Məhkəmə qərarları › İş №2(042)-799/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-799/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-799/2024 28.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-377/2021 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 120 manat məbləğində alimentin məbləğinin artırılaraq 235 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-377/2021 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat məbləğində alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Qətnamənin qəbul olunmasından bu günə bir neçə dəfə uşaqlar üçün yaşayış minimumunun artırılmasına, uşağın yaşının artması ilə bağlı xərclərin də, artmasına baxmayaraq cavabdeh könüllü olaraq uşağı ilə maraqlanmamış, uşağına maddi yardım etməmişdir. O, fərdi əməklə, gündəlik işlərlə məğul olaraq uşağı çətinliklə saxlayır. Maddi vəziyəti stabil olmamaqla birlikdə zəyifdir. Müəyyən vaxtlarda iş olduqda kafe və restaranlarda qab yuyan xadimə və sair işlərdə işləyir. Amma əksərən bu işlər daimi olmur və çox vaxt işsiz qalır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağına baxmaqda çətinlik çəkir. O, xadimə işləyir və aylıq 350 manat əmək haqqı alır. Kirayədə yaşayırlar. Uşağın xərcləri artmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün 120 manat aliment müəyyən edilmişdir. Həmçinin aylıq müəyyən edilmiş aliment əlavə 20 manat ödəniş edir. O, şirkətdə sürücü işləyir və aylıq 555 manat əmək haqqı alır. Həmçinin başqa şəxslə ailə qurmuşdur və həmin ailədən 2 övladı vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-377/2021 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2 (042)-806/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancından və digər gəlirlərindən tutulan ¼ hissə alimentin tutulması üsulunu dəyişdirilərək hər ay 120 manat sabit miqdarda müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə 2005-ci ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2009-cu il doğum tarixli X3 adında bir uşaqları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-377/2021 saylı qətnaməsinə əsasən, xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2 (042)-806/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancından və digər gəlirlərindən tutulan ¼ hissə alimentin tutulması üsulunu dəyişdirilərək hər ay 120 manat sabit miqdarda müəyyən edilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 120 manat alimentin artırılaraq 210 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edildiyindən cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-377/2021 saylı qətnaməsi ilə 12 mart 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 120 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 210 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 30.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar