Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-845/2024 02.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona vurduğu ziyana görə 8650 manat məbləğində pulun və ödənilmiş 106.5 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1. və 178.2.4-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə onunla 2020-ci ilin dekabr ayında Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən dairədə görüşərək, dəyərini ödəmək niyyəti olmadığı halda hissə-hissə ona məxsus olan 162 baş xırdabuynuzlu heyvanlarını damazlıq saxlayacağı adı ilə aldadıb bir ay müddətində pulunu ödəyəcəyi barədə yalan vəd verərək razılaşmaqla, etibarından sui-istifadə edib aldadaraq, 2020-ci ilinin dekabr ayının əvvəlində 11200 manat dəyərində 70 baş, hər bir başının qiyməti 160 manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 14 kq olan toğlunu Şəmkir rayonu ərazisində yerləşən Çeyrançöl qışlağından həmkəndlisi X3 məxsus Kamaz-5320 yük markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yığaraq Qazax rayonu, Daş Salahlı kəndində dəyərindən ucuz qiymətə, yəni hər bir başını 85 manata həmin kənd sakini X1 5950 manat, daha sonra 2020-ci ilin dekabr ayının ortalarında 15920 manat dəyərində hər bir başının qiyməti 160 manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 14 kq olan 26 baş toğlu, hər bir başının qiyməti 320 manat təşkil edən yerli erkək cinsindən olan, iki yaşlı, təmiz ət çıxarı 28 kq olan 14 baş qoçu, hər bir başının qiyməti 160 manat təşkil edən yerli dişi cinsindən olan, dördyaşlı, təmiz ət çıxarı 14-15 kq olan 26 baş qoyunu və hər bir başının qiyməti 120 manat təşkil edən yerli cinsdən olan, biryaşlı, təmiz ət çıxarı 13 kq olan 26 baş keçini ünvan 1 ünvanından ələ keçirib yenə həmkəndlisi T.Kazımova məxsus yük maşınına yığaraq Qazax rayonu, Daş Salahlı kəndinə aparıb, orada dəyərindən aşağı qiymətə yəni, 77 baş heyvanın hər bir başını 65 manata həmin kənd sakini X1 ona ümumilikdə 27120 manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (042)-40/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir. Vurulmuş ziyandan 18500 manatın ödənilməsi ilə bağlı iddia qaldırmışdır. Həmin mülki işə baxılarkən cavabdeh 2350 manat qaytarmış, yerdə qalan 16150 manat pulun qaytarılması ilə bağlı Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 67/2023 saylı qətnaməsi qəbul edilmişdir. Hal- hazırda cavabdehdən ona vurulmuş ziyanın qalan hissəsinin, yəni 8650 manatın da ödənilməsini istəyir (27150-18500=8650 manat). Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ona vurduğu ziyandan 18500 manatının ödənilməsini tələb edərkən, həmin pulun tam ödəniləcəyi təqdirdə digər hissəsini bağışlayacağını bildirmişdir. Lakin cavabdeh pulu ödəmədiyinə görə ona vurulumuş ziyanın tam ödənilmsəini tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(042)- 40/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-67/2024 saylı qətnaməsindən görünür ki, iddiа tələbinin qismən təmin edilməsi, Cavabdeh 16150 manat və ödənilmiş dövlət rüsumunun 139 manat hissəsi, cəmi, 16289 manat alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona 8650 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir. Məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(042)-40/2021 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 3 ünvanında yaşayan İddiaçı ilə 2020-ci ilin dekabr ayında dəqiq tarixi məlum olmayan vaxtda Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən dairədə görüşərək, dəyərini ödəmək niyyəti оlmаdığı halda hissə-hissə ona məxsus olan 162 baş xırdabuynuzlu heyvanlar damazlıq saxlayacağı adı ilə aldadıb bir ay müddətində pulunu ödəyəcəyi barədə yalan vəd verərək razılaşmаqlа, etibarından sui-istifadə edib aldadaraq, 2020-ci ilinin dekabr ayının əvvəlində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda 11200 (on bir min iki yüz) manat dəyərində 70 (yetmiş) baş, hər bir başının qiyməti 160 (bir yüz altmış) manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 14 kq olan toğlunu Şəmkir rayonu ərazisində yerləşən Çeyrançöl qışlağından həmkəndlisi X3 məxsus Kamaz-5320 yük markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yığaraq Qazax rayonu, Daş Salahlı kəndində dəyərindən ucuz qiymətə, yəni hər bir başını 85 (səksən beş) manata həmin kənd sakini X1 5950 (beş min doqquz yüz əlli) manat, daha sonra 2020-ci ilin dekabr ayının ortalarında dəqiq tarixi məlum olmayan vaxtda 15920 (on beş min doqquz yüz iyirmi) manat dəyərində hər bir başının qiyməti 160 (bir yüz altmış) manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 14 kq olan 26 baş toğlu, hər bir başının qiyməti 320 (üç yüz iyirmi) manat təşkil edən yerli erkək cinsindən olan, iki yaşlı, təmiz ət çıxarı 28 kq olan 14 baş qoçu, hər bir başının qiyməti 160 (bir yüz altmış) manat təşkil edən yerli dişi cinsindən olan, dördyaşlı, təmiz ət çıxarı 14-15 kq olan 26 baş qoyunu və hər bir başının qiyməti 120 (bir yüz iyirmi) manat təşkil edən yerli cinsdən olan, biryaşlı, təmiz ət çıxarı 13 kq olan 26 baş keçini ünvan 1 ünvanından ələ keçirib yenə həmkəndlisi T.Kazımova məxsus yük maşınına yığaraq Qazax rayonu, Daş Salahlı kəndinə aparıb, orada dəyərindən aşağı qiymətə yəni, 77 baş heyvanın hər bir başını 65 (altmış beş) manata həmin kənd sakini X1 sonuncudan 5000 (beş min) manat alaraq əldə etdiyi pulları şəxsi borclarını ödəməklə, zərərçəkmiş şəxsə ümumilikdə 27120 (iyirmi yeddi min yüz iyirmi) manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan X6 ilə 09 dekabr 2020-ci il tarixdə sonuncunun yaşadığı ünvanda görüşərək, dəyərini ödəmək niyyəti оlmаdığı halda, ona məxsus olan 59 (əlli doqquz) baş xırdabuynuzlu heyvanları damazlıq saxlayacağı adı ilə aldadıb bir ay 15 gün müddətində pulunu ödəyəcəyi barədə yalan vəd verərək razılaşmаqlа, etibarından sui-istifadə edib aldadaraq, 10 dekabr 2020-ci il tarixdə 12980 (on iki min doqquz yüz səksən) manat dəyərində 59 (əlli doqquz) baş, hər bir başının qiyməti 220 (iki yüz iyirmi) manat təşkil edən yerli dişi cinsindən olan, biryaşlı, təmiz ət çıxarı 20-21 kq olan qoyunu Gədəbəy rayonu Düzyurd kəndindən İ.Əliyevin yaşadığı ünvandan həmkəndlisi X3 məxsus Kamaz-5320 yük markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yığaraq Qazax rayonu, Daş Salahlı kəndində dəyərindən ucuz qiymətə, yəni hər bir başını 100 (bir yüz) manata həmin kənd sakini X2 5900 (beş min doqquz yüz) manat alaraq əldə etdiyi pulları şəxsi borclarını ödəməklə, zərərçəkmiş şəxsə ümumilikdə 12980 (on iki min doqquz yüz səksən) manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddəsi ilə ittiham edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(042)-40/2021 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-ci maddəsinə əsasən, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi məhkəmə hökmü ilə Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək İddiaçı 27120 manat məbləğində ziyan vurması müəyyən edilmişdir. . Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(042)-40/2021 saylı hökmü hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 avqust 2022-ci il tarixli qərarına əsasən müəyyən olunmuşldur ki, “Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar, ilk növbədə, qeyd edir ki, Plenumun bir sıra qərarlarında məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipinin qorunmalı olduğu bildirilir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Belə ki, S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarda qeyd edilmişdir ki, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericilik normalarına riayət edilməklə həll olunması mahiyyəti üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənliyin əsas amili tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanının olmamasından ibarətdir. Qeyd olunmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsinə əsasən, hüquqi müəyyənlik prinsipi müxtəlif formalarda və kontekstlərdə, o cümlədən mübahisəli məsələnin həllinə yekun vurmuş məhkəmə qərarlarının şübhə altına alınmaması tələbində özünü göstərir. Hüquqi müəyyənliyin bu aspekti bir qayda olaraq, məhkəmə qərarlarına münasibətdə res judicata prinsipinə riayət olunmasını tələb edir. Həmin prinsip isə, öz növbəsində məhkəmə qərarlarının qəti olmasını və proses iştirakçılarının, o cümlədən, işdə zərərçəkmiş şəxs qismində çıxış edən şəxslərin hüquqlarını təmin edərək, məhkəmə sisteminin sabitliyinə, cəmiyyətin məhkəmə hakimiyyətinə inamının artmasına şərait yaradır (Guðmundur Andri Ástráðsson İslandiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 2020-ci il 1 dekabr tarixli Qərarı, § 238). Qeyd olunmalıdır ki, res judicata ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Birincisi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, yəni orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğun gəlməsi prezumpsiyası (res judicata pro veritate habetur) da məhkəmə qərarının məcburiliyi ilə bağlıdır. Yəni qanuni qüvvəyə minmiş qərarın məzmununu rəsmi şəkildə şübhə altına almaq, onun icrasından imtina etmək yolverilməzdir. Qeyd etmək lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür. Lakin eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qeyri-sabitliyinin konstitusion hüquqi müəyyənlik prinsipinə zidd olduğu və bütövlükdə hüquq sisteminin qeyri-sabitliyinə gətirib çıxardığı da vurğulanmalıdır. Ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi müstəsna tədbir kimi nəzərdən keçirilməlidir. İkincisi, məhkəmə qərarının qanuni qüvvəyə minməsi məhkəmə qərarı ilə həll edilmiş faktlar üzrə prosesin təkrarlanmasını istisna edir. Bu nəticə pozitiv və neqativ mənada özünü göstərə bilər. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarı). Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı preklyuziv effekt (exceptio rei judicatae) yaradır. Başqa sözlə, res judicata qaydasının tətbiqi daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qərarında həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir. Qeyd etmək lazımdır ki, roman-german hüquq sisteminə daxil olan əksər ölkələrin prosessual hüquq elmi və təcrübəsində məhkəmə qərarına dair res judicata qaydasının tətbiqi həmin qərarın formal və maddi mənada qüvvəyə minməsi ilə də xarakterizə olunur. Formal mənada res judicata haqqında qəbul olunmuş məhkəmə qərarını eyni proses çərçivəsində artıq mübahisələndirmək (etiraz etmək) mümkün olmadıqda, məsələn, məhkəmə qərarından şikayət vermək müddəti başa çatdıqda və ya verilmiş şikayət (protest) geri götürüldükdə, bəhs etmək olar. Məhkəmə qərarının formal olaraq qanuni qüvvəyə minməsinin iki nəticəsi var: qərar icra olunur və qərarın maddi mənada qanuni qüvvəyə minməsi (preklyuziv təsiri) baş verir. Məhkəmə qərarının maddi mənada qüvvəyə minməsi həmin qərarın məzmununa aiddir və onu göstərir ki, artıq qərarın çıxarılması ilə başa çatmış prosesin predmeti olmuş faktlar, bir daha məhkəmə prosesinin və müvafiq olaraq, məhkəmə qərarının predmeti kimi çıxış edə bilməz.” Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı 27120 manat məbləğində ziyan vurması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edildiyindən və həmin əməli törətməkdə təqsirli bilindiyindən bu hal sübut olunmuş hesab olunmalı və yenidən sübut etmə predmeti olmamalıdır. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 67/2024 saylı qətnaməsi ilə vurulmuş ziyandan 16150 manat hissəsinin cavabdehdən tutulması qət edilmiş və həmin qətnamə ilə cavabdeh tərəfindən vurulmuş ziyanın 2350 manat hissəsinin ödənilməsi müəyyən edilmişdir. Odur ki, iddiaçı Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(042)-40/2021 saylı hökmü ilə müəyyən edilmiş, tələb edilməmiş və ödənilməmiş qalan 8650 manat məbləğində zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 8650 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 8650 (səkkiz min altı yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş 106.5 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-845/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-845/2024
02.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver