Məhkəmə qərarları › İş №2(042)-790/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-790/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-790/2021 03.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona dəyən ümumi 10000 manat dəyərində zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 07 noyabr 2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona ünvan 1 ünvanında yerləşən 0.07 ha torpaq sahəsini satdıqlarını bildirmişlər. O, cavabdehlərə inanmış və onlara 10000 manat pul ödəyərək Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə (AN-İ № 0812701, 13.11.2019) həmin torpaq sahəsini almışdır. AR Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 11 saylı Şəmkir Ərazi idarəsinin **********451 saylı 11.09.2018-ci il tarixli məktubuna əsasən mərhum əri X1 ərizəsinə əsasən göndərilən məktubunda Gədəbəy şəhəri X.Haqverdiyev küçəsində yerləşən Gədəbəy şəhər Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 19 saylı qərarı ilə ayrılmış 0.05 ha torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsi dövlət mülkiyyəti olmaqla X4 məxsus ağac emalı sexinin ərazisi olduğu, sözü gedən torpaq sahəsini Gədəbəy şəhər Bələdiyyəsi alqı-satqı edə bilməməsi bildirilmişdir. O, aldığı əmlakdan istifadə edə bilmir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası və torpaq sahəsi onların mülkiyyətində olmuş, lakin iddiaçı həmin sexi və torpaq sahəsini tutub istifadə etmişdir. Aralarında olan razılığa əsasən, o və qardaşı Mehrac ümumi mülkiyyətlərində olan qeyri yaşayış sahəsini və torpaq sahəsini iddiaçıya 10.000 manata satmışlar. Müqavilədən əvvəl iddiaçı ilə danışıqlar aparılmış, daşınmaz əmlakın vəziyyəti, həcmi barədə tam məlumatı olmuşdur. Müqavilənin bütün formasına və məzmununa əməl edilmişdir. İddiaçının onlara qarşı tələbi tam əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 03.12.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, İddiaçı qeyri-yaşayış binası növündə, xüsusi mülkiyyətinə ünvan 2 ünvanında 135.40 kv.m daşınmaz əmlak və 0.021950 ha torpaq sahəsi verilmişdir. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2018-ci il tarixli məktubdan görünür ki, Gədəbəy şəhəri, X. Haqverdiyev küçəsində yerləşən Gədəbəy şəhər Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 19 saylı qərarı ilə ayrılmış 0.05 ha torpaq sahəsinə mütəxəssis tərəfindən baxış keçirildi. Məlum olmuşdur ki, ayrılmış torpaq sahəsi dövlət mülkiyyəti olmaqla X4 məxsus ağac emalı sexinin ərazisidir. Belə ki, sözügedən torpaq sahəsini Gədəbəy şəhər bələdiyyəsi alqı satqı edə bilməz. İşdə olan AN-İ № ******* seriyalı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcılar Cavabdeh1 və Əliyev X5 şəhəri, X.Haqverdiyev küçəsi, 12A ünvanında yerləşən ümumi sahəsi 135.4 kv.m olan qeyri-yaşayış binasını 8000 manat qiymətinə alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci və 14.2.6-cı maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulması təşkil edir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçının iddia tələbinin yuxarıda qeyd olunan qanuni əsaslarının mövcudluğu üçün, yəni iddiaçının cavabdehlərdən maddi zərər tələb etməsi üçün mülki hüquq pozuntusu olmalı, həmin pozuntu cavabdehlərin hüquqazidd hərəkət və ya hərəkətsizliyi nəticasində baş verməli, bu hüquqazidd əməllər nəticəsində iddiaçıya zərər vurulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq norması baxımından, iddiaçı iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası MM-nin 1096.1 və 1097-ci maddələrinin dizpozitiv əlamətlərinin mövcudluğunu, yəni cavabdehlərin hüquqzidd hərəkətlər etməsini və bunun nəticəsində ona 10.000 manat zərər vurulduğunu sübuta yetirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . İddiaçı iddia tələbini əsaslandırmaq üçün məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Əksinə məhkəmədə müəyyən edildi ki, iddiaçı cavabdehlərdən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasını və torpaq sahəsini AN-İ № ******* seriyalı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən almışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 03.12.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı qeyri-yaşayış binası növündə, xüsusi mülkiyyətinə ünvan 2 ünvanında 135.40 kv.m daşınmaz əmlak və 0.021950 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan əmlakın dəyərini cavabdehlərə vermiş cavabdehlər isə həmin dəyərin qarşılığında əmlakı iddiaçıya alğı-satqı müqaviləsinə əsasən vermişdir. Beləliklə, cavabdehlər alğı-satqı müqaviləsi üzrə yaranmış öhdəlikləri icra etmişdir. Hazırda qeyd olunan əmlak Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında iddiaçının mülkiyyətindədir. İddiaçı və cavabdehlər arasında bağlanmış alğı-satqı əqdinin etibarsızlığı və ya ləğvi üçün əsaslar müəyyən olunmur. Həmçinin, iddiaçının mülkiyyətində olan əmlakın başqa şəxslərin istifadəsində olmasında cavabdehlərin heç bir təqsiri yoxdur. Bu hal cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hazırki iddia tələbini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar