Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-821/2022 03.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun Cavabdeh olan 10000 manat miqdarında borc pulunun və hüquqi xidmət üçün ödədiyi 50 manatın, cəmi 10050 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, müharibə veteranıdır. Cavabdeh onun tanışıdır. Belə ki, cavabdeh Goran N saylı hərbi hissədə kiçik çavuş vəzifəsində xidmətdə olarkən onlar tanış olmuşlar. Cavabdeh 31 may 2021-ci ildə təxminən üç ay müddətinə, yəni 31 avqust 2021-ci ilədək qaytarmaq şərti ilə onun etibarından sui-istifadə edərək ondan 10000 manat miqdarında borc pul almışdır. Bu faktı təsdiq edən yazılı qəbzi ərizəsinə əlavə etmişdir. Göstərilən müddət tamam olduqda o Cavabdeh pullarının qaytarmasını tələb etməyə başlamışdır. Lakin cavabdeh verdiyi borc pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də o pulunun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə ərizə verərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, o, Goran N saylı hərbi hissədə kiçik çavuş vəzifəsində xidmət etmişdir. Xidmətdə olduğu zaman iş yoldaşları tərəfindən döyülərək, məcburi şəkildə İddiaçı 10000 manat məbləğində pul alması barədə qəbzə imza çəkdirilmişdir. Daha sonra isə təxris olunmuşdur. O, iddiaçıdan heç bir borc pul almamışdır. İş yoldaşları tərəfindən məcburi şəkildə qəbzə onun tərəfindən imza çəkdirilmişdir. Bununla bağlı hərbi prokurorluqda araşdırma aparılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Orucov X2 şəhəri, S.Vurğun küçəsi ev 25 ünvanında qeydiyyatdır. İşdə olan sadə yazılı formada tərtib edilmiş 31 may 2022-ci il tarixli qəbzdən görünür ki, həmin qəbzdə Cavabdeh İddiaçı 10000 manat borc pul aldığını, həmin borcu 3 ay müddətində qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı cavabdehdən tələb etdiyi 10000 manat pulu cavabdehə borc olaraq verdiyini və cavabdehin həmin borcu qaytarmadığını sübut etməlidir. İddiaçı Cavabdeh 10000 manat məbləğində borc pul verdiyini və cavabdehin həmin borcu qaytarmadığını məhkəmə iclasında tam sübuta yetirə bildi. Belə ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut etmək üçün məhkəməyə cavabdeh tərəfindən yazılmış, borcun mövcudluğunu təsdiq edən sadə yazılı qəbz təqdim etmişdir. Bu da onu göstərir ki, iddiaçı, həqiqətən, cavabdehə 10000 manat borc pul vermişdir. Cavabdeh isə həmin borcu iddiaçıya qaytarmamışdır. Cavabdeh həmin sadə yazılı qəbzin onun tərəfindən yazılmasını və imzalanmasını təkzib etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan borc pul almadığını, qəbzə onun tərəfindən məcburi şəkildə imza etdirildiyini bildirmiş, lakin, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə cavabdehin bu izahatını onun iddiaçıya olan borcunu ödəməkdən yayınmaq niyyəti kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində borcluya zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eləcə də, məhkəmə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün çəkdiyi xərcin tələb olunmasına münasibət bildirərək qeyd edir ki, İddiaçı iddia ərizəsinin hazırlanmasına və məhkəməyə müraciət etməsinə görə müəyyən xərclər çəkməsi danılmazdır. Odur ki, İddiaçı Cavabdeh göstərilmiş hüquqi xidmətə görə çəkilmiş xərc olaraq müəyyən edilmiş 50 manat məbləğində pulu da tələb etməkdə də haqlıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10000 məbləğində pul və göstərilmiş hüquqi xidmətə görə çəkilmiş xərc 50 manat məbləğində pul, cəmi 10050 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-cu maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10000 manat məbləğində pul və göstərilmiş hüquqi xidmətə görə çəkilmiş xərc 50 manat məbləğində pul, cəmi 10050 (on min əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 120 (bir yüz iyirmi) manat 15 (on beş) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-821/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-821/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver