Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-889/2022 26.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 740 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. Fərdi olaraq kənd təsərrüfatı və heyvandarlıqla məşğul olur. 26 iyun 2022-ci ildə Gədəbəy rayonunda yerləşən “Mal bazarı” adlanan ərazidən Gədəbəy rayonu, Leşkər kənd sakini Cavabdeh bir baş erkək dana almışdır. Dananın qiymətini 740 manata razılaşmışlar. Həmin vaxt cavabdeh ona danada heç bir qüsur olmadığını bildirmişdir. O, dananı aldıqdan sonra kökəlməsi ilə əlaqədar iynə vurdumuşdur. O, danını həyətinə gətirdiyi və həmin axşamdan görmüşdür ki, dana yaxşı otlamır. 9 gün gözləmiş və danının yenə otlamadığı görmüşdür. Bundan sonra özü cavabdehin yaşadığı evə getmiş və satdığı dananın otlamadığını bildirərək heyvanını özünə təhvil verməyi və pulunu qaytarmağı təklif etmişdir. Cavabdeh isə ona "dananı qaytarma, onsuz da pulunu verməyəcəm, hara istəyirən şikayət et" demişdir. Bundan sonra o 06 iyul 2022-ci il tarixdə axşam saat 9 radələrində maşın tutaraq danını cavabdehin yaşadığı ünvana aparmış və heyvanı onun həyətinə düşürmüdür. Həmin vaxt cavabdeh dananı ağacla döyərək məhbəsinə qovmüş və onu söyüb-təhqir etmişdir. O, heyvanı cavabdehə qaytararkən yanında həmkəndlisi X4 və X5 olmuşdur. Qalib Cəbrayılov sürücü kimi maşını sürmüş, Mehriban Məmmədov isə ona danını maşına mindirib-düşürməkdə köməklik etmişdir. Eyni zamanda bununla bağlı 07 iyul 2022-ci ildə polisə ərizə ilə müraciət etmiş, eləcə də DİN-in "102" xidməti zəng mərkəzinə məlumat vermişdir. Müraciəti ilə bağlı araşdırma aparılaraq ona məsələnin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyim izah edilmişdir. Hal-hazırda o cavabdehdən aldığı heyvanı onun özünə qaytarmış, buna baxmayaraq o cavabdehə verdiyi 740 manat məbləğində pulunu geri qaytarmamışdır. Hesab edir ki, cavabdeh 740 manat məbləğində əsassız olaraq varlanmışdır. Ona görə də, o pulunu cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Leşkər kəndində yaşayır. O, ona məxsus dananı Gədəbəy rayonunda yerləşən “Mal bazarı” adlanan ərazidə İddiaçı 740 manata satmışdır. O, dananı cavabdehə satan zaman danada heç bir qüsur olmamışdır. Həmin vaxtdan bir ay sonra iddiaçı onun evinə gəlmiş, lakin o evdə olmadığından iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlamış, iddiaçı ona dananın xəstə olduğunu və qaytarmaq istədiyin bildirmişdir. O, isə bununla razılaşmayaraq dananı satdığı vaxt heç bir probleminin olmadığını və dananı geri almayacağını və pulu qaytarmayacağını bildirmişdir. İddiaçı ilə telefonla daşıdıqdan bir gün sonra iddiaçı həmin dananı gətirib onun evinin həyətinə düşürərək getmişdir. Həmin zaman dana pis vəziyyətdə olmuş və bir gün sonra ölmüşdür. O, dananı iddiaçıya satan zaman sağlam olmuş, heç bir problemi olmamışdır. İddiaçı dananı aldıqdan təxminən 4 həftə sonra qaytarmışdır. İddiaçın danaya baytarlıqdan kökəltmə iynəsi alıb vurmuşdur. Dananın ölməsinə həmin iynənin vurulması da səbəb ola bilər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. İddiaçı ona cavabdehdən aldığı dananı geri qaytarmaq istədiyini bildirmiş və onlar ona məxsus maşınla dananı aparıb cavabdehin həyətinə düşürmüşdür. Cavabdeh isə həmin heyvana görə iddiaçıya pul qaytarmayacağını bildirmişdir. Onlar dananı qaytaran zaman dana arıq vəziyyətdə olmuşdur. Dananı nə vaxt aparmaları dəqiq yadında olmasa da, təxminən, 2022-ci ilin iyul aynın axırlarına təsadüf etmişdir. X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. Bazarda cavabdehin iki baş satılıq danası olmuşdur. Həmin vaxt ona bir baş damazlıq üçün dişi dana lazım olmuşdur. Ona görə də, cavabdehdən bir baş dişi dana almışdır. Onun cavabdehdən aldığı dana sağlam olmuşdur. Dananın heç biri problemi çıxmamışdır. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy rayonu, Gərgər kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. İddiaçı cavabdehdən aldığı dananı xəstə olduğuna görə qaytaraq istədiyini bildirmiş və onlar həmin dananı aparıb cavabdehin həyətinə düşürmüşlər. Dananı nə vaxt aparmaları dəqiq yadında olmasa da, təxminən, 2022-ci ilin iyul aynın axırlarına təsadüf etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nağıyev X7 rayonu, Gərgər kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 27 iyul 2022-ci il tarixli, məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə etdiyi xx.xx.2022-ci il tarixli müraciəti araşdırılmış, aşdırma zamanı Gədəbəy rayonu, Leşkər kənd sakini Razim adlı şəxsdən 780 manat dəyərində aldığı heyvanın xəstə olması səbəbindən heyvanı geri qaytarıb pulunu ala bilməsi ilə bağlı Gədəbəy rayon Polis şöbəsinin rəisi tərəfindən qəbul edilərək bu barədə ona izahlar verilmişdir. Eləcə də, ona tələbi mülki xarakterli tələb olduğundan dəymiş ziyanın ödənilməsi ilə bağlı şahid və sübutları ilə birlikdə rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. Məhkəmədə tərəflərin izahatı və şahid ifadələri ilə müəyyən edildi ki, iddiaçı 26 iyun 2022-ci il tarixdə Gədəbəy rayonu ərazisində “Mal bazarı” adlana ərazidə cavabdehdən 1 baş dananı 740 manat məbləğində pulu ödəməklə almaq barədə razılaşmışlar. İddiaçı 740 manat məbləğində pulu cavabdehə vermiş və həmin vaxt cavabdeh isə ona məxsus alğısatqı müqaviləsinin predmeti olan bir baş dananı iddiaçının mülkiyyətinə vermişdir. Lakin, şifahi olaraq alğı-satqı müqaviləsi bağlandıqdan bir müddət sonra, yəni 24 iyul 2022-ci il tarixdə iddiaçı dananın xəstə olduğuna görə otlamamasının bildirərək heyvanı cavabdehin yaşadığı ünvana gətirmiş, cavabdehin iradəsi ziddinə onun həyətinə düşürərək getmişdir. Heyvan bir müddət sonra ölmüşdür. Hazırda, iddiaçı həmin dananın alğı-satqı müqaviləsi bağlandığı zaman və ya ondan əvvəl xəstə olduğunu iddia etmiş və məhkəmə də iddia qaldıraraq həmin dananın alğı-satqısı zamanı cavabdehə verdiyi 740 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini tələb edir. Eləcə də, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində və izahatında heyvanı cavabdehə 06 iyul 2022-ci il tarixdə qaytardığını bildirsə də, heyvanın qaytarılmasında iştirak edən şahidlər ifadələrində heyvanı iyul ayının axırlarında qaytardıqları bildirmişlər, eləcə də, iddiaçı heyvanı qaytardığı vaxt Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Polis şöbəsindən iddiaçıya ünvanlanmış məktubda müraciətin tarixi 24 iyul 2022ci il kimi qeyd edilmişdir. Odur ki, məhkəmə heyvanın cavabdehə qaytarılması tarixini 24 iyul 2022-ci il tarixi olmasını inandırıcı hesab edir. Məhkəmə alğı-satqı müqaviləsi ilə əlaqədar aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Qeyd edilən hüquq normalarına əsasən, alğı-satqı müqaviləsi dedikdə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi başa düşülür və əşya alıcıya təhvil verildiyi məqamda icra edilmiş sayılır. Həmçinin heyvanların alğı-satqısı ilə əlaqədar da həmin müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 609.1-ci maddəsinə əsasən, heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. 609.3. Yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.1. cıdır və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti ilə; 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; 609.3.3. qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə; 609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə. 609.4. Digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 1 baş dananı 740 manat məbləğində pulu ödəməklə almaq barədə razılığa gəlmiş, iddiaçı 740 manat məbləğində pulu cavabdehə vermiş və həmin vaxt cavabdeh isə ona məxsus bir baş dananı iddiaçının mülkiyyətinə vermişdir. İddiaçı ilə cavabdeh arasında heyvanın alğı-satqısına dair razılıq əldə olunarkən və həmin heyvan iddiaçıya təhvil verilərkən sağlam olmuş, bunun xəstəliyi olması ilə əlaqədar sübutlar təqdim edilməmiş, eləcə də, iddiaçı inəyin sağlamlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar həkimə müarciət etmədiyini bildirmişdir. İddiaçı alğısatqı müqaviləsi bağlandıqdan sonra heyvanının otlamamasını və xəstə olduğunun müəyyən edildiyini bildirsə də, həmin heyvanın hansı xəstəlinin olması, xəstəliyin heyvanı aldığı məqamadək yaranan səbəblərdən əmələ gəldiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmədi. Mübahisəli heyvanın xəstəliyinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 609.1-ci maddəsində heyvan alğı-satqısı zamanı nəzərdə tutulmuş qarantiya müddətlərinin tətbiqi də mümkün deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və cavabdeh arasında bir baş iribuynuzlu heyvanın alğı-satqısına dair müqavilə bağlandığı andan heyvanın iddiaçının sahibliyinə verildiyi vaxtdan mübahisəli heyvan iddiaçının mülkiyyəti hesab edilmişdir. Məhkəmə heyvanın alqı-satqı müqaviləsi bağlandıqdan və mülkiyyətinə keçdikdən sonra cavabdehin iradəsi ziddinə heyvandan imtina edərək onu cavabdehin həyətinə aparmasından sonra heyvanın ölməsi riskini də iddiaçı daşımış, bu hadisədə də cavabdehin mülki hüquqi məsuliyyəti müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Odur ki, qeyd olunan bu hal mülkiyyətçinin öz mülkiyyətindən imtinasi kimi qəbul edilməli, xoşa gəlməz nəticəyə və itkiyə görə məsuliyyət də iddiaçının öz üzərində saxlanılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hazırki iddia tələbini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumun İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-889/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-889/2022
26.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver