Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-799/2022 31.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.202018-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 332/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay, hər uşaq üçün 130 manat, cəmi, 260 manat alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 200 manat, cəmi, 400 manat məbləğində müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, Cavabdeh ilə 2013-cü il tarixdə nikah bağlamadan ailə qurmuşlar. Ailə münasibətlərindən xx.xx.2014-cü il tarixdə X7 və xx.xx.202018-ci il tarixdə X8 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə azyaşlı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi, 260 manat miqdarında aliment müəyyən edilmişdir. Hazırda Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqların saxlanılması üçün təyin edilmiş aliment uşaqların xərclərini ödəmir. Azyaşlı uşaqlarda xəstəliklər var. Cavabdeh isə azyaşlı uşaqların artan xərclərini ödəməkdən imtina edir. Cavabdeh İİ Qarabağ müharibəsi iştirakçısıdır. O, əlilliyə görə pensiya alır. Bundan başqa cavabdeh fərdi əməklə məşğul olur və yüksək gəlir əldə edir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh Vətən Müharibəsi iştirakçısıdır və müharibədə yaralanmışdır. Ona İİİ qrup əlillik təyin edilmişdir. Aldığı pensiyasını dərmanların alınmasına xərcləyir. Cavabdehin əlilliyi olduğundan digər əmək fəaliyyəti ilə məşğul ola bilmir. Həmçinin cavabdeh təyin edilmiş alimenti ödəməkdən yayınmır, alimenti çətinliklə olsa da ödəyir. Əgər məhkəmə qərarı ilə müəyyən edilmiş aliment artırılarsa, cavabdeh alimenti ödəyə bilməyəcəkdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-332/2021 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.202018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay cəmi, 260 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan X6 surətlərindən görünür ki, tərəflərin ailə münasibətlərindən xx.xx.2014-cü il tarixdə X7 və xx.xx.202018-ci il tarixdə X8 doğulmuşlar. İşdə olan Çıxarışdan görünür ki, Cavabdeh üçüncü dərəcəli əlillik var. Əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı yaralanma nəticəsində verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, tərəflər 2007-ci il tarixdə nikah bağlamadan ailə qurmuşlar. Ailə münasibətlərindən xx.xx.2014-cü il tarixdə X7 və xx.xx.202018-ci il tarixdə X8 doğulmuşlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-332/2021 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.202018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, cəmi 260 manat miqdarında aliment təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən Gədəbəy Rayon Məhkəməsinin qəbul edildiyi xx.xx.2021-ci il tarixdən hazırki tarixədək cavabdehin maddi vəziyyətinin yaxşılaşması haqqında sübutlar təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi isə cavabdehin İİ Qarabağ Müharibəsi veteranı və İİİ qrup əlil olması barədə sənədlər təqdim etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh müharibə iştirakçısıdır və torpaqlarımızın bütövlüyü uğrunda müxtəlif bədən xəsarətləri almışdır. Ona təyin edilmiş müavinətin bir hissəsini müalicə və müayinəsi üçün xərcləyir. Həmçinin aldığı xəsarətlərə görə digər işlə məşğul ola bilmir. Lakin iddiaçının himayəsində olan azyaşlı uşaqların saxlanılması xərcləri də artmışdır. Məhkəmə uşaqların saxlanılması ilə əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, cavabdehin rəsmi iş yerinin olmamasını, onun İİİ qrup əlil olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.202018-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-332/2021 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay hər uşaq üçün 130 manat, cəmi, 260 manat alimentin miqdarı artırilaraq, hər ay, hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.202018-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-332/2021 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay hər uşaq üçün 130 manat, cəmi, 260 manat alimentin miqdarı artırilaraq, hər ay, hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında müəyyən edilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-799/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-799/2022
31.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver