Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-882/2022 12.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayonu, Qaradağ kənd İƏD üzrə nümayəndəsi Paşa Musayevin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “su xəttinin bərpa edilməsinə edilən müdaxilələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan, kəndin yuxarı hissəsində qurumuş çay yatağında yerləşən bulağın mənbəyindən onun yaşadığı evə gələn su xəttinin onun tərəfindən bərpa edilməsinə Cavabdeh yaratdığı hər cür müdaxiləyə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X15 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, ailə üzvlərində birlikdə Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Həmin kənddə iddiaçıya məxsus fərdi yaşayış evləri vardır. 40 il bundan əvvəl yaşadıqları kənddən təxminən 1500-2000 metr məsafədən mərhum atası X3 yaşadıqları evə su boruları ilə su çəkdirmişdir. Mərhum atası bulağın mənbəyində su baseyni tikmişdir. Suyun mənbəyi Qaradağ kəndinin yuxarı hissəsində qurumuş çay yatağında yerləşir. Həmin vaxtdan 2019-cu ilədək onlar həmin sudan istifadə etmişlər. 2019-cu ilin iyun ayında yağış suları nəticəsində çaydan gələn sel daşqını su hovuzunun bir hissəsini dağıtmışdır. Bundan sonra o, X12, X18, X16 və həmkəndililəri X22 birlikdə 10 gün işləyərk həmin bulağın mənbəyində su hovuzunu bərpa etmək üçün çala qazmışlar. Çala qazıldıqdan sonra onların xəbəri olmadan gecə ilə Qaradağ kənd sakini hazırda cavabdeh olan Cavabdeh özbaşına olaraq həmin suyun mənbəyində betondan kiçik həcmli su baseyni tikdirmişdir. Cavabdeh onlar qazdıqları çalada su hovuzunu tikərək orada iki ədəd rezin boru ilə su xətti qoymuşdur. Su xəttinin birini özü üçün, digərini isə onlar üçün qoymuşdur. Lakin həmin vaxtdan, yəni 2019- cu ildən indiyədək Cavabdeh onlar üçün ayırılmış su xətti ilə heç vaxt su gəlməmişdir. Bu günədək çoxsaylı müxtəlif orqan və təşkilatlara problemin həlli ilə bağlı müraciətlər etsələr də, heç bir müsbət nəticə olmamışdır. Hər dəfə o bulağın mənbəyində iş aparıb onların yaşadıqları evə çəkilmiş su borusu ilə suyun bərpa olunmasına cəhd etsə də, cavabdeh dava-dalaş salıb münaqişə yaradaraq buna imkan verməmişdir. Bu gün də cavabdeh onlara su xəttinin bərpa edilməsinə imkan vermir, onları nalayiq söyüşlərlə təhqir edir. Nəticədə o və ailə üzvləri sudan məhrum olmuşlar. Bu barədə Qaradağ kənd İƏD üzrə nümayəndəliyi və Arıxdam bələdiyyəsinin də məsul şəxsləri xəbərdardır. Hazırda o yaşadığı evə gələn su xəttinin bərpa edilməsi üçün cavabdehin yaratdığı müdaxilələrə son qoyulmasını istəyir. Cavabdehin yaratdığı müdaxilə sözügedən bulağın mənbəyində qazıntı işləri apararaq onun yaşadığı evə gələn su xəttini bərpa etməyə imkan verməməsindən ibarətdir. Ona görə də, mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Mübahisəli bulaq onun yaşadığı evin yaxınlığında yerləşir. O, uzun müddətdir ki, həmin su mənbəyindən istifadə edir. İddiaçının özünün istifadə etdiyi başqa su xətti vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayonu, Qaradağ kənd İƏD üzrə nümayəndəsi Paşa Musayev məhkəmə iclasında bildirdi ki, mübahisəli su mənbəyi Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan, qurumuş çay yatağında yerləşir. Həmin çay yatağı dövlət mülkiyyətində olan torpaq sahəsidir. O, kəndin bələdiyyə sədri ilə birlikdə tərəflərlə söhbətlər aparmış və həmin su mənbəyindən bərabər şəkildə istifadə etmələri tövsiyə olunmuşdur. Lakin, tərəflərin hər ikisi də su mənbəyinin onlara məxsus olduğunu bildirmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayonu, Arıxdam bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy rayonu, Arıxdam bələdiyyəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X10 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. İddiaçının tanıyır. İddiaçı ilə 400 manat məbləğində Qaradağ kəndinin yuxarı hissəsində qurumuş çay yatağında yerləşir su mənbəyində çala qazılması və su mənbəyinin bərpa edilməsi barədə razılaşmışlar. Bundan sonra o həmin su mənbəyində 10 gün müddətində işləmiş və su mənbəyinin bərpa edilməsi üçün çala qazmışlar. 10 gün tamam olduqdan sonra cavabdeh ona bir də burda işləməməsini bildirmişdir. Daha sonra isə cavabdeh onların çala qazdıqları yerdə kiçik həcmli su baseyni inşa etdirmişdir. X2 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Cavabdeh onun bibisinin əridir. Mübahisəli su mənbəyindən hamı istifadə etmişdir. Su mənbəyində çalanı iddiaçının qazdırdığını bilmiş, lakin, özü görməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı, X15 və Cavabdeh Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatdadırlar. İşdə olan qonşular X5, X1, X7, X4, X8 və X9 iştirakları ilə tərtib edilmiş qonşuluq atından görünür ki, onlar təsdiq etmişdir ki, Cavabdeh və ailə üzvləri evlərinin yanında olan bulaqdan 1976-cı ildən istifadə etmişdir. Həmin vaxtdan həmin bulaq Cavabdeh məxsusdur. Həmin bulağı sel dağıtmış və Cavabdeh öz vəsaiti hesabına həmin bulağın başına baseyn düzəltmişdir. Hazırda həmin bulaqdan qonşular da istifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və X13 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçı iddia ərizəsində qeyd etdiyi mübahisələndirilən su obyektindən istifadə etmək hüququ olmalıdır və bu hüquqdan istifadə etməsinə cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli su mənbəyi Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində olan, qurumuş çay yatağında yerləşir. Gədəbəy rayonu, Qaradağ kənd İƏD üzrə nümayəndəsi Paşa Musayev həmin çay yatağının dövlət mülkiyyətinə aid torpaq sahəsi olduğunu bildirdi. İddiaçı isə məhkəmədə iddia qaldıraraq onların uzun müddətdir ki istifadə etdikləri həmin su mənbəyində cavabdeh tərəfindən onların qazdıqları çalada su baseyni inşa etdirilərək onların həmin su mənbəyindən istifadəsinə imkan vermədiyini bildirmiş və mübahisəli su mənbəyindən onun yaşadığı evə gələn su xəttinin bərpa edilməsinə cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli su mənbəyindən istifadə etməsinə edilən maneələrin aradan qaldırılmasını tələb etməsi üçün onun həmin su mənbəyinə qanuni əsaslarla istifadə etmək hüququ olmalıdır. İddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli su obyektindən istifadə etmək hüququnun mövcud olmasına dair məhkəməyə heç bir hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən su obyektindən iddiaçının istifadə etmək hüququnun olmasına dair heç bir müəyyənedici sənəd olmadığından onun həmin su mənbəyindən evinə su xəttinin bərpa edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək, yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasım və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri bələdiyyənin səlahiyyətlərinə aid etmişdir. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10cu maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar, habelə yaşayış məntəqələri daxilində ümumi istifadədə olan içməli məqsədlər üçün istifadə olunan bulaqlar, quyular, kəhrizlər istisna olunmaqla bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə olunur. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının su qanunvericiliyi və digər müvafiq qanunvericilik aktları, bələdiyyə aktları ilə müəyyən edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan pullu istifadənin əsas məqsədi aşağıdakılardır; bələdiyyə ərazisindəki su ehtiyatlarından səmərəli istifadənin təmin olunması; suyun dəqiq uçotunun aparılması; su təchizatına yönəldilmiş xərclərin ödənilməsi; suvarma və su kəmərləri sistemlərinin yeni avadanlıqlarla təchiz olunmasının yaxşılaşdırılması; yeni su mənbələrinin yaradılması. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan istifadə haqqı və onun diferensiallaşdırılması suyun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli, texniki, suvarma və s.), su ehtiyatlarının və ona tələbatın fəsillər üzrə dəyişkənliyindən, su təsərrüfatı obyektinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin dispozitiv şərtlərinin qanuni əsası olmadığından iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 100 manat dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi rədd olunduğundan iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “su xəttinin bərpa edilməsinə edilən müdaxilələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-882/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-882/2022
12.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver