Məhkəmə qərarları › İş №2(042)-882/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-882/2020

07.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-882/2020 07.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına qoyulan maneələrin aradan qaldırılması, açarların alınaraq, ona verilməsi və evə köçürülmə tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən evinə çıxarış verilməsi üçün ölçmə işlərinə ediləcək müdaxilələrin və maneələrin aradan qaldırılması, cavabdehdə olan evin açarlarının alınıb verilməsi və evə köçürülmə tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onun Gədəbəy rayonunun Alnabat kəndində özünə məxsus fərdi yaşayış evi və 0.3366 ha torpaq sahəm var. Həmin torpaq sahəsinin onun mülküyyətində olmasına dair DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən plan və ölçü sənədi almış, və tam olaraq həmin torpaq sahəsi onun mülküyyətindədir. Cavabdehin şəxsi evi və ayrı təsərüfatı vardır. X1 vəfat etdikdən sonra mirası o qəbul etmiş və evdə yaşamışdır. Lakin cavabdeh onu evdən qovmuşdur. O, fərdi yaşayış evinə çıxarış almaq istəsə də Azərbaycan Respubilkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyester Xidmətinin Ərazi idarəsinin mütəxəsisləri mübahisə olduğu üçün ölçmə işləri aparmaqdan imtina etmişlər. İmtinaya səbəb kimi cavabdehin ölçü işlərinin aparılmasına icazə vermədiyi qeyd edilmiş və ona yaranmış mübahisənin həll edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini etiraf etmiş, izahat verərək bildirmişdir ki, Azərbaycan Respubilkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyester Xidmətinin Ərazi idarəsinin mütəxəsislərinin işlərinə heç bir müdaxilə etməyəcəkdir. Anasının həmin evdə yaşamasına etiraz etmir. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, İddiaçı Gədəbəy rayonunun Alnabat kəndində fərdi yaşayış evi və 0.3366 ha torpaq sahəsi var. Cavabdeh şəxsi evi və ayrı təsərüfatı vardır. İddiaçı X1 vəfat etdikdən sonra mirası o qəbul etmiş və evdə yaşamışdır. Lakin Cavabdeh onu evdən qovmuşdur. O, fərdi yaşayış evinə çıxarış almaq istəsə də Azərbaycan Respubilkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyester Xidmətinin Ərazi idarəsinin mütəxəsisləri mübahisə olduğu üçün ölçmə işləri aparmaqdan imtina etmişlər. İşdə olan Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan Arxiv Arayışının surətindən görünür ki, 2001-2005-ci illərə dair Əli İsmayıl kənd İƏD üzrə nümayəndəliyin 01 saylı təsərrüfatbaşına kitabın 464-cü şəxsi hesabında X2 adına 0.25 ha torpaq sahəsi, 66 kv.m ümumi sahəsi, 48 kv.m yaşayış sahəsi olan ev qeyd edilmişdir. İşdə olan X4 surətindən görünür ki, X9 və X5 xx.xx.1954-cü il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Hümbətova soyadı verilmişdir. İşdə olan DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş məktubun surətindən görünür ki, Cavabdeh adına torpaq sahəsinin plan və ölçü sənədi işlənmiş və aparılan araşdırılma zamanı mübahisəli hal aşkar edildiyindən əmlakın dövlət reyestrində qeydiyyının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahid ifadəsini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə iddia tələbini etiraf etmişdir. Ona görə də, iddia tələbləri təmin edilməli, İddiaçı adına olan evə çıxarış verilməsi üçün ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalı, Cavabdeh olan evin açarları alınaraq, İddiaçı verilməli və İddiaçı Gədəbəy rayonunun Alnabat kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri təmin edilsin. İddiaçı adına olan evə ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın, Cavabdeh olan evin açarları alınaraq, İddiaçı verilsin və İddiaçı Gədəbəy rayonunun Alnabat kəndində yerləşən evə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar