Məhkəmə qərarları › İş №2(042)-829/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-829/2022

22.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-829/2022 22.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 mərhum atasından miras qalmış Gədəbəy rayonunun Arıqdam kəndində yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinə yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, mərhum atası X2 miras qalmış əmlakı qəbul etmiş və həmin əmlaka müvafiq sənədlər almışdır. Bundan sonra həmin əmlaka çıxarış almaq istəsə də qızı, iş üzrə Cavabdeh1 evdə ölçmə işləri aparan DƏDRX-nin əməkdaşlarına maneçiliklər yaratmışdır. Onun bu hərəkətləri nəticəsində ƏMDK-nin yanında DƏDRX-nin əməkdaşları ona imtina məktubu vermişlər. Ona görə də cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və onun yaratdığı maneələrin aradan qaldırılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildridi ki, o, Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır. İddiaçı onun atasıdır. Həmin mübahisəli evi əmisi X5 onun üçün tikmişdir. Həmin ev əmisinə məxsusdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 467 saylı arayışdan görünür ki, babası X11 ölən bir günə kimi Gədəbəy rayonu, Arıqdam kəndidə yaşamışdır və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatda qalan ailə üzvü kimi Cavabdeh1 qeyd edilmiş, başqa yerdə yaşayan ailə üzvü kimi X5 və İddiaçı qızı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********58 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, İddiaçı, X1 və X8 ümumi birgə mülkiyyətinə 0.3462 ha kənd təsərrüfatlı təyinatlı sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********83 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, İddiaçı, X1 və X6 ümumi birgə mülkiyyətinə 0.05 ha kənd təsərrüfatlı təyinatlı sahəsi verilmişdir. İşdə olan nikah akt qeydləri kitabından çıxarışın surətindən görünür ki, X11 və X3 nikahlarını xx.xx.1974-cü il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada isə Mahmudova soyadı verilmişdir. İşdə olan ölüm haqqında arayışların surətlərindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə, X11 isə 03 iyul 2021-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində ölmüşlər. İşdə olan JN-254 KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1999-ci il tarixli, 17 saylı qərarı ilə Gədəbəy rayonu, Arıxdam kəndində X10, X4 və İddiaçı 0.10 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Notariat Ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə və çöl torpaq sahəsinə dair reyestrdən çıxarış və ya forma 1 arayışı alındıqdan sonra İddiaçı ata və anasından miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilə bilər. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı ərizəsi ilə bağlı fərdi yaşayış evinə ərazi idarəsinin mütəxəssisi tərəfindən baxış keçirilərkən 2-ci mərtəbədə yerləşən otaqların qapılarının (həmin otaqlarda ölçü işlərinin aparılmasına şərait yaradılmalı olduğu halda) bağlı olduğu və istifadə olunan 0.08 ha torpaq sahəsinin qonşuluqda yerləşən torpaq sahəsinə dair tərtib olunmuş JN-243 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən koordinatlarla üst-üstə düşdüyü müəyyən olunmuşdur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən evinin mülkiyyətçisi olmalı və mübahisəli evdə ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mübahisəli ev Gədəbəy rayonu, Arıqdam kəndində yerləşir. İddiaçı məhkəmədə iddia qaldıraraq həmin əmlaka daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədiyini və çıxarış alınması üçün müvafiq icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd edilən evdə ölçü işləri aparılmasına cavabdeh tərəfindən maneə yaradıldığını bildirmiş, cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmədə həmin evin atasından qalmış miras olduğunu qeyd etsə də X2 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsini və mirası qəbul edib-etməməsi müəyyən edən hər hansı sübut məhkəməyə təqdim etmədi. Belə olan halda, iddiaçının həmin fərdi yaşayış evində ölçü işləri aparılmasına edilən maneələrin aradan qaldırılmasını tələb etməsi üçün subyektiv hüququ yoxdur. Eləcə də, məhkəmədə müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi 2000-ci il tarixdə tikilmişdir. Lakin, mübahisəli fərdi yaşayış evinin kim tərəfindən tikilməsi, tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikilib-tikilməməsi və tikintinin inşası üçün müvafiq icazənin olub-olmaması barədə iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilmədi. Tərəflərin izahatları ilə müəyyən olunur ki, tikili özbaşına tikili olmuşdur. Odur ki, İddiaçı mübahisəli fərdi yaşayış evində ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılmasını tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar