilə razılaşmayan Cavabdeh, zərər çəkmiş şəxs qismində Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında tərtib edilmiş protokola açıq məhkəmə iclasında tərəflərin iştirakı ilə baxılmış və araşdırma zamanı baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsirsiz olması və Cavabdeh isə həmin hadisədə təqsirli olması öz təsdiqini tapmışdır. Buna görə də Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2856/2024 saylı, xx.xx.2024- cü il tarixli Qərarı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan da göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirkardır. Onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermiş və hadisə zamanı onun avtomobili əzilmişdir. Hadisə zamanı onun avtomobilinə təxminən 5.000 manat ziyan dəymişdir. Hesab edir ki, cavabdehdən 5.000 manat pul məhkəmə qaydasında tutularaq ona verilməlidir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, baş vermiş hadisə nəticəsində ona məxsus avtomobilə də zərər dəymişdir. Hadisə zamaı iddiaçı avtomobili yüksək surətlə idarə etmiş və iddiaçı təqsiri ucbatından sözgedən yol nəqliyyatı hadisəsi baş vermişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
8. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin sorğusu əsasında Sumqayıt şəhər Polis İdarəsindən əldə edilmiş NK-1/1013 nömrəli materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində “Mersedes Bens S 55 markalı **-LA-*** dövlət qeydiyyat nişanlı və Daevo Gentra markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri iştirakı ilə yol nəqliyyatı hadisəsi baş vermiş, baş vermiş hadisə araşdırılmış və araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərara əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücülər İddiaçı və Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin X6 Şöbəsinə göndərilmişdir. Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən İddiaçı və Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqından protokol tərtib edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2856/2024 saylı qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - BB seriyalı 429336 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz S55 minik” markalı, **-LA-*** dövlət qeydiiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ƏEM/O33-631/25 saylı ekspert rəyindən görünür ki, “Mercedes Benz S55 minik” markalı, **-LA-*** dövlət qeydiiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin yenisi ilə əvəz edilərək təmirnin bərpa dəyəri 5.310 manat təşkil edir.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə əsasən, Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; Başqa şəxsə zərər vurulması; Əsassız varlanma; Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə- mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
10. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci maddəsinə əsasən, Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
13. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
14. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir .
15. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 5.000 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir.
16. Məhkəmədə müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində İddiaçı idarə etdiyi “Mersedes Bens S 55” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh idarə etdiyi “Daevo Gentra” markalı **-KY- *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə (toqquşması ilə) yol nəqliyyatı hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyatı hadisəsi araşdırılmış, İddiaçı və Cavabdeh barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2856/2024 saylı qərarına əsasən, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
17. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2856/2024 saylı qərarı ilə İddiaçı baş vermiş yol nəqliyyatı hadisəsində təqsirsizliyi, sözügedən yol nəqliyyatı hadisəsinin baş verməsində Cavabdeh təqsirli olması müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-ci maddəsinə əsasən, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
19. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)- 2856/2024 saylı qərarı ilə sözgedən yol nəqliyyatı hadisəsinin baş verməsində Cavabdeh təqsirinin olması müəyyən edilmişdir.
20. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2856/2024 saylı qərarı hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir.
21. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 avqust 2022-ci il tarixli qərarına əsasən müəyyən olunmuşldur ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, qeyd edir ki, Plenumun bir sıra qərarlarında məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipinin qorunmalı olduğu bildirilir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Belə ki, S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarda qeyd edilmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericilik normalarına riayət edilməklə həll olunması mahiyyəti üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənliyin əsas amili tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanının olmamasından ibarətdir. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsinə əsasən, hüquqi müəyyənlik prinsipi müxtəlif formalarda və kontekstlərdə, o cümlədən mübahisəli məsələnin həllinə yekun vurmuş məhkəmə qərarlarının şübhə altına alınmaması tələbində özünü göstərir. Hüquqi müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson İslandiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il 1 dekabr tarixli Qərarı, § 238). Qeyd olunmalıdır ki, res judicata ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Birincisi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, yəni orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğun gəlməsi prezumpsiyası (res judicata pro veritate habetur) da məhkəmə qərarının məcburiliyi ilə bağlıdır. Yəni qanuni qüvvəyə minmiş qərarın məzmununu rəsmi şəkildə şübhə altına almaq, onun icrasından imtina etmək yolverilməzdir. Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir. İkincisi, məhkəmə qərarının qanuni qüvvəyə minməsi məhkəmə qərarı ilə həll edilmiş faktlar üzrə prosesin təkrarlanmasını istisna edir. Bu nəticə pozitiv və neqativ mənada özünü göstərə bilər. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarı). Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı preklyuziv effekt (exceptio rei judicatae) yaradır. Başqa sözlə, res judicata qaydasının tətbiqi daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qərarında həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir. Qeyd etmək lazımdır ki, roman-german hüquq sisteminə daxil olan əksər ölkələrin prosessual hüquq elmi və təcrübəsində məhkəmə qərarına dair res judicata qaydasının tətbiqi həmin qərarın formal və maddi mənada qüvvəyə minməsi ilə də xarakterizə olunur. Formal mənada res judicata haqqında qəbul olunmuş məhkəmə qərarını eyni proses çərçivəsində artıq mübahisələndirmək (etiraz etmək) mümkün olmadıqda, məsələn, məhkəmə qərarından şikayət vermək müddəti başa çatdıqda və ya verilmiş şikayət (protest) geri götürüldükdə, bəhs etmək olar. Məhkəmə qərarının formal olaraq qanuni qüvvəyə minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni qüvvəyə minməsi (preklyuziv təsiri) baş verir. Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz.”
22. Odur ki, məhkəmə hesab edir ki, sözgedən yol nəqliyyatı hadisəsinin baş verməsində Cavabdeh təqsirinin olması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən bu hal sübut olunmuş hesab olunmalı və yenidən sübut etmə predmeti olmamalıdır.
23. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ƏEM/O33-631/25 saylı ekspert rəyinə əsasən, baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində İddiaçı mülkiyyətidə olan “Mercedes Benz S55 minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.310 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Belə olan halda həmin zərər cavabdehin təqsirli hərəkətləri nəticəsindən yarandığından iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsində haqlıdır.
24. İddiaçıya vurulmuş zərər 5.310 manat məbləğində təşkil etsə də, iddiaçı iddia tələbində 5.000 manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb etmişdir. MPM 218.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının verdiyi tələbdən kənarə çıxmır və iddiaçının verdiyi tələb həcmində qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir.
25. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 5.000 (beş min) manat məbləğində pul tutulub İddiaçı verilməlidir.
26. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 70 manat dövlət rüsumu və məhkəmə icraatı zamanı 250 manat ekspertiza xərci ödəmişdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin eildiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
V. Nəticə:
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 5.000 (beş min) manat məbləğində pul tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat və ekspertiza xərcinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov