Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-832/2022 22.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonun Plankənd kəndində yerləşən mənzilin hal-hazırda yaşadıqları 1 otağına ailə üzvləri ilə birlikdə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, o, 1939-cu il tarixdə X3 və X1 ailəsində doğulmuşdur. Həmin mübahisəli evdə böyümüş, bu günə qədər də həmin evdə yaşayır. Cavabdeh doğma bacısıdır. Cavabdeh də həmin evdə doğulub, bu günə qədər də, həmin evdə yaşamışdır. Cavabdehlə birlikdə onlar ailədə 7 uşaq olmuşlar, digər qardaş-bacıları özlərinə ev tikib ayrılmışlar. O, 1977-ci il tarixdə həbs olunmuş və 1986-cı il tarixdə həbsdən çıxmışdır. Həbsdən çıxdıqdan sonra da həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Onunla cavabdeh birlikdə həmin mübahisəli evdə yaşamışlar və ata-anasından qalmış mirası qəbul etmişlər. Bununla bağlı məhkəmə qətnamələri olmuşdur. Onun 8 nəfərdən ibarət ailə üzvü vardır. Hal-hazıra kimi o ailə üzvləri ilə birlikdə mübahisəli mənzilin 1 otağında yaşayır. Ona görə də, onun və ailə üzvlərinin Gədəbəy rayonu, Plankənd kəndində yerləşən hal-hazırda yaşadıqları fərdi yaşayış evinin bir otağına istifadə hüquqlarının tanınmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, iddiaçı onun qardaşıdır. O, Gədəbəy rayonu, Plankənd kəndində yaşayır. İddiaçı 1977-1986-cı illər aralığında həbsdə olmuşdur. İddiaçı həbsdən çıxdıqdan sonra ata və anasını evdə qoyub çıxmış və ayrı təsərrüfatda yaşamağa başlamışdır. İddiaçının özünə məxsus yaşayış yeri vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə tərəfləri dinləyib, işdəki sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Tağıyev X4 rayonu, Blankənd kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 22 oktyabr 2003-cü il tarixli, 2-157 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh məxsus Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m, köməkçi sahəsi 45.1 kv.m, yaşayış sahəsi 41.35 kv.m olan dörd otaqlı yaşayış evindən İddiaçı və onun ailə üzvləri ilə birlikdə çıxarılması qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 22 yanvar 2004-cü il tarixli, 1mk-218/2004 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin iddiaçı Cavabdeh İddiaçı və onun ailə üzvlərinə qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə 22 oktyabr 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Plankənd kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin bir otağına ailə üzvləri ilə birlikdə istifadə hüquqlarının olmasını bildirmiş və istifadə hüququnun tanınmasını tələb etmişdir. Bundan əvvəl hazırki iş üzrə Cavabdeh məhkəmədə İddiaçı qarşı hazırki mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə iddia qaldırmış və Gədəbəy rayon Məhkəməsinin 22 oktyabr 2003-cü il tarixli, 2-157 saylı qətnaməsinə əsasən, Cavabdeh məxsus Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m, köməkçi sahəsi 45.1 kv.m, yaşayış sahəsi 41.35 kv.m olan dörd otaqlı yaşayış evindən İddiaçı və onun ailə üzvləri ilə birlikdə çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Gədəbəy rayon Məhkəməsinin 22 oktyabr 2003-cü il tarixli, 2-157 saylı qətnaməsi hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2022-ci il tarixli, qərarına əsasən, “Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Müvafiq prosessual qanunvericiliyin məhz preyudisiya ilə bağlı bu tələbini nəzərə alaraq Plenum “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin şərhi ilə bağlı adıçəkilən Qərarında hesab etmişdir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.” Gədəbəy rayon Məhkəməsinin 22 oktyabr 2003-cü il tarixli, 2-157 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh daimi olaraq ata-anası ölənədək onların qayğısını çəkmiş və onları o dəfn etmişdir. Digər bacı və qardaşları isə uzun müddətdir ki, həmin təsərrüfatdan ayrılıb getmişlər. Cavabdeh İddiaçı on beş ildən artıq müddətdir ki, mübahisəli təsərrüfatdan ayrılıb getmişdir. Onun adına torpaq sahəsi və iki otaqlı tikilisi vardır. Mübahisəli təsərrüfatda Cavabdeh tək idarə etməklə orada tək yaşamışdır. Qeyd edilənlərə əsasən, Cavabdeh İddiaçı qarşı mübahisəli fərdi yaşayış evindən çıxarılmasına dair iddiası təmin edilmişdir. Odur ki, qeyd edilən hazırda qüvvədə olan və hazır ki iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnaməsi ilə İddiaçı mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququnun olması müəyyən edilməmişdir. Eləcə də, İddiaçı, onun və ailə üzvlərinin Gədəbəy rayonu, Plankənd kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququnun olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədi. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı olan iddia tələbinin heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən, Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Odur ki, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307- 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-832/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-832/2022
22.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver