Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-814/2022 17.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, 6 baş iribuynuzlu mal-qaranın bazar dəyəri olan 8600 manat, əlavə olaraq 450 manat müalicə xərci, cəmi 9050 manat pulun və dövlət rüsumu olaraq ödəmiş olduğu 130 manat məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 2(042)-814/2022 saylı iş üzrə Cavabdeh ona yetirdiyi maddi ziyanlıqdan əlavə hər an özünə və digər ailə üzvlərinə əsəb gərginliyi yaşatmasına görə maddi təzminat kimi əlavə 3000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, 2021-ci ilin oktyabr ayında Gədəbəy rayonu, Miskinli kənd sakini Cavabdeh saxlamaqdan ötrü 9 inək vermişdir. Onunla cavabdeh arasında mövcud olmuş münasibət şifahi tapşırıq münasibəti olmuşdur. Onun şifahi tapşırığına əsasən cavabdehin inəkləri bəsləməsi qarşılığında cavabdehə 1200 manat məbləğində pul ödəmişdir. 2021-ci ilin noyabr ayında cavabdeh ona zəng vuraraq bildirmişdir ki, guya onun inəklərin 2 başı ölmüşdür. Daha sonra isə cavabdehin əmisi oğlu X6 inəklərin aqibəti barədə onun 3 baş iribuynuzlu malının öldüyünü, 1 baş iribuynuzlu malının isə itdiyini bildirmişdir. O, ölmüş inəklərin meyitlərini tələb etməsinə baxmayaraq, cavabdeh meyitləri ona təqdim etməmişdir. Ölmüş iribuynuzlu mal-qaraların bazar qiymətləri 6-7 aylıq balaları olan 3-4 illik 550 kq çəkisi olan 2 baş iribuynuzlu inəyin 1700 manat, çəkisi 450 kq olan, 3-4 illik 1 iribuynuzlu inəyin 1400 manat və çəkisi 250 kq olan 1-2 illik 1 baş iribuynuzlu dananın 800 manat təşkil etmişdir. Qeyd edilən faktla bağlı Şəmkir rayon prokurorluğuna ərizə ilə müraciət etmiş, aparılmış yoxlama nəticəsində xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon Prokurorluğunun müstəntiqi X3 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, cavabdeh saxlanması üçün verdiyi iribuynuzlu heyvanlardan 1 baş inək xəstəlikdən ölmüş, 1 baş inək doğuşdan sonra ölmüş, 1 baş inək bataqlıqda bataraq ölmüş və 01 baş dananı canavar yemişdir. Yerdə qalan 5 baş inək isə baxımsızlıqdan arıq vəziyyətə düşmüşdür. 5 baş iribuynuzlu mal-qaranın yararsız hala düşməsi həmin heyvanlara xx.xx.2022-ci il tarixli baxış aktı ilə də təsdiq edilmişdir. Həmin heyvanların sağaldılması üçün 450 manat məbləğində pul xərcləmişdir. Cavabdeh tapşırığı vicdansızcasına icra etdiyindən onun 4 baş iribuynuzlu mal-qarası ölmüş, 5 ədəd mal-qarası isə yararsız hala düşmüşdür. Sonradan həmin 5 baş iribuynuzlu mal-qaradan 2 başı da ölmüşdür. Bundan başqa, cavabdehin özünü qeyri- səmimi apararaq iddia ərizəsində qeyd olunmuş tələbləri təkzib etməyə cəhd etməsi və ona təkrar psixoloji stress yaşatması, eyni zamanda ailə üzvlərinə də müəyyən müddətdir davamlı olaraq yetirdiyi mənəvi zərərə görə təzminat tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, heyvandarlıqla məşğul olur. İddiaçı onun həmkəndlisidir. İddiaçı ilə onun münasibətləri normal olmuşdur. İddiaçı ona 2021-ci ilin oktyabr ayında cəmi 8 baş inəyinin və 1 baş danasının olduğunu və onları qış ayında saxlamağa yerinin olmadığnı bildirmiş və ondan qış aylarında Şəmkir rayonunda yerləşən “Çeyrançöl” adlanan qışlaq onun da heyvanlarını saxlamasını xahiş etmiş və bunun müqabilində ona 1200 manat məbləğində pul verəcəyini bildirmişdir. O, iddiaçı ilə razılaşmış, iddiaçı həmin pulu ona vermiş və o iddiaçıya məxsus 8 baş inəyi və 1 baş dananı qışlaqda saxlamaq məqsədi ilə təhvil almışdır. O, 2021-ci ilin noyabr ayında üzünə məxsus 50 baş iribuynuzlu malı və iddiaçıya məxsus 9 baş iribuynuzlu malı qış aylarında saxlamaq məqsədi Şəmkir rayonunda yerləşən “Çeyrançöl” adlanan qışlaq icrarəyə götürdüyü fermaya aparmışdır. Həmin heyvanlardan bir başı qışlağa aparılarkən xəstə olmuş və o telefon vasitəsi ilə iddiaçıya həmin heyvanın xəstə olduğunu, belə gedərsə öləcəyini və aparıb satmasını bildirmişdir. Lakin, iddiaçı vaxtının olmadığını demişdir. Bundan sonra isə həmin heyvan ölmüşdür. Daha sonra isə iddiaçıya məxsus heyvanlardan biri doğuş etmiş, doğuş zamanı inəyin “almalıq” adlanan orqanı çölə çıxmışdır. O, bu barədə də, iddiaçıya məlumat vermiş, iddiaçı baytar həkimlə məsləhətləşərək bir sıra dərmanların inəyə vurulmalı olduğunu demişdir. O, həmin dərmanları alıb inəyə lazımi qaydada tibbi yardım göstərmiş, lakin inək 05 mart 2022-ci il tarixdə ölmüşdür. İddiaçının bir baş danasını canavar yemiş, bir baş inəyi isə çayda bataraq ölmüşdür. O, əvvəlcədən iddiaçının məlumatlandırmışdır. Onun iddiaçının inəklərinin məhv olmasında heç bir təqsiri yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, onun özünə məxsus yük avtomaşını vardır. İddiaçı ondan Şəmkir rayonunda yerləşən “Çeyrançöl” adlanan qışlaqdan 9 baş iribuynuzlu malının və buzovlarının gətirməsini istəmişdir. O, “Çeyrançöl” adlanan qışlağa gedərək iddiaçıya məxsus 5 baş inəyi və 5 baş buzovu avtomaşına yükləyərək gətirib iddiaçıya təhvil vermişdir. O, heyvanları iddiaçıya təhvil verərəkən heyvanlar arıq vəziyyətdə olmuşdur. Məhkəmə tərəfləri və şahidi dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Şəmkir rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Fərdi Haqverdiyevin 26 may 2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı rayon prokurorluğuna müraciət edərək, Gədəbəy rayonu, Miskinli kənd sakini Cavabdeh Şəmkir rayonunda yerləşən Ceyrançöl düzündə ona məxsus 5600 manat məbləğində iribuynuzlu heyvanları talayaraq ona xeyli miqdarda ziyan vurduğunu bildirmiş, faktla bağlı araşdırma aparılmış və toplamış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Gədəbəy rayonu, HSBX idarəsinin özəl baytarlarla iş şöbəsinin aparıcı baytar həkimi Quluyev Ayazın, Miskinli kənd özəl baytar həkimi Xamayev Elşənin, təsərrüfat sahibi Quluyev Misirin və təsərrüfat sahibinin dayısı Məmmədov Zülfüqarın iştirakları ilə tərtib edilmiş 20 aprel 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı təsərrüfatına məxsus 5 baş iribuynuzlu heyvan kliniki müayinədən keçirilmişdir. Həmin heyvanlar kliniki cəhətdən sağlamdırlar. Heyvanların bədən temperaturları 38, 38.2, 37.9, 37.6 və 38.1 dərəcə olması müşahidə olunmuşdur. Heyvanların heç birində infeksion, invazion və yoluxmaya, daxili xəstəliklərə xas əlamətlə aşkar edilməmişdir. Eləcə də, heyvanların üzərində heç bir zədə və travma halları müəyyən edilməmişdir və heyvanlar tam arıq vəziyyətdə olmuşdur. İşdə olan Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində yerləşən “Mal-qara” satışı bazarının müdiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 57 saylı arayışdan görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində yerləşən “Mal-qara” satışı bazarında 2021-ci ilin oktyabr ayı üçün 4 yaşlı, dığı cinsli, 400 kq çəkidə, boğaz olan bir baş iribuynuzlu heyvanın orta satış qiyməti 1500 manat, 2021-ci ilin oktyabr ayı üçün 1 yaşlı, erkək cinsli, 250 kq çəkidə 1 baş iribuynuzlu heyvanın orta satış qiyməti 1100 manat dəyərindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehlərdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-in (bundan sonra MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan hüquq normaları baxımından məhkəmə qeyd edir ki, İddiaçı onunla Cavabdeh arasında ümumilikdə cəmi 9 baş iribuynuzlu heyvanın 2021-2022-ci il qış mövsümündə “Ceyrançöl” qışlağında saxlanmasına görə şifahi tapşırıq müqaviləsinin olmasını, həmin heyvanların cavabdehə təhvil verilməsini və daha sonra cavabdehə verilmiş heyvanlardan üç baş inəyin və bir baş dananın cavabdehin təqsiri ucbatında məhv olmasını, bunun nəticəsində ona ziyan dəyməsini və həmin ziyanın cavabdehdən tutulmalı olduğunu sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə iclasında işin mübahisələndirilməyən hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi tapşırıq müqaviləsinə əsasən, İddiaçı məxsus 8 baş inək və bir baş dana olmaqla, cəmi 9 baş iribuynuzlu heyvanının cavabdeh tərəfindən 2021-ci ilin payızından 2022-ci ilin yazına qədər Şəmkir rayonunda yerləşən “Ceyrançöl” adlanan qışlaqda saxlamaq üçün 1200 manat müqabilində razılığa gəlmişlər. Cavabdeh həmin pulu iddiaçıdan almış və İddiaçı özünə məxsus 8 baş inək və bir baş dana olmaqla, cəmi 9 baş iribuynuzlu heyvanı 2021-ci ilin noyabr ayında cavabdehə saxlanılması üçün təhvil verilmişdir. Lakin, həmin heyvanlardan cavabdeh tərəfindən Şəmkir rayonunda yerləşən “Ceyrançöl” adlanan qışlağında saxlanılarkən 3 baş inək və 1 baş dana müxtəlif səbəblərdən ölmüşdür. Bunu cavabdehdə izahatında da təkzib etməmişdir. Eləcə də, Şəmkir rayon prokurorluğunda həmin faktla bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat vermişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdehin aralarında olan şifahi tapşırıq müqaviləsinə əsasən, iddiaçı ona məxsus heyvanların “Ceyrançöl” qışlağında saxlanılması üçün 2021-ci ilin payızından 2022-ci ilin yazına qədər cavabdehə təhvil vermiş, cavabdeh isə həmin müddət ərzində heyvanların saxlanılmasını və 2022-ci ilin yaz aylarında həmin heyvanları cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yertirməmiş və müxtəlif səbəblərdən həmin heyvanlardan 3 baş inəyin və 1 baş dananın öldüyünü bildirərək, həmin heyvanları iddiaçıya qaytarmamışdır. Cavabdeh həmin heyvanların ölməsində onun təqsirinin olmadığını bildirsə də, cavabdeh şifahi tapşırıq müqaviləsinə əsasən, həmin heyvanların qeyd edilən müddət ərzində saxlanılması və müddət başa çatdıqdan sonra isə həmin heyvanları iddiaçıya qaytarılması məsuliyyətini öz üzərinə götürmüşdür. Belə olan halda, həmin iribuynuzlu heyvanların cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsinə görə, 3 baş inəyin dəyərinin 1500 manatdan, 1 baş dananın dəyəri isə 800 manatdan hesablanmaqla, iddiaçıya cəmi 5300 manat məbləğində ziyan dəymişdir. Odur ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən. mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir.) Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə cavabdehdən alınıb iddiaçıya verilməli ziyanın qiyməti məsələsini həll edərkən hesab edir ki, cavabdehdən alınmalı olan 3 baş inəyin dəyərini müəyyən edilərkən Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində yerləşən “Mal-qara” satışı bazarının müdiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 57 saylı qiymətləndirmə barədə arayış əsas götürülür. Bundan başqa qiymətləndirmə barədə arayışda 1 baş danın qiyməti 1100 manat müəyyən edilməsinə baxmayaraq iddiaçı həmin dananın dəyərinin 800 manat olduğunu bildirmişdir. Ona görə də, məhkəmə 1 baş dananın dəyərini müəyyən edilərkən iddiaçının qeyd etdiyi qiyməti əsas götürülür. Məhkəmə qalan 2 baş iribuynuzlu heyvanın dəyərinin və 450 manat heyvanların müalicə edilməsi üçün çəkilmiş xərcin cavabdehdən tələb edilməsinə münasibət bildirərək qeyd edir ki, həmin 2 baş iribuynuzlu heyvan cavabdeh tərəfindən iddiaçıya təhvil verdikdən sonra ölmüşdür. Həmin heyvanların ölməsində cavabdehin hər hansı təqsirinin olması sübuta yetirilmir. Eləcə də, iddiaçı heyvanları cavabdehdən təhvil aldıqdan sonra həmin heyvanların cavabdehin təqsiri ucbatından yararsız hala düşməsi nəticəsində 450 manat məbləğində heyvanlara müalicə xərci çəkdiyini bildirsə də, iddiaçı bunları da təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilmədi. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Üzərinə sübutetmə yükü düşən iddiaçı qeyd olunan halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 5300 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edildiyi hissədə cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 5300 (beş min üç yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-814/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-814/2022
17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver