Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-84/2022 06.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul, vurulmuş maddi zərərin və hüquqi yardına görə ödənilmiş vəsaitin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən evlərindən götürmüş olduğu 6535 manat məbləğində nağd pulun, 7x4 ölçülü, dəyəri 300 manat olan 1 ədəd gəvənin, 4x4 ölçülü 50 manat dəyəri olan daroşqa-palazın, 480 manat dəyəri olan 1 ədəd “REDMİ NOT- 8” markalı və dəyəri 350 manat olan 1 ədəd “MEUZE” markalı mobil telefon aparatlarının özlərinin, özləri olmadıqda isə dəyərlərinin, 100 manat dövlət rüsumunun və vəkilə ödənilmiş hüquqi yardıma görə 500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə oğlu X6 2018-ci ildən 2021-ci ilin fevral ayınadək ər-arvad kimi Şəmkir şəhəri, Cavanşir küçəsi 816 nömrəli evlərində yaşamışlar. Onların aralarında rəsmi nikahları olmamışdır. Cavabdehlə oğlu X6 birgə yaşadıqları dövrdə 05.06.2019-cu il təvəllüdlü Fidan adlı uşaqları olmuşdur. Cavabdehin uşağı olandan sonra evlərində ailələrinin büdcəsinə aid müxtəlif məbləğlərdə pullar tez-tez yox olmağa başlamışdır. Ailədaxili araşdırmaları nəticəsində müəyyən etmişlər ki, evlərinə kənardan kimsə daxil olmamış, hər hansı başqa şəxslər evlərinə oğurluğa girməmişdir. Cavabdehdən bu hadisə barədə xəbər aldıqda isə guya onun gözünə evlərində görünən qara geyimli, saqqallı və ucaboylu kişi cinsindən olan bir nəfər, “cin” hesab etdiyi şəxs evlərindən pullarını götürdüyünü, hətta onun özünü belə arxadan əlini atıb sinəsini, qollarını, cırdığını və sairə bildirmişdir. Eyni zamanda evlərindən pul götürülməsinin qarşısının alınması üçün evlərinə quraşdırdıqları videokameranın naqilinin də kəsilərək kameranın işləməsinə mane olunmuşdur. Həmçinin, oğulları Sadiqə, Sabiqə və evlərinə qonaq gəlmiş şəxsə məxsus 3 ədəd olmaqla mobil telefon aparatları da götürülmüşdür. Bundan başqa cavabdeh, bu əməlləri guya onun dediyi kimi “cin” tərəfindən törədilmiş olmasına onları inandırmaq üçün aralı olmaqla iri hərflərlə dəftər vərəqlərinə, adi kağız parçalarına yazılar yazılıb evlərinə atılmışdır ki, həmin yazılarda ona müraciət edilərək gəlini-cavabdehin Gədəbəy rayonunda yerləşən nənəsi Tamellaya məxsus evinə göndərilməsi, onun orda hansısa peyğəmbərə dua edilməsinə imkan verilməsi, bu halda evlərinin pullarının və telefon aparatlarının qaytarılacağı vəd edilmişdir. Ailələrinə qarşı edilən bu müəmmalı hadisənin araşdırılması üçün Şəmkir rayon Polis şöbəsinə əri Bəhman Əkbərov tərəfindən edilən şikayətin təhqiqatçı Musa Cəfərov tərəfindən aparılmış araşdırılması nəticəsində cinayət işinin başlanılması 25.02.2020-ci il tarixli qərarı ilə rədd edilmişdir. Evdəki əşyaların bir hissəsinin yandırılmasından sonra o məcbur olub televiziyanın “Bizimləsən” verilişinə telefonla zəng edərək evlərinə çəkiliş üçün gəlmələrini, bu müəmmalı hadisədən onlara çıxış yolunun tapılmasında köməklik edilməsini xahiş etmişdir. Bir neçə gündən sonra həmin verilişdən gələn nümayəndələr evlərində çəkiliş aparmışlar, ailə üzvləri dindirmişlər, hər birinin xətt nümunələri götürülmüş və onlara və cavabdehin özünə də əminliklə bildirilmişdir ki, bu əməllləri törədən cavabdehin özüdür. Ancaq, onun əlində mötəbər sübutunun olmamasına görə onlara inanmamış və cavabdehin bu əməlləri törədə bilməyəcəyini bildirmişdir. Nəticədə əri Bəhman Əkbərovla evlərini nəzarət altında saxlamağa başlamışlar və bir müddətdən sonra cavabdehin evin içərisində siqaret çəkməsinin, kağız parçalarına yazıları şəxsən özünün yazmasının və otağa atmasının canlı şahidi olmuşlar. Bundan sonra cavabdeh əməllərini könüllü etiraf edərək yalvarıb onun barəsində heç kimə bildirilməməsini, aidiyyəti orqanlara şikayət etməmələrini, evlərində nağd apardığı cəmi 6535 manat məbləğində pulu, mobil telefon aparatlarını qaytaracağını vəd etmişdir. Nəticədə qonağa məxsus olanı telefonu qaytarmış, qalan pulların və telefon aparatlarının nənəsinin evinin damında gizlətməsini yazdığı kağızda olduğunu əyani olaraq bildirməklə evlərindən çıxıb getmiş, bir daha evlərinə qayıtmamışdır. Həmin vaxtdan azyaşlı uşağı da onun və uşağı atasının himayəsində qoymuşdur. Cavabdeh qeyd etdiyi kimi evlərində yanğınlar törətməsi nəticəsində 7x4 ölçülü, dəyəri 300 manat gəvənin bir hissəsini, 4x4 ölçülü 50 manat dəyəri olan daroşqa adlanan ayaqaltına salınan palazın bir hissəsini yandırmaqla istifadələri üçün yararsız hala salmışdır. Nəticədə 350 manat maddi zərər vurmuşdur. Cavabdeh oğulları Sabiq və Sadiq Əkbərovlara məxsus olan kreditlə 3 ay müddətində götürdükləri 480 manata alınmış 1 ədəd “REDMİ NOT-8” və işlənmiş vəziyyətdə olan hazırkı dəyəri 350 manat olan “MEUZE” markalı 1 ədəd mobil telefon aparatlarını da evlərindən aparmışdır ki, ailələrinə ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə, cavabdeh ümumilikdə cəmi 6535 manat məbləğində nağd pullarını, 350 manat dəyərində 2 ədəd gəvə və palazlarını 830 manat dəyərində 2 ədəd mobil telefon aparatlarını evlərindən aparmaqla cəmi 7715 manat məbləğində maddi zərər vurmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və İddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazı məhkəmə baxış iclasında elan olunmuşdur. Etirazında cavabdeh göstərmişdir ki, İddiaçı məhkəmədə ona qarşı məhkəmədə iddia qaldıraraq, ondan evlərindən götürmüş olduğu 6535 manat məbləğində nağd pulun, 7x4 ölçülü, dəyəri 300 manat olan 1 ədəd gəvənin, 4x4 ölçülü 50 manat dəyəri olan daroşqa-palazın, 480 manat dəyəri olan 1 ədəd “REDMİ NOT-8” markalı və dəyəri 350 manat olan 1 ədəd “MEUZE” markalı mobil telefon aparatlarının özlərinin, özləri olmadıqda isə dəyərlərinin, 100 manat dövlət rüsumunun və vəkilə ödənilmiş hüquqi yardıma görə 500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini tamamilə qəbul etmir və hesab edir ki, iddia əsassız olduğundan tamamilə rədd edilməlidir. Belə ki, İddiaçı keçmiş qaynanasıdır. O, Nailənin oğlu X6 ilə 2018-ci ildə qeyri-rəsmi ailə qurmuş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə Fidan adında bir övladları dünyaya gəlmişdir. O, Sadiq və onun valideynləri ilə ayrıldığı günədək Şəmkir şəhəri, Cavanşir küçəsində yerləşən evdə yaşamışdır. Son zamanlar, övladı doğulduqdan sonra qaynanası İddiaçı onları yola verməmişdir və ailələrinə müdaxilələr etməyə başlamışdır. Hər nə qədər narazılıq olsa da, o ailəsini qorumağa çalışmışdır. 2021-ci ilin aprel ayında o öz valideynlərinin yaşadığı Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən evə qonaq gəlmişdir. Həmin vaxt qaynanası övladına soyuq olacağını bildirib uşağı aparmamağını xahiş etmişdir. O, də uşağını özü ilə aparmışdır. 1 gün qalmış və geri qayıtmaq istəyərkən qaynanasıgil ona gəlməməsini bildirmişdir. Həmin vaxtdan valideynlərinin yanında yaşayır. Bundan sonra X6 uşaq tələbi ilə bağlı iddia qaldırmış və Gədəbəy rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş və övladının onun yanında qalmalı olduğunu qeyd edilmişdir. Bundan sonra qaynanası uşağını onun əlindən almaq üçün və bu məqsədlə ona təsir etmək üçün heç bir əsası olmayan məlum iddianı qaldırmışdır. İddiaçı iddia tələbində qeyd etmişdir ki, guya o yaşadığı dövrdə evdən 6535 manat pul götürmüşdür. Lakin bu, tamamilə yalandır. O, birlikdə yaşadığı vaxt ümumiyyətlə iddiaçının pullarının yerini belə bilməmişdir. Pul həmişə qaynanasında olmuşdur. Onun həmin evdən pul götürməsinə dair iddiaçının əlində heç bir mötəbər sübut yoxdur. Ona görə də iddia tələbi bu hissədə rədd edilməlidir. Bundan başqa, iddiaçı bildirir ki, guya o onların gəvəsini, daroşkasını yandırmışdır. O, iddiaçı və onun ailə üzvləri ilə bir evdə yaşayan zaman, evdə yanğın baş vermiş, həmin vaxt yanğın hamısının gözü qarşısında baş vermişdir. O, evdən ayrıldıqdan sonra münasibətləri pisləşdiyinə görə həmin yanğını iddiaçı onun boynuna atmaq istəyir. İddiaçı ona şər böhtan atır. Bundan başqa iddiaçı iddia edir ki, onların evindən iki ədəd mobil telefon oğurlanmışdır. Lakin onun həmin telefonlardan xəbəri olmamış, oğurlanıb-oğurlanmadığı barədə də heç bir məlumatım yoxdur. Həmçinin, iddiaçının iddia tələbini sübut etmək üçün məhkəməyə təqdim etdiyi əlyazmalara bağlı ümumiyyətlə onun yazı yazmaq bacarığı olmamışdır. O, gəlin köçdükdən sonra qaynanası ona yazı yazmağı öyrədəcəyini deyərək, ona yazılar verərək onları başqa vərəqə köçürməsini demişdir. O, da həmin yazıları hərf-hərf başqa vərəqə köçürmüşdür. Savadsız olduğu üçün həmin yazıların nədən ibarət olduğunu və məzmununu başa düşməmişdir. Ona görə də, İddiaçı ona qarşı qaldırdığı iddia tamamilə əsassız olduğundan rədd edilməlidir. O, bu barədə məhkəməyə etiraz ərizəsi də vermişdir. İddiaçı tərəfindən təqdim olunmuş X1 bildirdi ki, iddiaçı onun qaynı arvadıdır. Cavabdeh isə iddiaçının gəlini olmuşdur. O, bir neçə dəfə Nailəgilə getmiş, evdə yalnız cavabdeh olmuşdur. Bir dəfə telefonu, bir neçə dəfə də, 20 manat, 15 manat və 8 manat məbləğində pulları götürülmüşdür. Götürülmüş telefonu cavabdeh ona sonradan qaytarmışdır. O, iddiaçının evindən pulların, telefonların götürülmasini görməmişdir. Ancaq özünə aid olan telefonu bir dəfə cavabdeh ona qaytarmışdır. İddiaçı tərəfindən təqdim olunmuş şahid X3 bildirdi ki, o iddiaçının bacısıdır. O, eşitmişdir ki, bacısı gəlini Aytəkin bacısının evindən pulları və telefonlarını oğurlamış, evini isə yandırmışdır. O, Aytəkin tərəfindən pulların və telefonların oğurlanmasını və ya evinin onun tərəfindən yandırıldığını görməmiş, sadəcə eşitmişdir. İddiaçı tərəfindən təqdim olunmuş şahid X5 bildirdi ki, iddiaçı ilə qonşuluqda yaşayır. Bir-iki il əvvəl qonşuluqda səs-küy eşitmiş, həyətə çıxaraq iddiaçı gilə getmiş, orada maşının altında yanğın görmüşdür. Yanğını söndürmüşlər. O, iddiaçının evindən pulların və ya telefonun götürülməsini görməmiş, sadəcə sonralar bu barədə eşitmişdir. Başqa hər hansı məlumatı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, işdəki sübutları tədqiq edərək işin bütün faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Şəmkir rayon Polis şöbəsinin 25 fevral 2020-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan X2 15.02.2020-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsində, 2020-ci ilin yanvar-fevral ayları ərzində müxtəlif tarixlərdə yaşadığı evdən naməlum şəxslər Tərəfindən 50, 68, 82.5 və 100 manat məbləğində pul oğurlanmasını və ünvan 5 ünvanında yaşayan Cavabdeh 17.02.2020-ci il tarixdə Şəmkir rayon Polis şöbəsinə yazmış olduğu şikayət ərizəsində, 14.02.2020-ci il tarixdə yaşadığı evdə yatarkən, naməlum şəxsin qolların və sinə nahiyyəsini cıraraq ona xəsarət yetirməsini bildirmiş, faktla bağlı araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Cavabdeh iddiaçının oğlu X6 ilə 2018-ci ildən 2021-ci ilin fevral ayınadək qeyri-rəsmi ər-arvad kimi Şəmkir şəhəri, Cavanşir küçəsi 816 nömrəli evdə yaşamışlar. Cavabdehlə iddiaçının oğlu X6 birgə yaşadıqları dövrdə 05.06.2019-cu il təvəllüdlü Fidan adlı uşaqları olmuşdur. 2021-ci ilin fevralında onlar ayrılmışlar. Cavabdeh həmin tarixdən iddiaçıya məxsus evdə yaşamır. İddiaçı cavabdeh tərəfindən pulun və telefonların qanunsuz ələ keçirilməsini, eləcə də ona maddi zərər vurulmasını bildirərək ondan pul tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbini iki qrupa ayırmaq olar: - pul və telefonların dəyərinin tələb edilməsi ilə əlaqədar əsassız varlanmadan irəli gələn tələblər: - maddi zərərin vurulması ilə əlaqədar tələblər. (delikt öhdəliyi üzrə tələb) Azərbaycan Respublikası 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul və telefon və ya onların dəyərini tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün iddiaçı onun pullarının və tələb etdiyi telefonların mövcudluğunu, həmin əmlakların cavabdeh tərəfindən ələ keçirilərək varlanmasını, cavabdehin varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Üzərinə sübutetmə yükü düşən iddiaçı məhkəməyə dindirilmələri üçün üç şahid və əlyazmalar olan dəftər vərəqləri təqdim etmişdir. Məhkəmə şahidlərin ifadələrinə sübutların mümkünlüyü, mənsubiyyəti və aidliyi baxımdan qiymət verərək hesab edir ki, qeyd olunan şahid ifadələri iddiaçının iddia tələbinin əsaslığı qənaətinə gəlinməsi üçün yetərli və mötəbər sübutlar kimi qəbul edilməməlidir. Belə ki, şahidlərin ifadələri sübutetmə predmetinə daxil olan halların varlığının müəyyən edilməsi üçün heç bir məlumatı özündə əks etdirmir. X1 ifadəsində cavabdeh tərəfindən özünə məxsus əmlakın götürülüb- qaytarılmasını, iddiaçının pullarının və telefonlarının isə cavabdeh tərəfindən götürülməsini görmədiyini, digər şahid X3 ifadəsində iddiaçının pullarının və telefonlarının götürülməsini eşitdiyini, şahid X5 isə ifadəsində maşının altında yanğın olub həmin yanğını söndürdüyünü bildirmişdir. Qeyd olunan şahid ifadələri iddia tələbinin əsaslığı və həqiqiliyi nəticəsinə gəlinməsi üçün kifayətedici mötəbər sübut hesab edilə bilməz. Cavabdeh isə izahatında iddia tələbini etiraf etməyərək iddiaçının bildirdiklərini tamamilə təkzib etmişdir. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin əsaslandırmaq üçün təqdim etdiyi əlyazmalara sübutların mümkünlüyü və aidliyi baxımdan qiymətləndirərək həmin əlyazmaları da mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmaların kimin tərəfindən hansı məqsədlə, nə vaxt yazıldığını, həmin əlyazmalarda pullar və telefonların qaytarılması dedikdə nəyin nəzərdə tutulmasını müəyyən etmək mümkün deyildir. Eləcə də, həmin əlyazmaların həqiqi və şübhə doğurmayan məlumatları özündə əks etdirməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, ünvan 3 ünvanında yaşayan X2 15.02.2020-ci il tarixdə Şəmkir rayon Polis şöbəsinə şikayət ərizəsi yazaraq 2020-ci ilin yanvar-fevral ayları ərzində müxtəlif tarixlərdə yaşadığı evdən naməlum şəxslər tərəfindən 50, 68, 82.5 və 100 manat məbləğində pul oğurlanmasını bildirmiş, faktla bağlı araşdırma aparılmış və material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının 480 manat dəyəri olan 1 ədəd “REDMİ NOT-8” markalı və dəyəri 350 manat olan 1 ədəd “MEUZE” markalı mobil telefon aparatları tələb etməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin telefonların övladlarına məxsus olduğunu bildirmişdir. Belə olan halda, iddiaçının həmin əşyaları və ya onların dəyərlərini cavabdehdən tələb etmək üçün subyektiv hüququ da yoxdur. Odur ki, məhkəmə iddiaçının cavabdehədən 6535 manat məbləğində nağd pulun, 480 manat dəyəri olan 1 ədəd “REDMİ NOT-8” markalı və dəyəri 350 manat olan 1 ədəd “MEUZE” markalı mobil telefon aparatlarının özlərinin, özləri olmadıqda isə dəyərlərinin tələb edilməsi hissəsində iddiasını əsassız sayır. Məhkəmə iddiaçının cavabdehdən maddi zərər tələb etməsinə dair iddiasına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarına görə, iddiaçı cavabdehdən maddi zərər tələb etməsi üçün cavabdeh tərəfindən evinin yandırılması və nəticədə 7x4 ölçülü, dəyəri 300 manat olan 1 ədəd gəvənin, 4x4 ölçülü 50 manat dəyəri olan daroşqa-palazın yanması ilə ona zərər vurulduğunu sübut etməlidir. İddiaçı bu hissədə iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün heç bir sübut məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul, vurulmuş maddi zərərin və hüquqi yardına görə ödənilmiş vəsaitin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və digər məhkəmə məsrəfi İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-84/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-84/2022
06.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver