Məhkəmə qərarları › İş №2(042)-81/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-81/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-81/2022 20.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona dəymiş 4500 manat məbləğində maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən, cavabdeh podrat müqaviləsi üzrə 2019cu ilin sentyabr-oktyabr aylarında ona məxsus olan Gədəbəy rayonu, Dəyirmandağı kəndində yerləşən fərdi yaşayış evinin çardağını quraşdırmalı, çardağın tavanını laklamalı, tavanın baca-qapısını düzəltməli, həmçinin evin pilləkənlərini quraşdırmalı, evin qapısını düzəltməli olduğu halda qapını düzəltməmiş, o, cümlədən çardağın tavanını və otaqları laklamaq üçün 24 kq dolğu və 13 kq lak alınaraq cavabdehə verilsə də cavabdeh bu işi icra etməmiş olduğundan lak və dolğu quruyaraq yararsız hala düşmüş, həmçinin cavabdeh çardağın profilini səhv bərkitmiş və evin borularını düzəltməmiş, evin pilləkənini və otağın naliçniklərini düzəltməmiş, metal dirəkləri qaynaq etməmişdir. Hazırda ev uçmaq qorxusu altındadır. Eləcə də, evin qapısının düzəldilməsi üçün cavabdehə 6 ədəd quru taxta, kley, petlə və qıfıl vermişdir. Həmçinin cavabdehə evinə su çəkilməsi üçün 500 manat pul verilmiş, lakin bu öhdəliyini də icra etməyərək ona əhəmiyyətli dərəcədə zərər vurmuşdur. Ekspert rəyində göstərilən məbləğlə razı deyildir. Ona daha çox ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-331/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 4088 manat və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, cəmi, 4108 manat alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2022-ci il tarixli, 10/3198 nömrəli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində Cavabdeh tərəfindən görülmüş olan işlərdə yol verilmiş qüsurlar və yarımçıq qalmış, görülməmiş işlər nəticəsində İddiaçı təqribən orta bazar qiymətlərinə uyğun olaraq 447 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2022-ci il tarixli, 10/5676 nömrəli ekspert rəyindən görünür ki, Gədəbəy rayonu, Dəyirmandağ kəndində Cavabdeh tərəfindən aparılmış qüsurlu təmirtikinti bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 447,0 manat, İddiaçı dediklərinə və iş materiallarında olan məlumatlarına əsasən Cavabdeh tərəfindən görülməyən işlərin görülməsi üçün aparılmalı tikinti-təmir işlərinin təqribi ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1789,5 manat məbləğində müəyyən olunmuşdur. İlkin ekspert rəyinin nəticəsində qeyd olunan qiymətdən əlavə müəyyən olunmuş qiymət fərqi qoyulmuş sualdan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan halların (təmir-tikinti üzrə görülməyən işlərin) hazırkı rəydə göstərilməsindən ibarətdir və bu məsələyə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 763-cü maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı Cavabdeh ilə aralarında iddiaçının yaşadığı Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən fərdi yaşayış evində təmir-tikinti bərpa işlərinin aparılması barədə şifahi podrat razılaşmasının olmasını, cavabdehin razılaşdırılmış işi qüsurlu icra etdiyini sübuta yetirməlidir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə aralarında iddiaçının yaşadığı Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən fərdi yaşayış evində təmir-tikinti bərpa işlərinin aparılması barədə şifahi podrat müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə iddiaçı fərdi yaşayış evində təmir-tikinti bərpa işlərinin aparılması ilə bağlı cavabdehə razılığa gəlmiş və cavabdeh həmin fərdi yaşayış evini qüsursuz şəkildə təmir-tikinti bərpa işləri aparmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin fərdi yaşayış evində təmir-tikinti bərpa işlərini icra etsə də, qüsurlu şəkildə icra etmişdir. Belə ki, cavabdehin öz üzərinə götürdüyü öhdəliyi icra edərkən hər hansı qüsura yol verib-verməməsi, qüsura qol verilmişdirsə bunun nəticəsində iddiaçıya nə qədər ziyan dəyməsinin aydınlaşdırılması üçün məhkəmənin 07 dekabr 2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadları ilə iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2022-ci il tarixli, 10/3198 nömrəli və 14 noyabr 2022-ci il tarixli, 10/5676 nömrəli ekspert rəylərinə əsasən, Gədəbəy rayonu, Dəyirmandağ kəndində Cavabdeh tərəfindən aparılmış qüsurlu təmir-tikinti bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 447 manat müəyyən olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı fərdi yaşayış evində cavabdeh tərəfindən aparılmış təmir-tikinti bərpa işlərində yol verilmiş qürurlar nəticəsində ona vurulmuş həmin zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə ekspert rəyində qeyd edilmiş Cavabdeh tərəfindən görülməyən işlərin görülməsi üçün aparılmalı tikinti-təmir işləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırki mübahisədən əvvəl Cavabdeh 28 fevral 2020-ci ildə İddiaçı qаrşı pul tələbinə dair iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evində gördüyü tikinti-təmir işlərinə görə aralarında razılaşdırılmış məbləğin İddiaçı tərəfindən ödənilmədiyini iddia etmiş və həmin məbləğin İddiaçı alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbi araşdırılmış və Cavabdeh tərəfindən görülməyən işlərin görülməsi üçün aparılmalı tikinti-təmir işləri üçün müəyyən edilmiş məbləğ İddiaçı tutulmalı olan məbləğdən çıxılaraq, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-331/2020 saylı qətnaməsinə əsasən, İddiaçı 4088 manat və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, cəmi, 4108 manat alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-331/2020 saylı qətnaməsi hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2022-ci il tarixli, qərarına əsasən, “Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Müvafiq prosessual qanunvericiliyin məhz preyudisiya ilə bağlı bu tələbini nəzərə alaraq Plenum “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin şərhi ilə bağlı adıçəkilən Qərarında hesab etmişdir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.” Belə olan halda məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki mübahisə üzrə görülməyən işlərin görülməsi üçün aparılmalı tikinti-təmir işləri ilə bağlı hissəyə qiymət verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi ziyan məbləğinə ekspert rəyində göstərilən görülməyən işlərin görülməsi üçün qeyd edilmiş məbləğ hesablanmamalı və daxil edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh görülməli olan işlərin qüsurlu icra edilməsi nəticəsində vurulmuş maddi zərər görə 447 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 477 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh görülməli olan işlərin qüsurlu icra edilməsi nəticəsində vurulmuş maddi zərər görə 447 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 477 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar