Məhkəmə qərarları › İş №2(042)-834/2022

Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-834/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-834/2022 22.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh KPZ-01565-14/14A nömrəli zaminlik müqaviləsi üzrə ödədiyi 600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh əvvəlcədən tanımış və o cavabdehi tanıdığına, etibar etdiyindən görən 2014-cü ilin sentyabr ayının 29-da cavabdehlə "xxxx" arasında bağlanmış KP-01565-14/14A nömrəli kredit müqaviləsinə əsasən cavabdehə zamin olmuş və "xxxx" ilə buna dair aralarında KPZ-01565-14/14A nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 5000 manat kredit verilmişdir. Cavabdeh kreditin bir miqdarını ödədikdən sonra, qalan hissəni ödəməkdən yayınmışdır. Bu səbəbdən də kreditor onu və cavabdehi məhkəməyə verərək, pulun ödənilməsi barədə qərar çıxarmışdır. Lakin məhkəmə qərarının icrası zamanı cavabdeh yenə də borcunu ödəməkdən yayınmış və həmin kredit borcunun 600 manat pulunu o zamin olaraq özü ödəmişdir. Həmin ödəniş qəbzində ərizəsinə əlavə etmişdir. Bu səbəbdən də o ödədiyi pulunun geri alınması üçün dəfələrlə cavabdehə müraciət etsə də cavabdeh ödədiyi pulu ona qaytarmamışdır. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş və bu barədə məhkəməyə razılıq ərizəsi vermişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdehə aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kərimov X1 rayonu, Qasımağalı kəndində qeydiyyatdadır. İşdə olan 29 sentyabr 2014-cü il tarixli, KP-01565-14/14A saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə xx.xx.2016-ci il tarixinədək illik 31 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan 29 sentyabr 2014-cü il tarixli, KPZ-01565-14/14A saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh "xxxx" ASC-dən 29 sentyabr 2014cü il tarixli kredit müqaviləsi ilə götürdüyü 5000 manat kreditə görə onun banka qarşısında öhdəliklərinin icra edilməsini təminatı olaraq İddiaçı zamin durmuşdur. İşdə olan "xxxx" ASC-nin Həzi Aslanov filialının 17 mart 2022-ci il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı 17 mart 2022-ci il tarixdə "xxxx" ASC-yə 600 manat məbləğində kredit ödənişi etmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sübutlarla müəyyən edildi ki, 29 sentyabr 2014-cü il tarixli, KP-01565-14/14A saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə xx.xx.2016-ci il tarixinədək illik 31 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. 29 sentyabr 2014-cü il tarixli, KPZ-01565-14/14A saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh "xxxx" ASC-dən 29 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə götürdüyü 5000 manat kreditə görə onun banka qarşısında öhdəliklərinin icra edilməsini təminatı olaraq İddiaçı zamin durmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü pul məbləğinin bir hissəsini ödəsə də, qalan 600 manat məbləğində pulu banka ödəməmiş və həmin məbləğ zamin olaraq İddiaçı tərəfindən ödənilmişdir. Lakin, həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinə əsasən, məhkəmə qeyd edir ki, cavabdehin öhdəliyinin yerinə yetirilməsinin təminatı olaraq iddiaçı tərəfindən ödənilən pul vəsaitini, yəni 600 manat manat pulu İddiaçı Cavabdeh reqres qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 630 (altı yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün məhkəməyə ərizə verə bilər. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar